D-8 təşkilatına üzvlük iqtisadi-siyasi əlaqələri daha da gücləndirə bilər
Siyasət

D-8 təşkilatına üzvlük iqtisadi-siyasi əlaqələri daha da gücləndirə bilər

Ötən həftə Ankarada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın geniş tərkibdə görüşü zamanı dost və qardaş ölkənin lideri çıxışının sonunda bir məsələni diqqətə çatdırdı.

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın D-8-ə (Developing-8) üzvlük müraciətini dəstəklədiyini bildirib: "Bəzi tərəddüdləri olan Misir başda olmaqla, D-8 üzvləri arasında bu istiqamətdə təşəbbüslər irəli sürdüm və irəli sürməkdə də davam edəcəyik".

Qeyd edək ki, D-8 və yaxud "İslam səkkizliyi" Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya, Pakistan və Türkiyəni bir araya gətirən iqtisadi əməkdaşlıq təşkilatıdır.

Təşkilatın yaradılmasında əsas məqsəd üzv dövlətlərin dünya iqtisadiyyatındakı vəziyyətinin yaxşılaşdırılması, ticarət münasibətlərində şaxələndirmə və yeni imkanların yaradılması, o cümlədən beynəlxalq səviyyədə qərar qəbul edilməsində fəallığın artırılması və həyat səviyyəsinin yüksəldilməsidir.

D-8-i yaratmaq təşəbbüsü ilk dəfə Türkiyə Respublikasının ovaxtkı baş naziri Necmettin Erbakan tərəfindən irəli sürülüb. 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın iştirakı ilə "inkişaf üçün əməkdaşlıq" mövzusunda keçirilən seminarda nazir N.Erbakan bu təşəbbüslə çıxış edib. Bu konfrans D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması yolunda ilk addım idi. Bir sıra hazırlıq görüşlərindən sonra təşkilat rəsmi olaraq quruldu və 15 iyun 1997-ci ildə İstanbulda dövlət və hökumət başçılarının sammitində İstanbul bəyannaməsi ilə fəaliyyətə başladı. Həmin bəyannaməyə görə,  D-8-in əsas məqsədi bu prinsiplərə uyğun olaraq sosial-iqtisadi inkişafı nəzərdə tuturdu: münaqişə əvəzinə sülh, qarşıdurma əvəzinə dialoq, istismar yerinə əməkdaşlıq, ikili standartlar yox, ədalət, ayrı-seçkilik əvəzinə, bərabərlik, zülm əvəzinə, demokratiya.

Xatırladaq ki, 2017-ci il oktyabrın 20-də İstanbulda inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) "Əməkdaşlıq yolu ilə imkanları artırmaq" devizi altında IX Zirvə görüşü keçirilib.  Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib.  Dövlətimizin başçısı Zirvə görüşündə Azərbaycanın beynəlxalq miqyaslı layihələrin təşəbbüskarı və fəal iştirakçısı olduğunu, dünyanın ən böyük infrastruktur layihələrindən birinin - Cənub Qaz Dəhlizinin icraçısı olduğunu diqqətə çatdırıb. Həmçinin Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun Avropa ilə Asiyanı birləşdirən ən qısa yol olmasını və Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasına böyük sərmayələr qoyduğunu vurğulayıb.

Azərbaycan D-8 təşkilatına üzv olmaq üçün ötən il müraciət edib. Bəs Azərbaycanın bu təşkilata qoşulması ölkəmiz üçün nələri vəd edir?  İlk növbədə nəzərə çatdıraq ki, respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıya qoyulan prioritet vəzifələrdən biri nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək və tədricən həmin qurumların fəal üzvünə çevrilmək olub. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra xarici siyasət kursunun əsasları müəyyənləşdirildi və ölkəmizin beynəlxalq aləmə inteqrasiyası tədricən sürətləndi. Bu gün respublikamızın müstəqil dövlət kimi nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Qoşulmama Hərəkatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və çoxlu sayda digər təşkilatlara üzvlüyü də buna hədəflənib. Azərbaycan, həmçinin GUAM regional qrupunun təsisçilərindən biridir. 

Prezident İlham Əliyevin rəhbərliyi dövründə də Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyət önəmli yer tutur.  Xüsusilə son illərdə ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyini və bu il COP29 kimi qlobal tədbirə ev sahibliyi edəcəyimizi xatırlatmaq yerinə düşər. D-8-ə gəldikdə isə, deyə bilərik ki, Azərbaycan təşkilata üzv olan ölkələrin əksəriyyətilə çox yaxşı əlaqələrə malikdir. Bu baxımdan, təşkilata daxil olacağı təqdirdə həm münasibətlər daha da inkişaf etdiriləcək, həm də ölkəmiz təşkilatın potensialından qarşılıqlı əməkdaşlıq üçün səmərəli şəkildə faydalanacaq. Bununla yanaşı, "İslam səkkizliyi" Azərbaycanın coğrafi mövqeyinə görə əlverişli regionda yerləşməsindən yaxşı mənada istifadə edə bilər. Məlum olduğu kimi, respublikamız "dünyanın dörd yolu" adlanan Cənubi Qafqaz regionunun ən önəmli hissəsində yerləşir. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasına böyük sərmayələr qoyması D-8 ölkələrinin iqtisadi inkişafı üçün yeni imkanlar yarada bilər.

Burada vacib məqamlardan biri də alyansa üzv olan ölkələrin həm də İslam Əməkdaşlıq Təşkilatında yer almalarıdır. Azərbaycan da öz növbəsində İslam həmrəyliyinə xüsusi əhəmiyyət və töhfələr verir. Təsadüfi deyil ki,  2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunub. Həmin il  ölkəmizdə 54 müsəlman ölkəsindən gələn 3 minə yaxın idmançının iştirakı ilə IV İslam Həmrəyliyi Oyunları keçirilib. Bununla yanaşı, dövlətimiz dünyada ən ciddi təhlükələrdən biri olan islamofobiyaya qarşı fəal mübarizə aparır. Əgər Azərbaycan ittifaqa daxil olarsa, iqtisadi sahədə olduğu kimi, siyasi əlaqələrini də genişləndirə bilər.

Musa BAĞIRLI,

"Respublika".