DAĞLAR DİYARINDA NOVRUZ OVQATI
Region

DAĞLAR DİYARINDA NOVRUZ OVQATI

Uca dağlar qoynunda yerləşən Lerikdə yazın gəlişi artıq hiss olunur. Bənövşə, novruzgülü kolların arasından boylanır. Dağlardan baş alıb gələn Vazəru çayının gur səsi, quşların şən nəğmələri baharın gəlişindən soraq verir.

Od çərşənbəsi və müqəddəs Novruz bayramı münasibətilə Lerik şəhərinin Heydər Əliyev meydanı bayramsayağı bəzədilmişdi. Üzlərdə sevinc, xoş təbəssüm, əsl bayram ovqatı hiss olunurdu.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, ağsaqqallar, ziyalılar, gənclər, Lerik şəhərinin sakinləri, paytaxt Bakıdan dəvət edilmiş qonaqlar meydana toplaşmışdı.

Bayram tonqalını Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov və millət vəkili İqbal Məmmədov alovlandırdı. İcra başçısı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam təmin edildiyini, ilk dəfə olaraq Novruz şənliklərinin respublikamızın bütün guşələrində təntənəli şəkildə, yüksək əhvali-ruhiyyə içində qeyd olunduğunu diqqətə çatdırdı. Lerikliləri milli birlik və həmrəylik rəmzi olan müqəddəs Novruz bayramı münasibətilə təbrik edərək hər bir ailəyə bol ruzi, xoşbəxtlik və səadət arzuladı.

Sonra al-əlvan bəzədilmiş guşələrdə xalq sənəti nümunələri, əl işləri, rəsm əsərlərindən ibarət sərgi nümayiş olundu. Ayrı-ayrı ərazilər, firma və sahibkarlar tərəfindən quraşdırılmış 40-a yaxın çadırda milli mətbəximizin müxtəlif çeşidli yeməkləri, şirniyyatlar, şirələr, sular tədbir iştirakçılarına təqdim edildi.

Aşıq Tarverdi Ağayevin, istedadlı xanəndə Xanhüseyn Hüseynovun və respublikamızın tanınmış incəsənət ustalarının ifa etdikləri şən, oynaq mahnılar bayram mərasiminə gözəl ovqat qatdı. Meydanda milli idman növlərinin nümayişi, Novruzun personajlarından Bahar qızı, Kosa və Keçəlin maraqlı çıxışları, yumor və rəqsləri rəğbətlə, alqışlarla qarşılandı.

Əlisəfa HƏSƏNOV,

"Respublika".