Daim inkişaf edən ikitərəfli münasibətlər
İqtisadiyyat

Daim inkişaf edən ikitərəfli münasibətlər

Azərbaycanın Ukrayna ilə hələ SSRİ-nin tərkibində olan dövrlərdə müttəfiq respublika kimi iqtisadi və mədəni əlaqələri formalaşıb. MDB yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlayıb. Azərbaycanla Ukrayna arasında dəniz və quru sərhədləri olmasa da, münasibətlər güclənib.

Əslində iki respublika arasında əlaqələrin tarixi daha qədimə gedir. Daha dəqiq desək, Birinci Dünya müharibəsindən sonra, 1919-cu ildə artıq diplomatik münasibətlər qurulmağa başladı. 1921-ci ildə Xarkovda Ticarət Palatası yaradıldı və bu palata uzun müddət fəaliyyət göstərdi. Müstəqillik dönəmində isə iki ölkə arasında iqtisadi, siyasi, mədəni və digər istiqamətlərdə əlaqələr inkişaf etdi, MDB məkanında Ukrayna ilə Azərbaycan arasında olan əlaqələrin ticarət dövriyyəsi ikinci yerdə qərarlaşdı.

Azərbaycan müstəqilliyini bərpa edəndən bir il sonra Ukrayna ilə əlaqələr daha da möhkəmləndi. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il fevralın 6-da bərpa edildi, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə daha da inkişaf etməyə başladı. Qarabağ münaqişəsi dövründən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Ukraynanın Azərbaycandakı səfirliyi 1996-cı ilin mayında, Azərbaycanın Ukraynadakı səfirliyi isə 1997-ci ilin martında fəaliyyətə başladı. Elə həmin il Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova prezidentləri GUAM adlı birliyin yaradılması ilə bağlı bəyannamə imzaladılar.

1997-1998-ci illər ərzində Azərbaycan və Ukraynanın müxtəlif səviyyəli dövlət rəsmiləri arasında qarşılıqlı səfərlər oldu. Azərbaycanla Ukrayna arasında əlaqələrin səmərəli sahələrindən biri də enerjidir. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynada mühüm yeri var. SOCAR-ın törəmə müəssisəsi olan "SOCAR Energy Ukraine" Ukraynada yanacaqdoldurma məntəqələri şəbəkəsinə malik olub, benzin və digər neft məhsullarının satışını həyata keçirir. 2009-cu ilin dekabr ayından Ukraynada fəaliyyətə başlayan SOCAR bu gün ölkədə 60 yanacaqdoldurma məntəqəsinin və 4 neft bazasının sahibidir.

İki ölkə arasında ümumi ticarət dövriyyəsi də inkişaf edərək 2021-ci ilin 11 ayında 866 milyon dollara çatıb ki, bunun 419 milyonu Azərbaycanın idxalatı, 446 milyon dolları da ixracatıdır. Azərbaycanın ticarət tərəfdaşları arasında idxal sahəsində Ukrayna 6-cı, ixracatda isə 12-ci yerdədir. Ukraynadan idxal edilən məhsullar əsasən qara metal, tütün, kağız-karton, şəkər, şirniyyat və hazır taxıldır.

İki ölkə arasında əməkdaşlıq çoxşaxəli iqtisadi əlaqələrdən tutmuş mədəniyyət də daxil olmaqla bir çox geniş sahələri əhatə edir. İkitərəfli münasibətlər hüquqi cəhətdən indiyədək imzalanmış 155 sənədə söykənir. Ölkələrimiz arasında ənənəvi olaraq qarşılıqlı hörmət bərqərar olunub.

Digər tərəfdən, Ukraynada güclü Azərbaycan diasporu fəaliyyət göstərir. 500 minə yaxın soydaşımız Ukraynanın ictimai-siyasi həyatında fəal rol oynayır və rəhbər vəzifələrdə təmsil olunurlar. Vətən müharibəsi dövründə də Ukrayna vətəndaşları Azərbaycanın haqlı və ədalətli işinə beynəlxalq səviyyədə dəstək nümayiş etdirmişlər. Azərbaycan tərəfi də adekvat olaraq Ukrayna ilə münasibətlərin qorunmasına maraq göstərir. Azərbaycan ilə Ukrayna  beynəlxalq təşkilatlar çərçivəsində  bir-birini dəstəkləyirlər. Xalqlarımızın yaşayışının yüksək səviyyədə təmin edilməsi istiqamətində bundan sonra digər sahələrdə də əməkdaşlığımız davam etdiriləcək.

Tacir SADIQOV,

"Respublika".