İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb
İqtisadiyyat

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb

“Hökumət buludu”nun (G-cloud) yaradılması və bulud xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli Fərmanının icrası davam etdirilir. Dövlət qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-yə məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir.

Nazirliyin mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, daha əvvəl informasiya sistemlərini “Hökumət buludu”na qismən köçürmüş İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) artıq miqrasiya prosesini tam olaraq yekunlaşdırıb. Mərkəz “Hökumət buludu”na miqrasiya çərçivəsində “AzInTelecom” MMC-nin təqdim etdiyi Virtual server – IaaS (İnfrastructure-as-a-Service) virtual server xidmətini əldə edib. İİTKM informasiya sistemlərini Bakı Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.

Eyni zamanda İİTKM məlumatların təhlükəsiz saxlanması məqsədilə Rezervlənmə – BaaS (Backup-as-a-Service) bulud xidmətindən də yararlanıb. “AzInTelecom” bu xidmət daxilində təqdim edilən funksionallıqları daha çevik və sadə formada idarə etmələri üçün İİTKM mütəxəssislərini “Veeam” platforması ilə təmin edib.

“Respublika”.