Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
Digər xəbərlər

Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib

Oktyabrın 14-də Daxili İşlər Nazirliyində (DİN) təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, cinayətlər və xırda talamalar nəticəsində vətəndaşlara vurulmuş ziyanın ödətdirilməsi işinin vəziyyətinə, eləcə də cari ilin doqquz ayının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda giriş sözü ilə çıxış edən daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müzakirəyə çıxarılan hər üç məsələnin fundamental insan hüquqlarının müdafiəsində, vətəndaşların qanuni mənafelərinin cinayətkar qəsdlərdən qorunmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Gündəlikdəki məsələlər barədə nazirliyin aidiyyəti baş idarələrinin rəisləri məruzə edərək müzakirə olunan məsələlərlə bağlı görülmüş işlərdən, əldə edilmiş nəticələrdən, yol verilmiş nöqsanlardan və onların aradan qaldırılmasının gedişindən danışıblar. Qeyd olunub ki, cari ilin doqquz ayında respublika üzrə axtarışda olanların 81,4 faizi tutularaq istintaqa təhvil verilib. Cinayət işləri və xırda talamalar nəticəsində vətəndaşlara vurulmuş ziyanın təxminən 90 faizə qədəri ödətdirilib.

Həmin müddətdə qanunsuz dövriyyədən 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 293 kiloqram çox, yəni ümumi dəyəri 40 milyon manat təşkil edən 3 ton narkotik vasitə və 300 kiloqramdan artıq psixotrop maddə, o cümlədən narkotiklərin onlayn satışı ilə bağlı 241 fakt müəyyən edilərək 1 ton 400 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qeyri-leqal dövriyyədən çıxarılıb. Keçirilmiş əməliyyat tədbirləri ilə 289 nəfərdən ibarət 113 cinayətkar qrup zərərsizləşdirilib.

Tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının və yabanı halda yayılmasının profilaktikası yönümündə də davamlı iş aparılıb. Xüsusi əməliyyat planı üzrə keçirilən tədbirlərlə ümumi çəkisi 25 tona yaxın olan çətənə və xaş-xaş kolu, eləcə də yabanı halda bitmiş 166 tondan çox həmin növ bitki aşkarlanaraq məhv edilib.

Məruzələr ətrafında bir sıra ərazi orqanlarının rəisləri çıxış edərək görülmüş və planlaşdırılan tədbirlər barədə məlumat veriblər.

İclasa yekun vuran nazir V.Eyvazov bu ilin 9 ayında asayişin və ictimai təhlükəsizliyin təmini ilə bağlı qarşıya qoyulmuş vəzifələrin bütövlükdə layiqincə yerinə yetirildiyini, cinayətkarlıqla mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında əldə olunmuş müsbət nəticələrin hesabat dövründə də qorunub-saxlanıldığını vurğulayıb. Cinayətkarlığa, onun transmilli növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirən hər bir şəxsə, o cümlədən blogerlərə və digər ictimai fəallara, qeyri-hökumət təşkilatlarının nümayəndələrinə və media mənsublarına minnətdarlıq bildirib.

Bu xüsusda onu da diqqətə çatdırıb ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə, həmçinin həmin vasitələrin onlayn satışı sahəsində faktların 20 faizə qədəri məhz vətəndaşların məlumatları əsasında aşkarlanaraq cinayəti törətmiş şəxslər ifşa olunublar.

Eyni zamanda, nəqliyyatın sayının sürətlə artdığı dövrdə paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması ilə bağlı görülən işlərin üzərində də dayanan nazir yolların kənarında qeyri-qanuni saxlanılan və nəqliyyatın normal axınına maneçilik törədən avtomobillərin kənarlaşdırılmasının və digər qanunazidd halların aradan qaldırılmasının, ümumən bu sahədə tədbirlərin gücləndirilməsinin vacibliyinə toxunub.

Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin təkmilləşdirilməsi, o cümlədən funksionallığının artırılması ilə əlaqədar qarşıda duran vəzifələri də müəyyən edərək aidiyyəti qurumların rəhbərlərinə bir sıra tapşırıqlar verib. Həmçinin günün vacib tələblərindən olan ekoloji cinayətlərin və müvafiq sahədə baş verən inzibati xətaların qarşısının alınması üzrə həyata keçirilən tədbirlərin, xüsusən qanunsuz ağac kəsmə, qiymətli ağacların məhv edilməsi hallarına qarşı mübarizənin daha məqsədyönlü aparılmasının zəruriliyini vurğulayıb.

Bütün bunlarla yanaşı, bəzi ərazi orqanlarının fəaliyyətində müəyyən nöqsan və çatışmazlıqlara da diqqət çəkərək onların aradan qaldırılması üçün lazımi tədbirlərin həyata keçirilməsini, qanunçuluğun möhkəmləndirilməsini, vətəndaşların problemlərinə, şikayətlərinə daha böyük həssaslıqla yanaşılmasını, bütövlükdə vətəndaş məmnunluğunun davamlı surətdə təmin olunmasını tələb edib.

General-polkovnik Vilayət Eyvazov əminliyini bildirib ki, şəxsi heyət bundan sonra da məsul vəzifələrinin və qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gələcək, ölkədə sabitliyin və əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcək.

AZƏRTAC