Deputat: Azərbaycan-Özbəkistan arasındakı ticarət dövriyyəsində son illər kəskin artım qeydə alınıb
İqtisadiyyat

Deputat: Azərbaycan-Özbəkistan arasındakı ticarət dövriyyəsində son illər kəskin artım qeydə alınıb

Xəbər verdiyimiz kimi, avqustun 22-də Azərbaycanın Energetika Nazirliyi ilə Özbəkistanın Energetika Nazirliyi arasında 2023-2025-ci illər üçün enerji sektorunda əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi imzalanıb. Yol Xəritəsinin imzalanması Azərbaycan və Özbəkistan arasında enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi məqsədilə energetika naziri Pərviz Şahbazov və ölkəmizdə səfərdə olan Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti arasındakı görüş zamanı baş tutub.

Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov "Respublika"-ya açıqlamasında Azərbaycan və Özbəkistan arasında strateji əməkdaşlığın müşahidə olunduğunu bildirib.

Deputat qeyd edib ki, iki ölkə arasındakı ticarət dövriyyəsində son illər kəskin artımlar qeydə alınıb:

"Əgər 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 43 milyon 948 min dollar idisə, bu rəqəm 2022-ci ildə 183 milyon 307 min dollara qədər yüksəlib. Biz son beş ildə praktiki olaraq, hər il əvvəlki ilə nisbətən ticarət dövriyyəsinin artmasının şahidi olmuşuq. Eyni zamanda, tərəflər enerji əməkdaşlığı üzrə yol xəritəsini imzalamaqla inkişaf perspektivlərini strateji müstəviyə bir daha qaldırdılar". 

Vüqar Bayramov Azərbaycan və Özbəkistanın nəqliyyat, o cümlədən digər sahələrdə də əməkdaşlıq imkanlarının olduğunu da vurğulayıb:

"Gözlənilir ki, gələcəkdə bərpa olunan enerji üzrə əməkdaşlığın formalaşmasına imkan yaranacaq. Digər tərəfdən, təbii ki, yol xəritəsinin hazırlanması və imzalanması həm də ölkələrin strateji müttəfiqliyini göstərir. Dövlətlər strateji hədəflərə müvafiq olaraq müəyyənləşdirilmiş prioritetlərə uyğun öz əməkdaşlığını genişləndirirlər. Hər iki ölkənin Türk Dövlətləri Təşkilatından olmasını nəzərə alsaq, görərik ki, bu onların həm enerji, eləcə də neftdənkənar sektorlarda daha çox əməkdaşlıq qurmasına imkan yaradır. Bu baxımdan belə bir yol xəritəsinin hazırlanması və imzalanması, digər qarşılıqlı səfərlər, iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğundan xəbər verir. Azərbaycan Prezidenti  İlham Əliyevin Özbəkistana səfəri, Özbəkistan Prezidentinin Azərbaycana son gəlişi tərəflər arasındakı əməkdaşlığın yeni müstəviyə qədəm qoymasının və bu strateji əməkdaşlıqda yeni səhifənin açılmasının göstəricisidir".

Nəzrin ELDARQIZI,

"Respublika".