Deputat:
Siyasət

Deputat: "BBC Azərbaycandan üzr istəməlidir"

"Baxmayaraq ki, "BBC"-nin 1994-cü ildən etibarən Azərbaycanda ofisi fəaliyyət göstərir, hər zaman Ermənistanın separatist siyasətini təbliğ etməklə məşğul olub. BBC hələ 30 illik işğal dövründə öz doğma yurdlarından qaçqın və məcburi köçkün salınmış azərbaycanlılara həsr olunmuş verilişləri əsla efirə verməyib. Bu baxımdan, erməni separatçılığının təbliği qəbul olunan deyil və  heç də  beynəlxalq media qurumunun nizamnaməsinə uyğun gəlmir".

Bu sözləri "Respublika"-ya açıqlamasında millət vəkili Azər Badamov bildirib.

Millət vəkili qeyd edib ki, İkinci Qarabağ savaşı zamanı ölkəmiz öz suverən ərazilərini azad etdiyi bir vaxtda cənab Prezident İlham Əliyevdən müsahibə almağa gələn "BBC" jurnalistinin qərəzinə bütün beynəlxalq ictimaiyyət şahidlik etmişdi: "Həmin vaxt dövlətimizin başçısına Şuşadakı kilsənin vurulması ilə bağlı eyni sualı iki dəfə ünvanlayan jurnalist ermənilərin dağıdaraq təhqir etdiyi 67 məscidimiz barəsində məsələyə heç toxunmamışdı. Amma Prezident İlham Əliyev çox təmkinlə, diplomatik formada müxbiri yerində oturtmuşdu". 

Deputat bildirib ki, "BBC" indi Qarabağdakı saxta qurumun ildönümü ərəfəsində separatçılara efir vaxtı verir və mağazanın boş rəfləri qarşısında Beqlaryandan müsahibə alaraq beynəlxalq ictimai rəyi yanlış istiqamətə yönləndirməyə çalışır: "Sözügedən media qurumu hətta beynəlxalq platformalarda keçirilən görüşlərdə heç vaxt "Dağlıq Qarabağ" ifadəsi işlədilmədiyi halda bu ifadəni yenidən gündəmə gətirməyə çalışır. "BBC"-nin Azərbaycan ofisinin müxbiri Ağdam yolunda humanitar yardım aparmaq üçün gözləyən Qızıl Aypara Cəmiyyətinin əməkdaşlarından müsahibə alanda qərəzli suallar verir. Bu müsahibə daha çox sanki prokurorun apardığı istintaq prosesinə bənzəyir. Bütün bunlar kifayət deyilmiş kimi, daha sonra separatçılarla əlaqə saxlanılır və onların saxta yazıq sifətlərini dünya auditoriyasına çatdırılır. "BBC"-nin verlişinə baxan insanda Azərbaycanın Laçın yolunun bağlanması nəticəsində Qarabağda yaşayan separatçıların sanki ölümlə üz-üzə qaldığı kimi bir fikir formalaşır. Britaniyanın dövlət büdcəsindən maliyyələşən "BBC" kimi beynəlxalq media orqanında separatçılığın təbliği yolverilməzdir. Çünki, separatçılıq meylləri bir çox ölkələrdə, eləcə də Avropada da mövcuddur".  

Azər Badamov "BBC" kimi media orqanlarının ikili standartlardan məsələlərə yanaşmasının dünyanın yeni problemlərlə üzləşməsinə yol açdığını vurğulayıb: "Azərbaycana qarşı qərəzli yanaşması "BBC"-nin ofisinin ölkəmizdə fəaliyyətinə davam etdirilməsi ilə bağlı məsələni gündəmə gətirir. Bu qurumdan Azərbaycana olan yanaşmasının dəyişilməsini, ölkəmizdəki ofisinin fəaliyyətinin milli maraqlarımıza zidd olduğunu, bu günlərdə efirə verilmiş separatçılığı təbliğ edən verlişə görə üzr istəməsini və işlərində obyektivliyə əsalanmış dəyişikliyin olunmasını tələb etməliyik. Əks təqdirdə, "BBC"-nin ölkəmizdəki ofisinin aktreditasiyasının ləğv olunacağı ilə bağlı xəbərdarlıq edilməsi vacibdir".

Nəzrin ELDARQIZI,

"Respublika".