Azərbaycan qlobal əməkdaşlığa açıq ölkədir
Siyasət

Azərbaycan qlobal əməkdaşlığa açıq ölkədir

Müstəqil siyasət yürüdən respublikamız beynəlxalq aləmdə böyük uğurlara imza atır

Müasir Azərbaycan dünyanın əksər ölkələri ilə qarşılıqlı maraqlara, bərabərhüquqlu imkanlara söykənən əlaqələr qurub. Eyni zamanda müstəqil dövlət kimi bir sıra beynəlxalq, o cümlədən BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, MDB və digər təşkilatlarla əlaqələr yaradıb, bu qurumlara üzv olub, həmçinin NATO və Avropa İttifaqı (Aİ) kimi qurumlarla əməkdaşlığı, antiterror koalisiyası tərkibində fəaliyyətini də durmadan inkişaf etdirib. Azərbaycan GUAM regional qrupunun da təsisçilərindən biridir. Bu təşkilatlarda və regional təşəbbüslərdə iştirak etməklə Azərbaycan öz milli maraqlarını gerçəkləşdirir, bilavasitə üzv olmadığı təşkilatlarda da mövqeyini gücləndirir.

Fevralın 8-də Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mini qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizlə Şanxay Əməkdaşlıq Təşkilatı və təşkilata üzv dövlətlərlə ikitərəfli qaydada sıx əlaqələr qurulduğunu vurğulayıb.

Can Min Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının fəal tərəfdaşlarından biri olduğunu və ölkəmizlə əlaqələrin hərtərəfli inkişafına əhəmiyyət verdiklərini bildirib, Heydər Əliyev Fondunun xətti ilə qurulan mədəni-humanitar əməkdaşlığı xüsusi vurğulayıb. Qonaq Azərbaycanın COP29-a ev sahibi seçilməsi münasibətilə təbriklərini çatdırıb, bunun ölkəmizin bəşəriyyətin inkişafına verdiyi töhfənin bariz nümunəsi olduğunu bildirib. Can Min COP29 çərçivəsində də Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq məsələlərini qeyd edib.

Sülhün, sabitliyin qorunması, daim i

nkişafda olan iqtisadi münasibətlərin genişlənməsi, ictimai-siyasi tarazlığın bərqərar olması üçün beynəlxalq təşkilatların əhəmiyyəti böyükdür Bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatı da beynəlxalq arenada, təhlükəsizlik və həmçinin iqtisadi sahədə öz sözünü deyir. Belə ki, potensial imkan və əhəmiyyətinə görə təşkilatı "Böyük yeddilik"lə müqayisə də edirlər. Beynəlxalq qurum kimi əhəmiyyəti onun hər hansı bir bloka qoşulmama siyasəti, fəaliyyətinin digər dövlət və beynəlxalq təşkilata qarşı yönəlməməsidir. Təkcə onu demək kifayətdir ki, dünya əhalisinin 40 faizi bu təşkilatda cəmlənir. Dünya ÜDM-nin 20 faizdən çoxu məhz bu təşkilatda formalaşır. ŞƏT müdafiə paktı olmasa da, hərb sahəsində əməkdaşlıq da onun əsas istiqamətlərindəndir. Təşkilatın Azərbaycan-Çin və Azərbaycan-Pakistan münasibətlərinin daha da genişləndirlməsində xüsusi rolu var.

Hazırda təşkilatda 9 ölkə təmsil olunur ki, onlardan 3-ü, yəni Rusiya, Pakistan və Çin Azərbaycanla xüsusi əməkdaşlıq edir. 3 ölkə isə müşahidəçi statusundadır. Həmçinin Azərbaycanın yüksək səviyyədə münasibət qurduğu Orta Asiya ölkələri də bu təşkilatdadır. Azərbaycanın ŞƏT-lə əməkdaşlığı möhkəmləndirməsi ölkəmizin 4 yeni bazara çıxış imkanını artıracaq. Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin kəsişməsində yerləşməsi, inkişaf edən nəqliyyat infrastrukturumuz bu təşkilat üçün də mühüm əhəmiyyətə malikdir. Zəngəzur dəhlizinin açılması region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və bu, marşrut üzərində yerləşən bütün ölkə üçün faydalı olacaq.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 2001-ci il iyunun 15-də Şanxayda 6 ölkənin (Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan) prezidentlərinin birgə görüşü zamanı yaradılmış, daimi əsaslarla fəaliyyət göstərən regional beynəlxalq birlikdir. ŞƏT-in məqsədi iştirakçı dövlətlər arasında mehriban qonşuluq və dostluq, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsidir. 2015-ci ildə ŞƏT üzv dövlətlərinin başçıları Şurasının iclasında Azərbaycan Respublikasına ŞƏT-də dialoq üzrə tərəfdaş statusunun verilməsi barədə qərar qəbul edilmişdir. Prezident İlham Əliyev də Azərbaycanın bu təşkilatdakı mövqeyini möhkəmləndirmək niyyətində olduğunu qeyd edib: "Biz müəyyən mənada artıq fəaliyyətə başlamışıq. Artıq neçə ildir ki, biz dialoq üzrə tərəfdaşıq. Bu, 1-ci pillədir. 2-ci pillə müşahidəçilərdir. Bir neçə il bundan əvvəl öz statusumuzu müşahidəçi statusuna qədər yüksəltmək üçün ŞƏT-in Katibliyinə rəsmən müraciət etmişik".

Azərbaycanın hazırkı geosiyasi mövqeyi və regionda daimi təhlükəsizlik, sabitlik və inkişaf mühitinin təmin olunması ilə bağlı uğurlu siyasəti təşkilatla yeni statusda əməkdaşlığa imkan yaradır. Bu günlərdə dünya bir daha Azərbaycan Prezidenti İlham Əliyevin ŞƏT-in də əsas prioritetlərindən olan terrorizm, ekstremizm və separatizmə qarşı mübarizədə qətiyyətliliyinə və prinsipiallığına şahidlik etdi. Azərbaycanın suverenliyinin bərpa edilməsilə regionda böyük inkişaf prosesinin qarşısını alan maneələri aradan qaldıran və sülhü təmin edən yeni bir dövrə qədəm qoyuldu. Regionun enerji, nəqliyyat və logistika potensialından istifadə üzrə geniş əməkdaşlıq imkanları yarandı.

2022-ci ildə Səmərqənd Sammitində Prezident İlham Əliyevin fəxri qonaq statusunda iştirakı Azərbaycanın ŞƏT ilə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmasında maraqlı olduğunu göstərir. Dövlət başçımız Azərbaycanın təşkilat yanında statusunun dialoq üzrə tərəfdaş səviyyəsindən müşahidəçi səviyyəsinə yüksəldilməsi ilə bağlı müvafiq müraciət ünvanladığını xatırladıb, Azərbaycanın ŞƏT yanında müşahidəçi statusu əldə etməsilə sözügedən təşkilatın fəaliyyətinə daha böyük töhfə verə biləcəyinə inamını ifadə edib. Özbəkistan prezidenti Şavkat Mirziyoyevin ev sahibliyi ilə ŞƏT-in Zirvə toplantısında Rusiya Prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının sədri Si Cinpin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Pakistanın baş naziri Şahbaz Şərif, Hindistanın baş naziri Narendra Modi, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Monqolustan Prezidenti Uxnaa Xurelsux, İran Prezidenti İbrahim Rəisi və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iştirak ediblər. ŞƏT-in Səmərqənd Zirvə Toplantısında "yaşıl iqtisadiyyat", innovasiya, rəqəmsal texnologiyalar, logistika, kənd təsərrüfatı, tibb və digər sahələrdə 30-a yaxın layihə və fəaliyyət nəzərdən keçirilib. Sammitin sonunda Səmərqənd Bəyannaməsi imzalanıb. Bütövlükdə Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd sammitində çıxışı və tədbir çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın strateji maraqlarının beynəlxalq aləm tərəfindən qəbul edilməsi baxımından əhəmiyyətlidir. Sammit Azərbaycanın güclü qlobal mövqeyini ortaya qoyub.

Prezidentimizin dünyada sülhün və əməkdaşlığın təmin edilməsi, humanizm, insan hüquq və azadlıqlarının qorunması, demokratiyanın inkişafı sahəsindəki fəaliyyəti bu gün dünya ölkələri tərəfindən yüksək qiymətləndirilir və Azərbaycana olan marağı, diqqəti artırmaqdadır. Bu gün ölkəmiz nəinki regionda, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verən bir dövlət kimi tanınır. Hazırda Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına sahibdir və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Bakı Beynəlxalq Dəniz Ticarət limanı ildə 25 milyon tona qədər yükdaşıma qabiliyyətinə malikdir. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və əsaslı təmir edilib. Bütün bunlar, eləcə də Qarabağ münaqişəsinin həlli, düşmən üzərində qazandığımız tarixi qələbə regionda nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi üçün yeni əlverişli imkanlar yaratmışdır.

Azərbaycan müstəqil siyasət yürüdən ölkə olaraq özünü bütün dünyada mötəbər beynəlxalq qurumlarla uğurla tərəfdaşlıq edən, qlobal səviyyəli məsələlərin müzakirə olunduğu mühüm platforma kimi sübut edib. Beləliklə, ikitərəfli və çoxtərəfli əsasda ŞƏT və üzv ölkələrlə əməkdaşlıq Azərbaycana uğurlu perspektivlər vəd edir.

Mustafa KAMAL,

"Respublika".