Dinim, imanım, qibləgahım Göyçədir
Digər xəbərlər

Dinim, imanım, qibləgahım Göyçədir

Tarix sübut edir ki, Qərbi Azərbaycan torpaqları bizə məxsusdur. Uzun illər ərzində vandal ermənilər tərəfindən bu torpaqlardakı yaşayış məskənləri dağıdılıb, bütün şəhərlər, kəndlər məhv edilib. Son iki əsrdə daşnaklar tərəfindən Qərbi azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan  ərazidən-min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi ilə həyata keçirildi.

İrəvan xanlığının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, onlar öz havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü isə əslində, Qərbi azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsini qoydu. "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başladı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına "bəraət qazandırmaq məqsədilə" erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi.

"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə Qərbi azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər.

XX əsrin əvvəllərində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-nin digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovuldular. Azərbaycanlıların hüquqları erməni vandalları tərəfindən kobudcasına pozulur, onlara qarşı repressiyalar həyata keçirilirdi.

1918-ci ilin mayından 1920-ci ilin noyabrına qədər hakimiyyətdə olan daşnak hökuməti Qərbi azərbaycanlılara qarşı terror hadisələri törətmişlər. Bu müddətdə onlar 440-dan artıq azərbaycanlı kəndini yandırıb məhv etmiş, yüz minlərlə azərbaycanlının qaçqına çevrilməsinə səbəb olmuşdular. 1920-ci ilin əvvəllərinə kimi 220 mindən çox azərbaycanlı daşnak siyasətinin qurbanına çevrildi. 1919-cu ilin noyabr-dekabr aylarında Türkiyə və İrana 250 minə qədər qaçqın axıb getmişdir.

1920-ci ilin əvvəlində Azərbaycanın Qazax qəzasının cənub hissəsində Ermənistanın Dilican qəzası yaradılmışdır. Zəngəzur qəzasının bir hissəsi Ermənistanın əlində qalmışdır. 1920-ci il dekabrın 1-də Rusiyanın təzyiqi ilə Azərbaycan Xalq Komissarları Şurası Dilicanı, Qaraqoyunlu dərəsini və Göyçəni ermənilərə vermişdir.

SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr və 1948-ci il 10 mart tarixli qərarları Azərbaycan xalqına qarşı növbəti cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki ata-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin siyasəti ilə yanaşı, o vaxtkı Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə biganəliyi, həmçinin soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır.

1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsinə, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilən bu tarixi cinayətə 18 dekabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən siyasi qiymət verilmişdir.

1987-ci ilin oktyabrında İrəvan şəhərindəki Puşkin adına parkda "Qarabağ komitəsi"nin ilk nümayişi keçirildi. Bu komitənin liderləri İqor Muradyan və sonralar Ermənistan prezidenti olmuş Levon Ter-Petrosyan erməniləri "Qarabağı yenidən Ermənistana" birləşdirmək üçün aktiv mübarizəyə çağırdılar.

1988-ci ildə SSRİ-nin ilk və sonuncu prezidenti ermənipərəst Mixail Qorbaçovun yenidənqurma və aşkarlıq avantürasından istifadə edən faşist xislətli ermənilər Qarabağın Ermənistanla iqtisadi əlaqələrinin təmin olunması pərdəsi altında etnik dövlət siyasətini davam etdirdilər. Kütləvi hədələr, qətllər törətməklə Qərbi azərbaycanlıların kəndlərini dağıtdılar. 70 nəfər soydaşımızın qətli ilə nəticələnən Quqark faciəsi, Basarkeçərdə, Masisdə, Kalininoda, Qacaranda, Qafanda, Kirovakanda, Sisiyanda, Amasiyada, Allahverdidə törədilən qırğınlar nəticəsində 300 minə yaxın soydaşımız Qərbi Azərbaycanı zorla tərk etməyə məcbur oldu. 1948-1953-cü illərin hadisələri təkrarlandı. Kremlin göstərişi ilə Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımız Qarabağda deyil, çadır düşərgələrində yerləşdirildilər. Ermənistan isə təkmillətli respublikaya çevrildi.

Artıq 30 ildən çoxdur ki, Qərbi azərbaycanlılar öz ata-baba yurdlarından didərgin düşmüşlər. İndi onların hər biri, xüsusilə yaşlı nəslin nümayəndələri Vətən, yurd həsrəti ilə yaşayırlar. Onlar əmindirlər ki, 44 günlük Vətən müharibəsində tarixi qələbəmizdən sonra Qərbi azərbaycanlılar İrəvana, Vediyə, Göyçə mahalına, Amasiyaya, Zəngəzura, Zəngibasara, Dərələyəzə və işğal altında olan digər əzəli torpaqlarımıza qayıdacaqlar.

24 dekabr 2022-ci ildə Prezident cənab İlham Əliyevin Qərbi Azərbaycan ziyalıları ilə görüşü oldu. Görüşdə vurğulandı ki, Qərbi Azərbaycana qayıdış indi bizim əsas hədəfimizdir, ictimaiyyət Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını razılıqla qarşılayır.

Qərbi Azərbaycan ziyalıları ilə görüşündə ölkə başçısı demişdir: "Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var...".

Ermənilər bilməlidirlər ki, türk millətini sındırmaq olmaz. Onlar haqqa, ədalətə arxalanıb doğma yurdlarına--Qərbi Azərbaycana qayıdacaq, Göyçədə, İrəvanda, Amasiyada, Zəngəzurda və digər qədim Oğuz ellərində çal-çağırlı günlərimiz başlayacaqdır.

Şirazi İBRAHİMOV,

həkim.