DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində daha bir məşhur əsər səhnələşdirilib
Mədəniyyət

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində daha bir məşhur əsər səhnələşdirilib

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təşəbbüsü ilə "Təklif" tamaşasının premyerası olub. Tamaşa görkəmli rus yazıçısı və dramaturqu Anton Pavloviç Çexovun "Təklif" pyesi əsasında hazırlanıb.

AZƏRTAC xəbər verir ki, premyeranın təqdimatında hökumət rəsmiləri, Milli Məclisin deputatları, mədəniyyət xadimləri, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Əsərdə kübar görünməyə çalışan meşşan cəmiyyətinin problemləri səhnə həllini tapır. Vodevil (zarafat) janrında olan tamaşada hadisələr üç əsas qəhrəman ətrafında cərəyan edir. Yaradıcı heyətin tamaşaçılara ötürmək istədiyi ideya sadədir: ünsiyyətdə səmimiyyət və qarşısındakını anlamaq istəyi olmayanda "eqo" önə keçir, beləliklə də, könüllər arasında olan incə rabitə və dostluq əlaqələri qırılır.

Tamaşanın quruluşçu rejissoru Mərkəzin səhnə ifaçılığı üzrə təlimçisi, tanınmış rejissor Əbdülqəni Əliyev, bəstəkarı musiqi sahəsi üzrə təlimçi Əməkdar artist Vüqar Camalzadədir. Baş xoreoqraf rəqs istiqaməti üzrə təlimçi Xalq artisti Rüfət Xəlilzadə, bal rəqsləri üzrə xoreoqraf təlimçi Fərid Mehdiyevdir.

İnklüziv tamaşada Mərkəzin benefisiarları, həmçinin peşəkar aktyorlar və rəqqaslar çıxış edirlər.

Tamaşanın quruluşçu rejissoru öz müəllif baxışını səhnə əsərinə yansıdıb. Rejissorun tamaşaya əlavə etdiyi kadril, kazak, didişmə, vals və toy rəqs nömrələri orijinal pyesə rəngarənglik qatıb. Tamaşa üçün xüsusi musiqi bəstələnərək, Mərkəzin benefisiarlarının ifasında səsləndirilib. Müxtəlif və zəngin çalarlı səhnə libaslarını dərzilik kursunun benefisiarları ərsəyə gətirib. Kostyumlar XX əsrin rus geyim mədəniyyətini özündə təcəssüm etdirir. Tamaşa üçün xüsusi dekorasiyalar da hazırlanmışdır. Səhnə əsərinin yeddi baş rol ifaçısından beşinə müxtəlif kateqoriyalı əlilliyi olan şəxslər cəlb edilib, digər 2 nəfər isə tipik şəxslərdir.

Məqsəd istedada malik əlilliyi olan və olmayan şəxslərin incəsənətdə inklüziv şəraitdə birgə fəaliyyətini təmin etmək, onların sosial və ictimai rifahını yüksəltmək, cəmiyyətə "əlillik qüsur deyil" mesajını çatdırmaqdır.

Tamaşanın davametmə müddəti 55 dəqiqədir.

Qeyd edək ki, yaradıcı heyət 2018-ci ildən inklüziv "Əsa" teatrı, "Küllücə" və "Oyun" teatrı ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində "Göy quş", "Nəsimi ili", "And" və "Solğun çiçəklər" tamaşaları teatrsevərlərə təqdim edilib.

AZƏRTAC