İctimai fikir tariximizin görkəmli nümayəndəsi
Mədəniyyət

İctimai fikir tariximizin görkəmli nümayəndəsi

Milli mətbuatımızın yaradıcısı olan Həsən bəy Zərdabi öz məfkurə və ideologiyası ilə Azərbaycan xalqının maariflənməsi yolunda böyük mübarizələrdən keçdi, bir an belə öz məsləyindən, əqidəsindən dönmədi. Müqəddəs amalı uğrunda əzablara dözdü. Millətin, xalqın maariflənməsi üçün varlığı ilə çalışdı.  Zülmətdə işığa, cəhalətdə nura çevrildi. Görkəmli mütəfəkkir, maarifçi alim, publisist və təbiətşünas Həsən bəy Zərdabi xalqın elmi, mədəni yüksəlişi yolunda böyük fədakarlıq göstərdi. O, elm və təhsilin insanı aydın sabahlara apardığını deyirdi: "Ey elm təhsil edən cavanlarımız doğrudur, bizim Vətən qardaşlarımız ilə üns tutmaq çətindir. Qoy şüarələr sizi həcv etsin, mollalar lənət oxusun,  əvamşünas daşa bassın. Siz millət üçün əziyyət çəkirsiniz".

Həsən bəy Səlim oğlu Zərdabi 1842-ci il iyun ayının 28-də (bəzi mənbələrdə 1837-ci il) keçmiş Bakı quberniyasına daxil olan Göyçay qəzasının Zərdab kəndində bəy ailəsində dünyaya gəlib.  İlk təhsilini kənddəki mədrəsədə almış, burada fars və ərəb dillərini öyrənmişdir. 1852-ci ildə isə Şamaxı şəhərində rus dilində dünyəvi  təhsil verən məktəbə yazılmışdır. Məktəbi bitirmək üçün imtahan verdiyi zaman Qafqaz Təhsil Komissiyasının müdiri onu dövlət təqaüdü ilə Tiflisə oxumağa göndərməyi təklif etmişdir. Həmin ərəfədə atası vəfat edən Zərdabiyə böyük qardaşları Tiflisə getməyə icazə verməmişlər. Lakin atasının Tiflisdə yaşayan dayısı general Fərəc bəy Ağayev bu hadisədən xəbər tutur və Zərdabini Tiflisə gətizdirir. İmtahanlardan uğurla keçən Həsən bəy 1858-ci ildə Tiflis gimnaziyasına qəbul olur.  1861-ci ildə isə məktəbi bitirir və həmin ildə dövlət təqaüdü ilə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsində təbiət elmləri üzrə təhsil alır.

Həsən bəyin dünyagörüşü Moskva Dövlət Universitetində oxuduğu dövrlərdə daha da genişlənir. Həmin illərdə o, dövrün öndə gedən elm adamları ilə tanış olur, onlarla dostluq münasibətləri qurur. 1865-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirən Həsən bəy Zərdabinin elmi iş üçün universitetdə saxlanması qərara alınır. Universitetdə qalması təklif olunsa da, xalqına xidmət etmək üçün vətəninə dönür.

Universiteti bitirdikdən sonra Tiflisdə Torpaq İdarəsində işləməyə başlayır. 1868-ci ildə Qubada məhkəmə katibi, 1869-cu ildə Bakıdakı məktəblərin birində təbiət elmləri üzrə müəllim işləyir. Bununla da onun həyatında yeni dövr - maarifçilik, xalqın savadlanması,  ana dilində təhsil uğrunda mübarizə dövrü başlayır. Həsən bəy o zaman Qafqazda fəaliyyət göstərən 10 gimnaziyada çalışan müəllimlər arasında ali təhsilli yeganə azərbaycanlı idi. O, azərbaycanlı uşaqları məktəbə cəlb etmək üçün xalq arasında təbliğat aparırdı. Təhsil alan kasıb tələbələrə yardım etmək, yetim, kimsəsiz uşaqların təhsilə cəlb olunması məqsədilə 1872-ci ildə Bakıda "Cəmiyyət-xeyriyyə" yaradır.

H.B.Zərdabi zəhmətkeş kütlələrin xoşbəxtliyini, tərəqqisini elmdə görmüş, insanın həyatında təhsilə böyük əhəmiyyət vermişdi. Eyni zamanda,  ictimai fəal kimi də geniş fəaliyyət göstərmişdir. Hacı Zeynalabdin Tağıyev dəfələrlə Bakıda qız məktəbi açmaq üçün çar III Aleksandra müraciət etsə də, müsbət cavab ala bilməmiş, yalnız çarın ölümündən sonra onun həyat yoldaşı Aleksandra Fyodorovna məktəb açmaq üçün icazə vermişdir. Məktəbin nizamnaməsi Zərdabi tərəfindən yazılmışdır. 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasına hər şey hazır olsa da, yetərli qədər şagird olmadığından məktəb açılmamışdır. Həsən bəy Zərdabi və dostları Bakıətrafı kəndlərə gedərək qızlarını oxutmaları üçün yerli əhali ilə söhbətlər aparırmış və həmin ilin 7 oktyabrında 58 nəfər qız şagirdi ilə məktəb fəaliyyətə başlamışdır. Azərbaycan qadınlarının maariflənməsinə, savadlanmasına xüsusi əhəmiyyət vermiş Zərdabinin maarifçiliyin təbliği sayəsində Bakı gimnaziyasında oxuyan tələbələrin sayı az bir zamanda xeyli çoxalmışdır. H.B.Zərdabi 1906-cı ildə N.Nərimanovla birlikdə Azərbaycan müəllimlərinin Bakıda keçirilmiş birinci qurultayında iştirak etmişdir.

Yoxsul və kimsəsiz uşaqların tərbiyəsi və məktəbə hazırlığı ilə məşğul olmaq üçün savadlı türk (azərbaycanlı) qadın müəllimlərə ehtiyac yarandığından Həsən bəy Zərdabi 1872-ci ildən "Qafqaz" qəzetində "Müqəddəs Nina" qadın gimnaziyasını bitirən qızları müəllim kimi peşələrini davam etdirməyə çağırırdı. Daha sonra Tiflisə gedən Zərdabi həmin məktəbin məzunu, Nalçik şəhərində doğulan və balkar türklərindən olan Hənifə xanımla tanış olur. Zərdabinin təklifini qəbul edən Hənifə xanım Bakıda müəllim işləməyə razılıq verir. Bu iki maarifçi, eyni əqidəli insanlar evlənmək qərarına gəlirlər. Beləcə, Hənifə xanım Həsən bəy Zərdabi ilə birlikdə Bakı şəhərinə gəlir. Hənifə xanım həyat yoldaşı Həsən bəylə birlikdə "Əkinçi" qəzetinin nəşrində də fəal iştirak etmiş və Azərbaycanın geniş dünyagörüşünə malik ilk maarifçi qadını olaraq tarixə düşmüşdür.

Həsən bəy Zərdabi eyni zamanda Azərbaycan peşəkar teatrının yaradıcılarındandır. O, gənc nəslin tərbiyə edilməsində maariflənməsində teatrın önəmli rol oynadığını çox yaxşı bilirdi. "Hər vilayətin qəzetəsi gərək ol vilayətin ayinəsi olsun", "Qəzet camaat üçündür, camaat qəzet üçün deyil", - deyən Həsən bəy Zərdabi "Əkinçi" qəzeti ilə Azərbaycanda ilk milli mətbuatın əsasını qoymuşdur. Əlbəttə ki, o vaxtlar ana dilində qəzetin olması çox vacib məsələ idi. Lakin bu iş o qədər də asan başa gəlmədi. H.B.Zərdabi dəfələrlə qəzet çap etmək üçün hökumətə müraciət etsə də, müsbət cavab ala bilməmişdir. Yalnız Bakı valisi Staroselski senzura məsələsini öz öhdəsinə götürdükdən sonra Zərdabi qəzet çıxarmaq üçün icazə almış və 1875-ci il iyulun 22-də Bakıda qubernator mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzetinin nəşrinə nail olmuşdur. Milli mətbuatımızın əsasını qoyan "Əkinçi" Azərbaycanda, həmçinin bütün Rusiyada nəşr olunan ilk türkdilli qəzet idi. 1877-ci ilin 29 sentyabrına qədər çap olunan qəzet ayda 300-400 tirajla nəşr edilmiş, 56 nömrəsi işıq üzü görmüşdür. Cəmi iki il yaşasa da, tarixin qızıl səhifəsinə Azərbaycan milli mətbuatının ilk nümunəsi kimi yazılmışdır.

Həsən bəy Zərdabi vəsiyyətnaməsində qeyd edirdi ki, ona ehsan vermək və dəfn etmək üçün xərc çəkilməsin. Lakin 1907-ci il noyabr ayının 28-də vəfat edən Zərdabinin  dəfn mərasimi Bakıda görünməmiş dərəcədə izdihamlı təşkil edilir. Onu köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn edirlər. Sonralar yol çəkilməsi ilə əlaqədar burada dəfn olunanların məzarları başqa yerə köçürülür. Həsən bəy Zərdabi Fəxri Xiyabanda dəfn olunur.

Ramidə YAQUBQIZI,

"Respublika".