Dövlətin gücü xalqın birliyindədir
Sosial həyat

Dövlətin gücü xalqın birliyindədir

114 yaşlı nənə bütün seçiciləri fəal olmağa və istədiyi namizədə səs verməyə çağırır

Q ubadlı rayonunun Qaraqoyunlu kəndində 1 iyun 1910-cu ildə anadan olan  Məstan Əsədova rayon işğal olunduqdan sonra müvəqqəti olaraq Sumqayıt şəhəri Yeni yaşayış massivi bina 5, mənzil 1-də məskunlaşıb. Rayonun əməksevər və fəal qadınlarından olan Məstan xanım halal zəhməti ilə 5 övladını atasız böyüdərək  vətənpərvərlik ruhunda tərbiyə edib. 16 nəvəsi, 33 nəticəsi və 3 kötücəsi var. Müstəqillik tariximizin 1993-cü ilin oktyabr ayından başlayaraq  bu günə qədər keçirilən bütün seçkilərdə iştirak etməklə istədiyi namizədə səs verib. Dünyanın ağrı-acısını görmüş Məstan xanımla görüşmək, ürək sözlərini eşitmək qərarına gəldim.

II Dünya müharibəsindən, 1960-cı illərin aclıq dövründən və Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Qubadlı rayonunun işğal edilməsi səbəbindən  yaşadığı qaçqın həyatının kədərli günlərindən xeyli danışdı. Bildirdi ki, nə qədər çətin günlər yaşasam da, heç vaxt ümidsiz olmamışam, zəhmətimə arxalanaraq uşaqlarımı istədiyim kimi böyüdə bilmişəm. Nəvələrim, nəticələrim və kötücələrim arzularımı doğruldur.

Məstan xanım qaçqınlıq həyatının çətinlikləri barədə danışaraq bildirdi ki, torpaqlarımız işğal olunanda qarşılaşdığımız müsibətlərin müvəqqəti olacağını və tezliklə aradan qaldırılacağını hiss edirdim. Çünki əvvəlki çətin günlərimizdən fərqli olaraq 1993-cü illərdə respublikamıza ulu öndər Heydər Əliyevin rəhbərlik etməsi bizə böyük ümid verirdi. Bu səbəbdən də qarşılaşdığımız çətinliklərin müvəqqəti olacağına və qısa zaman kəsiyində aradan qaldırılacağına böyük inamımız vardı. Bu illər ərzində ailəmizin bütün üzvlərini başıma toplayaraq Qubadlı rayonunda yaşadığımız günlərin xoş təəssüratlarını danışırdım. Demək olar ki, bütün günlərdə əsasən nəvə və nəticələrimə rayonumuz və kəndimiz barədə danışırdım. Həmişə deyirdim ki, siz heç vaxt narahat olmayın, torpaqlarımız azad ediləcək. Elə də oldu. 2020-ci ilin sentyabr ayından başlayan II Qarabağ müharibəsi ümidlərimi doğrultdu. Müharibənin ilk anlarında düşmənin geri oturdulması qələbəyə inam hissimi xeyli artırdı. Həmin il oktyabrın 25-də Qubadlının düşmən tapdağından azad olunması məni son dərəcə sevindirdi.

Məstan nənə düşmənin yaramaz əməlləri barədə danışaraq vurğuladı ki, onlar tarixən xalqımızın mərd və rəşadətli olduğunu yaxşı bilirlər. Təkcə Qubadlı rayonunun necə böyük sərkərdələri və tarixi qəhrəmanları var və durmadan artacaq. Gərək erməni əsgərlərin komandirləri və Ermənistanın rəhbərliyi bunu yaxşı bildiyindən torpaqlarımızı müharibəsiz geri qaytarardılar. Çünki biz tarixən vətənpərvər igid oğullar böyütmüşük. Müasir zaman da bunu bir daha təsdiqlədi. Torpaqlarımızın işğaldan azad olunması ömrümə ömür qatır. Həmin ərazilərdə həyata keçirilən quruculuq işləri isə məni son dərəcə sevindirir və yaşadır. Evimizdə söhbət düşən kimi övladlarım, nəvə və nəticələrim bu barədə sevinclə danışırlar. Mənim arzum isə kəndimizə qayıtmaq və doğma yurdumuzda yaşamaqdır. Bizə bu xoşbəxtliyi bəxş edən qəhrəman oğullarımızın hər birinə eşq olsun deyirəm.

Məstan nənə bildirdi ki, dövlətin güclü olması xalqın birliyindədir. Bu səbəbdən də müstəqillik dövrümüzdə keçirilən bütün seçkilərdə iştirak etmişəm. 2003-cü il oktyabrın 15-də iştirak etdiyim prezident seçkisində çəkilən şəklimi indi də xoş xatirə kimi saxlayıram. Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində də qürurla iştirak edəcəm. Şəxsən mən seçkidə iştirakımı özüm, övladlarım, nəvə və nəticələrim kimi hər bir  seçici üçün mənəvi borc hesab edirəm. 114 yaşlı bir nənə kimi bütün seçiciləri fəal olmağa və seçkilər günü istədiyi namizədə səs verməyə çağırıram.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".