DTX-nin Gəncə şəhər idarəsində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş tədbir
Digər xəbərlər

DTX-nin Gəncə şəhər idarəsində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş tədbir

Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkil etdiyi silsilə tədbirlər çərçivəsində Gəncə şəhərində "Heydər Əliyev təhlükəsizlik orqanlarının fəxri rəhbəridir" adlı tədbir keçirilib.

Qurumun Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, DTX-nin rəhbər heyəti və əməkdaşları, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, Gəncədə yerləşən ali təhsil müəssisələrinin rektorları, Milli Məclisin deputatları və təhlükəsizlik orqanlarının veteranları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Sonra tədbir Gəncə şəhər idarəsinin akt zalında davam etdirilib. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himnimiz səsləndirilib.

Tədbirdə çıxış edənlər Heydər Əliyevin xüsusi xidmət orqanlarındakı 25 illik fəaliyyətindən ətraflı bəhs edib, dahi rəhbərin bu təsisatda apardığı milliləşmə prosesindən, fəaliyyəti dövründə çoxlu sayda azərbaycanlı kadrların xidmətə qəbul edilməsindən söhbət açıb, onun dərin zəkası, geniş dünyagörüşü, hadisələri düzgün təhlil etmək bacarığı, savadı və istedadı sayəsində əməliyyat müvəkkili vəzifəsindən Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinədək yüksəlməsi qeyd olunub. Natiqlər müstəqillik qazanıldıqdan sonra da Ulu Öndərin heç zaman təhlükəsizlik təşkilatından öz dəstəyini əsirgəmədiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu orqanlara diqqət və qayğısını xüsusi vurğulayıblar.

Tədbir DTX-nin Azərbaycan Televiziyası ilə birgə reallaşdırdığı "Konfidensial" layihəsinin ilk buraxılışı olan və Ulu Öndər Heydər Əliyevin təhlükəsizlik orqanlarında xidmət etdiyi zaman onun rəhbərliyi ilə keçirilmiş "Naturalist" əməliyyatına həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb.