Dünya azərbaycanlılarının qürur mənbəyi QALİB VƏTƏN
Siyasət

Dünya azərbaycanlılarının qürur mənbəyi QALİB VƏTƏN

Beynəlxalq ictimaiyyət xaricdə yaşayan həmvətənlərimizin Azərbaycan Prezidenti ətrafında sıx birliyinə, həmrəyliyinə şahidlik edir

Ölkəmiz tarixi günlər yaşayır. Son 20 ildə möhtəşəm uğurlara imza atan, qazandığı Zəfərlə regionda yeni reallıqlar yaradan, ərazi bütövlüyünü, suverenliyini tam bərpa edən ölkəmizin dünyada nüfuzunun artması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin nəticəsidir. Dövlət başçısı Ulu Öndərin strateji inkişaf xəttini yaradıcı şəkildə həyata keçirərək böyük sosial-iqtisadi inkişafa nail olub. Ölkəmizin zəngin təbii ehtiyatlarından bacarıqla istifadə edərək Azərbaycanı bütün dünyada yaşayan soydaşlarımızın ümid, pənah yerinə çevirib. Sürətli sosial-iqtisadi inkişafa nail olmaqla yanaşı, peşəkar diplomatik fəaliyyəti ilə Azərbaycanı dünya dövlətlərinin etibarlı və sadiq tərəfdaşı edib.

Azərbaycan regionda sürətlə inkişaf edən ölkəyə çevrilməklə müasir beynəlxalq münasibətlər sistemində mühüm geosiyasi və geostrateji yer tutub. Prezident İlham Əliyev ölkədə sosial-iqtisadi, mədəni-humanitar sahələrin inkişafına, buradakı müxtəlif xalqların nümayəndələrinin sülh və dini tolerantlıq şəraitində yaşamasına nail olub. Dövlətimizin başçısı dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların sıx birliyini, vahid ideya uğrunda həmrəyliyini təmin edib.

Azərbaycançılıq ideyasının, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi üçün dünyaya səpələnmiş soydaşlarımızın Vətənlə əlaqələrinin, xüsusilə ölkəmizin bütün məsələlərdə milli maraqlarının və tarixən formalaşmış mənəvi dəyərlərinin qorunması məqsədilə diaspor quruculuğu sahəsində bir sıra mühüm addımlar atılıb. Bu illər ərzində Azərbaycan diasporu xeyli fəallaşıb, fəaliyyət dairəsini genişləndirib və dünyanın bir çox ölkələrilə əlaqələr yarada bilib. 2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında ulu öndər Heydər Əliyev həmin dövrdə Azərbaycan diasporunun, dünya azərbaycanlılarının fəaliyyətini yüksək qiymətləndirməklə bərabər, hələ də bu məsuliyyətli işdə müəyyən problemlərin olduğunu diqqətə çatdırır və ümidlə bildirirdi ki, dünya azərbaycanlıları birləşməlidirlər. Onlar Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda fəal olmalı və bir məqsəd uğrunda mübarizə aparmalıdırlar. Sözsüz ki, həmin dövrdən sonra Azərbaycan diasporunun fəaliyyətində irəliləyiş baş verdi.

İkinci Qarabağ müharibəsində tarixi ədalətin zəfər çalmasında hər bir soydaşımız əlindən gələni əsirgəmədən yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin çatdırılması istiqamətində yorulmadan çalışdı. Xalqımız üçün belə bir həssas dönəmdə Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdə yaşayan azərbaycanlılar üzərlərinə düşən ikiqat məsuliyyəti dərk edərək vəzifə borclarını böyük fəxarət və qürurla yerinə yetiriblər. Məqsədyönlü fəaliyyətlə Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində Şanlı Qələbəmizi fəxrlə yaşadıqları ölkələrin kütləvi informasiya vasitələrində müxtəlif dillərdə yaymağa çalışıblar. Xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyi ən yüksək səviyyəli tədbir Dünya Azərbaycanlılarının V Qurultayı 22 aprel 2022-ci ildə Şuşa şəhərində keçirilmişdir.

"Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev V Qurultayda söyləyib. Tarixi Zəfərdən sonra Dünya Azərbaycanlılarının V Qurultayının mədəniyyət paytaxtımız Şuşada keçirilməsi böyük tarixi əhəmiyyət kəsb edir və soydaşlarımızın həmrəyliyinin təzahürü olmaqla yanaşı, çox mühüm mənəvi, siyasi əhəmiyyətə malik qürurverici bir tarixi hadisədir. Bütün dünya ictimaiyyəti bir daha dünya azərbaycanlılarının öz Prezidenti ətrafında sıx birləşməsinə, həmrəyliyinə şahidlik edib.

Onu da qeyd etmək lazımdır ki, tarixi Zəfərimizi bizə iki cəbhədə gedən savaşlar qazandırdı. Ön cəbhədə arxa cəbhədə informasiya savaşında qalib olduq. Bu savaşda qazandığımız tək 30 ildən bəri işğal altında qalan torpaqlarımız olmadı, həm də ictimaiyyətimiz informasiya savaşı kimi yeni qlobal, həm də dinc mübarizənin nə qədər önəmli olduğu gerçəyini dərk etdi. Xalqımızın dövlətin hüdudlarından kənarda xarici ölkələrdə düşmənə qarşı apardığı informasiya müharibəsində diaspor təşkilatlarının koordinasiya fəaliyyəti, dəstəyi danılmazdır. Dünya azərbaycanlılarının birliyinə, əzmkarlıq və cəsarətinə 2020-ci ilin payız günlərində bir daha şahidlik etdik. Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Dünya Azərbaycanlılarının Qurultayları artıq ənənə halını almışdır. Ümummilli liderin dillər əzbərinə çevrilən "Mən fəxr edirəm ki, azərbaycanlıyam!" sözləri ilə tarixə düşən I Qurultayda Azərbaycan icmalarının tarixi Vətənlə əlaqələrinin qurulması və möhkəmləndirilməsi, xaricdə yaşayan həmvətənlərimizin təşkilatlanması, diaspor quruculuğu sahəsində əsas vəzifələr müəyyənləşdirilmiş və bunun əsasında Azərbaycan diaspor siyasəti formalaşdırılmışdır. I Qurultayda 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə 406 nümayəndə və 63 qonaq iştirak etmişdi. Qurultay iştirakçıları planetimizin geniş coğrafi məkanını əhatə edən ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya, Kanada, Almaniya, Fransa, Gürcüstan, Avstriya, Rumıniya, İsveçrə, Avstraliya, Özbəkistan, Ukrayna, Estoniya, Latviya, Moldova, Qazaxıstan, Danimarka, Hollandiya, Finlandiya, Belarus, İsrail və s. dövlətləri təmsil etmişdilər. Azərbaycan Respublikası qurultayda 130-dan çox müxtəlif dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan, 25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaqla təmsil olunmuşdur. Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilmiş və Heydər Əliyev Şuranın sədri seçilmişdir. O vaxtdan bu günə qədər Azərbaycanda böyük işlər görülmüş, ölkəmiz daha da güclənmiş, imkanlarımız artmışdır.

2006-cı il martın 16-da Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının II Qurultayı diaspor quruculuğu prosesində irəliyə doğru növbəti addım olmuşdur. Qurultayda qəbul olunmuş sənədlər - Dünya Azərbaycanlılarının II Qurultayının qətnaməsi, qurultayın Azərbaycan Respublikası Prezidentinə və dünya azərbaycanlılarına müraciətləri, keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına, BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatına (UNESCO), Azərbaycan və türk diaspor təşkilatlarına müraciətləri xaricdə yaşayan azərbaycanlıların qurultaydan sonrakı müddətdə konkret fəaliyyət proqramı olmuşdur. Qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilmişdir. Dünya Azərbaycanlılarının II Qurultayına ümumilikdə 1231 nümayəndə qatılmışdır. Qurultayda 49 xarici ölkədən 593 nümayəndə və 388 nəfər qonaq iştirak etmişdi. Tədbirdə Azərbaycan Respublikası 27 dövlət və hökumət qurumlarından, ictimai təşkilatlardan, elm, təhsil, mədəniyyət müəssisələri və yaradıcı təşkilatlardan, siyasi partiyalardan 638 nümayəndə və 625 qonaq ilə təmsil olunmuşdu. Beləliklə, Dünya Azərbaycanlılarının II Qurultayı Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III Qurultay 2011-ci ildə, IV qurultay 2016-cı ildə Bakı şəhərində keçirilmişdir.

Hazırda dünyada gedən proseslər və ikili standartlar, eləcə də Azərbaycan reallıqlarının təhrif olunması diaspor təşkilatlarının da fəaliyyətinə müəyyən maneələr törədir. Ancaq buna baxmayaraq, bu gün Azərbaycan xalqı, dünya azərbaycanlıları birdir. Və onların səyləri nəticəsində Azərbaycan reallıqları dünyaya çatdırılır. Ölkəmizdə keçirilən bir çox beynəlxalq tədbirlər, eyni zamanda Azərbaycanın mötəbər tədbirlərdə iştirak etməsi və söz sahibi kimi öz fikirlərini, reallıqlarını dünya ictimaiyyətinə çatdırması diaspor təşkilatlarının da rolunun artırılmasına yeni imkanlar yaradır. Qələbədə payı olan Azərbaycan diasporunu postmüharibə dövründə daha böyük vəzifələr gözləyir. Zəfər Qurultayında Prezident İlham Əliyev konseptual, dərin və əhatəli çıxış edərək Azərbaycan diasporunun qarşısında duran mühüm hədəflərdən geniş bəhs etdi, vurğuladı ki, həmişə xaricdə yaşayan azərbaycanlıların həyatı, taleyi, işləri ilə maraqlanırıq. Çalışırıq ki, onlara öz dəstəyimizi verək. İstəyirik ki, onlar olduqları ölkələrdə rahat yaşasınlar, yaxşı mövqe tutsunlar, onların yaxşı imkanları olsun və eyni zamanda, öz doğma Vətəninə də xidmət etsinlər.

Mustafa KAMAL,

"Respublika".