DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

RUSİYA LİDERİNİN KARLSONA MÜSAHİBƏ VERMƏSİ QƏRB JURNALİSTLƏRİNİ MƏYUS EDİB

Qərb jurnalistləri Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya prezidenti Vladimir Putinin müsahibə verməyə razılaşdığı yeganə jurnalist Taker Karlson olduğundan şikayətləniblər. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

Verilən xəbərə görə, xüsusilə, “BBC”nin jurnalisti Stiv Rozenberq sosial şəbəkədəki səhifəsində yazıb ki, onun telekanalı son 18 ay ərzində Rusiya liderindən müsahibə almaq üçün Kremlə bir neçə sorğu göndərib, lakin hər dəfə mənfi cavab alıb.

Eyni zamanda “CNN” telekanalının aparıcısı Kristian Amanpur da sosial şəbəkədə Vladimir Putindən bir ildən artıqdır ki, müsahibə almaq üçün cəhd etdiyini bildirib.

Bu yaxınlarda Taker Karslon qeyd etmişdi ki, Ukraynada hərbi əməliyyatlar başlayandan bəri heç bir Qərb jurnalisti Rusiya liderindən müsahibə almaq üçün əziyyət çəkməyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Karlsonun Putinlə görüşüb söhbət etdiyini təsdiqləyib. Onun sözlərinə görə, müsahibə hazırlanan kimi yayımlanacaq.

“BAYKAR” ŞİRKƏTİ UKRAYNADA DRON ZAVODU TİKİR

Türkiyənin “Baykar” şirkəti Ukraynada dron istehsalı zavodunun tikintisinə başlayıb. Müəssisədə “Bayraktar”ın TB2 və TB3 modellərinin istehsalı nəzərdə tutulub. “Report” agentliyinin məlumatına görə, bu barədə şirkətin rəhbəri Haluk Bayraktar Səudiyyə Ərəbistanındakı sərgidə açıqlama verib. Onun sözlərinə görə, zavod paytaxt Kiyevin yaxınlığında tikilir.

“Tikintini başa vurmaq üçün 12 aya ehtiyacımız var və daha sonra daxili təchizat, təminata və təşkilati struktur məsələlərinə keçəcəyik. Ukraynadakı zavod böyükdür, 500 nəfər işə götürmək planlaşdırırıq”, - şirkət rəhbəri vurğulayıb.

Haluk Bayraktar qeyd edib ki, yeni zavod ildə 120 vahid TB2 və TB3 istehsal etmək iqtidarında olacaq. Davam edən münaqişə ilə bağlı təhlükəsizlik məsələlərinin zavod üçün narahatlıq yaradıb-yaratmayacağı ilə bağlı suala o, planlar üzrə tam sürətlə irəlilədiklərini və heç nəyin onları dayandıra bilməyəcəyini bildirib.

ALMAN NAZİR ÖLKƏSİNİN YOXSULLUQLA ÜZ-ÜZƏ OLDUĞUNU ETİRAF EDİB

Almaniya iqtisadi artımı təmin etmək imkanlarının olmaması səbəbindən yoxsullaşır. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bunu ölkənin maliyyə naziri Kristian Lindner bəyan edib.

“Almaniya artıq rəqabətədavamlı deyil. İqtisadi artımımız olmadığına görə yoxsullaşırıq. Biz geridə qalırıq”, - deyə nazir vurğulayıb.

Məlumata əsasən, Maliyyə Nazirliyi rəhbərinin rəyi Almaniya iqtisadiyyatının “koronavirus pandemiyasından sonrakı ikinci il fonunda” çətin vəziyyətini göstərir.

Xatırladaq ki, daha öncə Almaniya hökumətinin müvəkkili Karsten Şnayder bildirmişdi ki, Almaniya büdcəsi vətəndaşlara maliyyə dəstəyi üçün nəzərdə tutulan vəsaiti tükəndirib.

ÜST: AFRİKA VƏBANIN EPİSENTRİNƏ ÇEVRİLİB

Afrika dünyada yayılan vəba xəstəliyinin episentrinə çevrilib. “TASS” agentliyinin xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika regional bürosunun fövqəladə hallar üzrə mütəxəssisi Fiona Braka Cenevrədə keçirdiyi brifinq zamanı bəyan edib.

Təşkilat nümayəndəsi 2021-ci ildən bəri bütün dünyada vəba xəstəliyinin artdığını, lakin Afrika, xüsusən də onun şərq və cənub hissələrinin bu gün episentr olduğunu vurğulayıb.

“Bu ilin ilk dörd həftəsində ÜST Afrika bölgəsindəki 10 ölkədə 26 mindən çox xəstəliyə yoluxma, 700 ölüm faktı barədə məlumat verib. Bu rəqəmlər 2023-cü ilin eyni dövrü ərzində qeydə alınan rəqəmlərdən təxminən iki dəfə çoxdur”, - deyə Fiona Braka əlavə edib.

Verilən xəbərə görə, ÜST ilk növbədə Zambiya və Zimbabvedəki vəziyyətdən narahatdır. Təşkilat həmçinin Mozambik, Tanzaniya, Konqo Demokratik Respublikası, Efiopiya və Nigeriya da xəstəliyin aktiv yayılması barədə məlumat verib.

BMT-DƏN ABŞ VƏ İRAN ARASINDAKI GƏRGİNLİKLƏ BAĞLI BƏYANAT

BMT ABŞ və İran arasında davam edən gərginliklə bağlı bəyanat verib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, güc nümayişi əvəzinə, bütün səylər İraqın daha geniş bir münaqişəyə cəlb edilməsinin qarşısını almağa yönəlməlidir.

Eyni zamanda, xəbər verilir ki, İraqdakı hadisələr BMT Təhlükəsizlik Şurasında müzakirə edilib. Burada üzv ölkələri məlumatlandıran BMT-nin İraq üzrə xüsusi nümayəndəsi Janin Hennis-Plashart Qəzzadakı vəziyyət və digər hərbi fəaliyyətlər səbəbindən həm ümumilikdə Yaxın Şərqin, həm də İraqın “kritik döngədə” olduğuna diqqət çəkib.

Janin Hennis-Plashart qeyd edib ki, İraq hökuməti regional gərginliyin həm İraqa, həm də bölgəyə yayılmasının qarşısını almağa çalışır.

Eyni zamanda, xüsusi nümayəndə qeyd edib ki, hücumlar davam edərsə, İraqın xüsusilə son 18 ayda əziyyətlə əldə etdiyi sabitliyə təhlükə yaranacaq.

Janin Hennis-Plashart İraqın sabitliyi və rifahını qoruyub saxlamasının vacibliyini vurğulayaraq bu mühiti təmin etmək üçün bütün tərəflərin təmkinli hərəkət etməli olduğunu diqqətə çatdırıb.

Aİ-NİN RUSİYAYA TƏTBİQ EDƏCƏYİ SANKSİYALARIN TƏFƏRRÜATLARI

Avropa İttifaqı (Aİ) Rusiyaya əlavə sanksiyalar tətbiq etməyə hazırlaşır. Yeni qara siyahının fevralın 24-də, müharibənin ikinci ildönümündə elan edilməsi planlaşdırılır. “Report” agentliyi “EUobserver” nəşrinə istinadən xəbər verir ki, sanksiyaların müəyyən təfərrüatları məlum olub.

Jurnalistlərə açıqlama vermiş bir neçə Aİ diplomatının sözlərinə görə, sanksiyalar siyahısına, xüsusən də Ukraynaya qarşı döyüş əməliyyatlarında iştirak edən “onlarca” Rusiya və Belarus hərbi qulluqçusu daxil olacaq. Həmçinin ukraynalı uşaqların qanunsuz deportasiyası və oğurlanmasında iştirak edən Rusiya vətəndaşlarına qarşı “minisanksiyalar” tətbiq olunacaq.

Bununla yanaşı, qeyd olunub ki, qara siyahıda Avropa İttifaqından kənarda, beynəlxalq sanksiyalara baxmayaraq, Rusiyaya qadağan olunmuş silah komponentlərini əldə etməyə kömək edən bir neçə şirkətin də adı çəkilir.

Məlumata görə, Aİ-nin Brüsseldəki səfirlikləri tezliklə siyahı üzrə danışıqlara başlayacaq. Nəşr bildirib ki, dekabrda Rusiyaya qarşı 12-ci sanksiyalar paketinin tətbiqindən sonra “Aİ-nin Rusiya metallarına, mayeləşdirilmiş qaza və ya nüvə şirkətlərinə yeni embarqosu kimi hər hansı mühüm bənd daxil deyil, çünki bunun tez bir zamanda razılaşdırılması lazımdır”.

III KARL XƏRÇƏNGDƏN MÜALİCƏ ZAMANI İŞİNİN İCRASINI DAVAM ETDİRƏCƏK

Böyük Britaniya kralı III Karl xərçəng xəstəliyinin müalicəsi zamanı baş nazir Rişi Sunak ilə həftəlik görüşlər keçirmək niyyətindədir. Bu barədə “Sky News” və “BBC” telekanallarının məlumatında qeyd olunur.

Bildirilir ki, həkimlər krala müvəqqəti olaraq vəzifəsindən əl çəkməyi və dövlət problemlərini həll etməməyi, həmçinin sənədlərlə işləməməyi tövsiyə ediblər. Lakin III Karl bu tövsiyələrdən bəzilərini pozacaq.

Məsələn, o, hər səhər parlamentin qəbul etdiyi qanunları öyrənmək niyyətindədir. Kral qırmızı portfeldə ona verilən sənədləri imzalamağı davam etdirəcək.

Bununla yanaşı, bildirilir ki, kral Bukingem sarayında baş nazirlə görüşlərini də ləğv etməyəcək. Tərəflər mühüm hadisələri də müzakirə edəcək və kral hökumət başçısına müvafiq məsləhətlər verməkdə davam edəcək.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.