Demokratiya dərsi keçən Amerikanın özünün acınacaqlı vəziyyəti
Siyasət

Demokratiya dərsi keçən Amerikanın özünün acınacaqlı vəziyyəti

Tarixinin ən qütbləşmiş dövrlərindən birini yaşayan ABŞ-da vəziyyət günü-gündən pisləşir. Ölkə sonuncu dəfə 159 il əvvəl vətəndaş müharibəsi zamanı belə qütbləşmişdi. Qütbləşmənin əsasını Demokratlar və Respublikaçılar arasında gedən amansız siyasi mübarizə təşkil edir. Prezident seçkiləri öncəsi bu mübarizə daha radikal və aqressiv bir hal alıb. Düzdür, ənənəvi ABŞ cəmiyyəti bu rəqabəti sevsə də, partiyalararası mübarizədən bezən və alternativ yol seçən bir qrup da var. Hansı ki, bu qrup "Artıq birlikdə yaşaya bilmərik" deyir.

Belə ki, Respublikaçıların üstünlük təşkil etdiyi Texas və Demokratların nəzarətində olan Kaliforniya ştatları ABŞ-dan ayrılmaq istəyir. Son illərdə bu istiqamətdə çıxışlar, təkliflər səslənir. Texas ştatında isə proses daha radikal və ciddi bir hal alıb. İlk öncə onu qeyd edim ki, bu gün müstəqillik tələb edən Texas ştatının dövlətçilik keçmişi var. Texas 2 mart 1836-cı ildən 19 fevral 1846-cı ilə qədər müstəqil dövlət olub. Düzdür, Meksika bu illər ərzində Texası üsyançı bir əyalət kimi görsə də, ABŞ 1837-ci ilin martında Texas Respublikasını tanıyan ilk ölkədir. Diqqətçəkən digər bir məqam isə Texasın rəsmi olaraq 19 fevral 1846-cı ildə öz istəyi və xalq referendumu ilə ABŞ-ın 28-ci ştatı olmasıdır. Bundan başqa, ABŞ vətəndaş müharibəsi zamanı Texas ştatı Konfederasiyaya qoşulmazdan əvvəl 1 fevral - 2 mart 1861-ci il tarixləri arasında bir aylıq müddətdə yenidən müstəqil olub. Bu mənada Texas ştatının hazırda ABŞ-dan ayrılıb yenidən müstəqil ölkə olmaq istəməsi təəccüblü deyil.

Son illərdə Respublikaçı və Demokratların mübarizəsi fonunda Texas ştatında ABŞ-dan ayrılma çağırışları artıb. Sonuncu immiqrasiya qalmaqalları fonunda isə bu çağırışlar daha da güclənib. Buna səbəb federal hakimiyyət orqanlarına ştatın qubernatoru Qreq Ebbotun Meksika ilə sərhəddə inşa etməyə başladığı tikan-məftilli səddi sökməyə icazə verən Ali Məhkəmənin qərarı olub. Belə ki, Texas qubernatoru Baydenin Meksika sərhədindən tikanlı məftillərin çıxarılması tələblərinə əməl etməyəcəyini və miqrantlara qarşı istehkamlar tikməyə davam edəcəyini bildirib. Qubernator ştatın Milli Qvardiyasının sərhədi öz nəzarətində saxlamağa davam edəcəyini, eyni zamanda federal qüvvələrin müdaxiləsinə icazə verməyəcəklərini bildirib. Miqrant axını davam etdiyi üçün ştatın Milli Qvardiyası sərhədə nəzarəti ələ keçirib. Ağ Evin bu cür hərəkətlərindən sonra Respublikaçıların iqtidarda olduğu 25 ştat Baydeni sərhədi qorumamaqda ittiham edib və Texası dəstəkləyəcəyini bildirib.

Prosesdən istifadə edən isə "Texit" hərəkatının lideri Daniel Millerdir. Belə ki, o, vəziyyətdən istifadə etməyə çalışaraq ABŞ-da başlayan Respublikaçıların praymerizində Texasın müstəqilliyi məsələsini səsverməyə çıxarıb.

Belə bir referendumun keçirilməsi üçün Respublikaçılar Partiyasına petisiya verilib. O, 139 456 səs toplayıb. Lakin partiya rəsmiləri ərizələrin verilməsi müddətinin pozulmasını və bəzi imzaların etibarsız ola biləcəyini əsas gətirərək, "Texit"dən imtina ediblər. Məhkəmədə buna etiraz etmək cəhdi Texasın müstəqilliyi tərəfdarları üçün uğursuzluqla nəticələnib. Bununla belə, ABŞ Konstitusiyasında Ağ Evin demokratik təsisatları və əsas prinsipləri pozması halında ştatlara silahlı çevriliş etmə haqqı tanınır. "Texit" baş verərsə, ABŞ neft hasilatının 40 faizini və 1.9 trilyon dollarlıq dünyanın 9-cu ən böyük iqtisadiyyatını itirə bilər.

Həmçinin qeyd edək ki, hazırda namizəd kimi daha çox görünən Amerikanın keçmiş prezidenti Donald Trampın qarşısının kəsildiyinin şahidi oluruq. Bu bir daha Amerikanın dünyada demokratiya dərsi keçməyinin sadəcə siyasi məqsədlərini ört-basdır etməkdən ibarət olduğunu göstərir. Təsadüfi deyil ki, Trampın prezidentliyi dövründə ABŞ dünyanın bir çox regionundan qüvvələrini geri çəkdi. Hətta onun dövründə Azərbaycanla və region ölkələrlə də münasibətlər kifayət qədər yaxşı idi. Trampın hakimiyyəti dünya miqyasında daha uğurlu idi.

Bu gün də Amerikada baş verənlər demokratiyanın pozulması deməkdir. ABŞ dünyada bu tip hadisələrlə daha çox tanınır. Faktiki olaraq, Trampın seçki yolunda ona maneələr yaradılması seçki hüquqlarının pozulmasıdır. Və bu, Amerika demokratiyası adına böyük bir ləkədir.

Turan RZAYEV,

siyasi şərhçi.