Düşmən arzusuna çatmadı, çünki tarixi ədalət var!..
Siyasət

Düşmən arzusuna çatmadı, çünki tarixi ədalət var!..

"Şəhərlərimizin, kəndlərimizin işğaldan azad edilməsi və bu gün Şuşa şəhərinin, qədim Azərbaycan şəhərinin azad edilməsi, əlbəttə ki, böyük tarixi hadisədir". Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Şuşanın azad edilməsi həqiqətən tarixi hadisə idi, çünki bu, ilk növbədə müharibənin yekunlaşmaq üzrə olmasının təsdiqi idi.

Bəli, 44 gün davam edən hərbi əməliyyatlar bu qədim şəhərin azad edilməsindən, üçtərəfli sazişin imzalanmasından sonra dayandırıldı. Ay yarım gedən fasiləsiz döyüşlər zamanı uzunmüddətli istehkamlar sistemi yarıldı, düşmən ordusu isə tamamilə darmadağın edildi. Ermənistan rəhbərliyinin bu münaqişəyə digər ölkələri cəlb etmək cəhdləri alt-üst oldu, nə dünya kütləvi informasiya vasitələrindəki yalanlar, nə bu müharibəni islam və xristian mədəniyyətlərinin toqquşması kimi təqdim etmək səyləri, nə Azərbaycanın terrorizmdə ittiham edilməsi, nə də Azərbaycan şəhərlərinin ballistik raketlərindən atəşə tutulması onlara bir fayda verdi. Demək olar ki, bütün dünya birliyi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək istiqamətindəki səylərinin qanuniliyini təsdiq etdi.

İşğal olunmuş ərazilərin azad edilməsi bütün illər ərzində hər bir azərbaycanlı üçün şərəf məsələsi idi. Bu məsələ təkcə yüz minlərlə insanın öz yurdlarına qayıtması, sərhədlərin təhlükəsizliyinin qorunması demək deyildi, ilk növbədə ədalətin öz yerini tutması və şübhəsiz ki, milli qürurun bərpası demək idi. Son onilliklər ərzində ölkədə qazanılmış nailiyyətlər xalqın şüurunda Azərbaycan Ordusunun Vətən müharibəsindəki Zəfəri ilə müqayisə oluna bilməzdi: Prezident, Ali Baş Komandanın xalq arasında nüfuzu daha da artdı. Bu, xalqın öz lideri ilə birliyinin nümayişi idi.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimində iştirakı zamanı ölkə başçısı xatırlatdı ki, 2004-cü ildən bu günə qədər 16 min kilometrdən çox avtomobil yolu çəkilib və bu göstəriciyə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Ancaq bu yolun xüsusi əhəmiyyəti var: "Eyni zamanda, bu layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir... Biz düşmən tərəfindən viran qoyulmuş torpaqlarımızı bərpa edəcəyik, onu çiçəklənən diyara çevirəcəyik. Azad olunmuş torpaqlar bütöv və yeni Azərbaycanın rəmzinə çevriləcək. Qarabağ Azərbaycandır! Və biz həmişəlik qayıtmışıq!".

2020-ci ilin sentyabrında BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edən Prezident İlham Əliyev bir daha dünyanın diqqətini Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi faktına və Ermənistan hökumətinin təcavüzkar bəyanatlarına, hərəkətlərinə yönəltməyə çalışaraq demişdir: "BMT təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin Ermənistan bu və BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və Avropa parlamenti kimi beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bənzər qərarlara məhəl qoymamışdır.

BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı. Bu isə ikili standartların bariz nümunəsidir".

Təəssüf ki, Ermənistan və Azərbaycan arasında münaqişənin həllinə nail olmaq məqsədilə yaranan ATƏT-in Minsk qrupu da ötən illərdə bununla bağlı heç bir iş görmədi. Onlar da bu istiqamətdə qətiyyətli addımlar atmadılar. Bu illərdə Ermənistan status-kvonu saxlamaq və işğalı möhkəmləndirmək mövqeyindən əl çəkmədi. Azərbaycan Prezidenti dəfələrlə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyi məsələsini qaldırsa da, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək üçün Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq olunmadı.

2018-ci ildə Ermənistanda hərbi cinayətkarlar olan Köçəryan-Sarkisyan rejimi devrildi, yeni hökumətlə ciddi şəkildə danışıqlar aparmaq üçün ümidlər yarandı. Azərbaycan tərəfi hakimiyyət dəyişikliyindən sonra Ermənistandan gələn istənilən müsbət siqnala cavab verməyə hazır idi, lakin Ermənistandakı rejimin dəyişməsi də məsələnin həllində dönüş yaratmadı. Yeni hökumət də Azərbaycanla dinc qonşuluq əvəzinə, işğalın davam etdirilməsi yolunu seçdi.

2018-2019-cu illərdə Ermənistan danışıqlar prosesini demək olar ki, məhv etdi. "Qarabağ Ermənistandır və nöqtə" - deyən N.Paşinyan məsuliyyətsiz çıxışları, hərəkətləri ilə daha irəli getdi: "İşğal olunmuş torpaqların bir qarışı belə qaytarılmayacaq". Qəbuledilməz və əsassız "yeddi şərt" irəli sürən ermənilər artıq dünyaya meydan oxuyurdular.

2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədi boyu hərbi təxribatlar törətdi, Azərbaycanın Tovuz rayonu istiqamətində açılan artilleriya atəşi nəticəsində 13 hərbçi və mülki vətəndaş həlak oldu. Daha sonra avqust ayında Ermənistanın diversiya qrupu təmas xəttini keçərək Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı terror aktları törətməyə cəhd etdi, lakin bunun qarşısı alındı.

BMT Baş Assambleyasının 75-ci sessiyasında Azərbaycan Prezidenti dünya birliyinə, xüsusən də ermənilərin havadarlarına daha bir xəbərdarlıq etdi: "Ermənistan rəhbərliyinin düşmən, Azərbaycanofob bəyanatları və təxribatları Ermənistanın Azərbaycana qarşı yeni hərbi təcavüzə hazırlaşdığını nümayiş etdirir". Və tarix bu sözlərin boşuna deyilmədiyini təsdiqlədi. Həmin çıxışdan üç gün sonra - sentyabrın 27-də ermənilərin növbəti hərbi təxribatı Vətən müharibəsinin başlanması üçün yetərli əsas oldu. Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək öz ərazilərində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı.

Tarixi bir həqiqət var: Böyük qələbəyə gedən yol Aprel döyüşlərindən başlayır. Aprel döyüşləri ərəfəsində Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni təkliflər irəli sürmüşdülər. Eyni zamanda ABŞ hökuməti Ermənistana həmin mövzuya dair bir sıra müraciətlər ünvanlamışdı. Beləliklə, sülh yolu ilə nizamlanmanın yeni perspektivləri formalaşmağa başlamışdı. Lakin belə bir dönüş Ermənistan rəhbərlərini qətiyyən qane etmirdi. Status-kvonun dəyişdirilməsinə mane olmaq üçün Ermənistan tərəfi sınanmış təmas xəttində vəziyyətin gərginləşdirilməsinə əl atdı. Ermənistan silahlı birləşmələri Azərbaycanın cəbhəyanı mövqelərini və dinc əhalinin yaşadığı kəndləri atəşə tutdu. Azərbaycan Ordusunun komandanlığı əks-hücum əməliyyatının aparılmasına qərar verdi. Məqsəd düşmənin atəş nöqtələrini susdurmaq və onu mülki əhali üçün təhlükəsiz məsafəyə çəkilməyə vadar etmək idi.

Aprel döyüşlərinin nəticəsi bəllidir. Düşmən o döyüşlərdə 300 nəfərdən çox itki verərək geri çəkildi. Cocuq Mərcanlı kəndi dinc yaşayış imkanı qazandı və Qarabağın azadlığının başlanğıcının rəmzinə çevrildi. Ermənilər Azərbaycan Ordusunun gücünü gördü, amma bu onlara dərs olmadı. Yeni-yeni təxribatlarla müharibəni labüd etdilər. Bu dəfə isə onlara heç bir şans verilmədi...

Müharibənin öz qanunları var. Ermənilər bu qanunlara da məhəl qoymadılar. Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə yerləşən rayon və şəhərlərimizi, həmçinin cəbhə bölgəsindən uzaqda yerləşən şəhərləri də atəşə tuturdu. Qadağan olunmuş silahlardan istifadə edir, bununla da hərbi cinayətlər törədirdi. Hansı yola əl atsa da, Azərbaycan Ordusunun gücü qarşısında tab gətirə bilməyən ermənilər məğlubiyyət aktına imza atmaq məcburiyyətində qaldılar. "Qarabağ Ermənistandır və nöqtə" deyib erməni xalqında boş ümidlər yaradan N.Paşinyan üzə çıxıb bu aktı imzalamaq üçün özündə güc də tapa bilmədi. Bir il əvvəl Cıdır düzündə yallı gedib "göylərdə uçan" bu səriştəsiz, məsuliyyətsiz siyasi rəhbər xalqının qınağına tuş gəldi, özünü rəzil etdi. Görəsən, "İşğal olunmuş bir qarış torpaq da geri qaytarılmayacaq" - deyən erməni siyasiləri heç azacıq da olsa utanc hissi keçirirlərmi? Əgər belə olsaydı, indi yeni müharibə xəyalına düşməzdilər. Məlum bir həqiqəti onlara, "öz dillərində" anlada bilən tapılsaydı, bilərdilər ki, Azərbaycan Ordusu torpaqlarını azad etməyə də, onu qorumağa da hər zaman hazır və qadirdir. Bunu 44 günlük Vətən müharibəsi də göstərdi.

Arzu, arzudan doğur, ermənilərin də Azərbaycan torpaqları ilə bağlı arzuları uzun illərdir ki, bitib-tükənmir. Havadarlarının köməyi ilə zaman-zaman ələ keçirdikləri torpaqlarımızla bağlı arzuları isə elə arzu, xəyal olaraq qalacaq, çünki tarixin ədaləti var!..

Zümrüd QURBANQIZI,

"Respublika".