Bir dost ki dost ilə hey nifaq eylər, O, demək, düşmənlə ittifaq eylər
Siyasət

Bir dost ki dost ilə hey nifaq eylər, O, demək, düşmənlə ittifaq eylər

Qərəzli və ikili mövqedən çıxış edən ABŞ müstəqil xarici və daxili siyasət yürüdən dövlətlərə qarşı total hücuma başlayıb və növbəti dəfə anti-Azərbaycan "hesabat"la çıxış edib. ABŞ-ın Dini Azadlıq Komissiyasının əvvəlkilərin təkrarı olan bu "sənəd"i nəinki reallığı əks etdirir, əksinə qərəz və ziddiyyətlərlə doludur. Bu dəfə rəsmi Vaşinqton Azərbaycanda mövcud olan dini azadlıq mühitini nəzərə almayaraq növbəti cəfəngiyyat uydurub. Əlbəttə, sənədin erməni mənşəli amerikalının "zəhmətinin" məhsulu olması bir başqa söhbətin mövzusudur. Reallıq isə budur ki, ABŞ göydəndüşmə faktlardan yararlanan erməni müəllifin "hesabatı" hazırlamasına şərait yaratmaqla necə bir "tərəfsiz" olduğunu göstərdi. Bu fakt ölkə üçün həqiqətlərin deyil, siyasi maraq və mənafelərin böyük əhəmiyyət daşıdığını bir daha sübuta yetirdi.

Görünən odur ki, "hesabat" erməni lobbisi ilə birlikdə hazırlanıb. Bu isə birmənalı şəkildə fövqəldövlət olmağa iddialı ölkə adına utancvericidir. Yəni ATƏT-in keçmiş Minsk qrupunun üzvü olan Amerika Birləşmiş Ştatlarının birtərəfli qaydada, yalnız erməni mənbələrindən istifadə etməklə sənəd hazırlaması tərəfkeşlikdir. "Hesabat"da Azərbaycan ilə bağlı iddiaların əsas mənbəyi kimi ABŞ-ın Kornel Universiteti, "Ümumerməni Xeyriyyə İttifaqı", "Araqats Fondu" kimi ekstremist təşkilatlar tərəfindən maliyyələşdirilən üç radikal millətçi erməni müəllifin (L.Xaçaturyan, H.Qulyan, S.Bokçeriyan) yazdıqları hesabatın qərəzli olmasını sübut edir. Bundan əlavə, hesabatın əsas müəllifləri sırasında Amerika Erməni Assambleyasının əməkdaşı Daniel Aşbahyanın yer alması sözügedən kağız parçasının əsl təyinatının nədən ibarət olmasına şübhə yeri qoymur.

ABŞ Konqresi tərəfindən təsis edilmiş komissiyanın ədalətsizliyinin ən bariz sübutu ondan ibarətdir ki, bu qurum Ermənistanın vandalizm əməllərini izləmir və bu ölkə haqqında hesabat dərc etmir. Belə çıxır ki, Ermənistan azərbaycanlıları etnik və dini nifrət zəminində doğma torpaqlarından qovmaqla və bu ölkədə vaxtilə qeydiyyatdan keçmiş azərbaycanlılara məxsus məscidləri, digər dini və mədəni irsi dağıtmaqla dini azadlıq işinin öhdəsindən "uğurla gəlib". Buradan aydın olur ki, Komissiyanın fəaliyyəti islamofob xarakter daşıyır və müsəlmanlara qarşı ədalətsizliyi təşviq edir.

ABŞ Dövlət Departamentinə Antoni Blinken rəhbərlik edir. Görünür, bu şəxs sələfinin işinin davamında israrlıdır və rəhbərlik etdiyi qurum dünya ölkələrində dini azadlıqlarla bağlı illik hesabatının Azərbaycana aid hissəsində əsassız, reallıqla heç bir əlaqəsi olmayan qərəzli iddialara yer verir. Ümumbəşəri dəyərləri qorumaq adı ilə ABŞ azadlıq və demokratiya ilə bağlı ideyaları "təbliğ edir". Rəsmi Vaşinqton xarici siyasətdə dini mövzulardan istifadə etməklə, ölkələrin daxili işlərinə qarışır. Əlbəttə, buna müyəssər olması qeyri-mümkündür. Nəzərə alaq ki, Bakıya qarşı belə iddiaların irəli sürülməsi sadəcə, siyasi riyakarlıqdır.

Qeyd edək ki, mayın 2-si Qərbi Azərbaycan İcması ABŞ-ın Dini Azadlıq Komissiyasının bu günlərdə dünyada dini azadlıqların vəziyyətinə dair növbəti illik hesabatına münasibət bildirib.

Qərbi Azərbaycan İcması həmin hesabatı qətiyyətlə rədd edir və ABŞ Dövlət Departamentini və Konqresini mənasız vasitələrlə Azərbaycana qarşı təzyiq göstərmək niyyətindən əl çəkməyə çağırır. İcma ABŞ hökumətindən dini azadlıq sahəsində real problemlə - Ermənistanda dağıdılmış Azərbaycan dini irsi məsələsi ilə məşğul olmasını, oradan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarının təmin edilməsi və onların hüquq və azadlıqlarının, o cümlədən dini azadlıqlarının qorunması üçün müvafiq səylər göstərməsini tələb edir.

Aiza ŞABANOVA,

"Respublika".