Siyasət

"ÇİN-AZƏRBAYCAN ƏBƏDİ DOSTLUĞUNA VƏ ÇİÇƏKLƏNMƏSİNƏ TÖHFƏ VERƏK!"

Bu gün Çin Xalq Respublikasının yaradılmasının 74-cü ildönümüdür

Çin Xalq Respublikasının yaradılmasının 74-cü ildönümü münasibətilə Çinin Azərbaycandakı Səfirliyi adından həmvətənlərimə səmimi bayram təbriklərimi və Çin-Azərbaycan dostluğu naminə xeyli müddətdir ki, fəaliyyət göstərən və bu münasibətləri dəstəkləyən bütün ictimai dairələrin nümayəndələrinə səmimi-qəlbdən öz minnətdarlığımı bildirməkdən şərəf duyuram.

Ötən 74 il ərzində Çin Kommunist Partiyası çoxmillətli xalqı öz arxasınca apararaq davamlı təcrübə və böyük səylərlə həyata keçirdiyi axtarışlar sayəsində Çin xüsusiyyətli sosializmin inkişaf yolunu təmin etmişdir. Ayağa qalxaraq nəhəng inkişaf yolu qət etmiş Çin xalqı zənginləşdi və daha da gücləndi. Çin xalqının böyük dirçəlişi geri dönməz bir tarixi prosesə çevrildi. Hərtərəfli müasir və güclü sosialist dövlətinin qurulmasını, ikinci yüzillik mübarizəsinin məqsədlərinin həyata keçirilməsini və Çin millətinin böyük dirçəlişini hərtərəfli dəstəkləyərək başlıca vəzifələri müəyyən edən, Çinin gələcək inkişafı üçün nəhəng bir plan hazırlayan Çin Kommunist Partiyasının XX Ümumçin qurultayı ötən ilin oktyabrında uğurla keçirildi.

Bu il eyni zamanda ÇXR-in Sədri Si Cinpinin "Bəşəriyyətin vahid taleyi cəmiyyəti" konsepsiyasının irəli sürülməsinin on illiyi qeyd olunur. BMT Təhlükəsizlik Şurasının daimi üzvü, dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib olan və bəşəriyyətin inkişafı tarixində sivilizasiyası, mədəniyəti fasiləsiz surətdə öz mövcudluğunu davam etdirən yeganə dövlət olaraq, Çin bütün dünyada sülhü, inkişafı və sivilizasiyanın tərəqqisini təmin etməklə əlaqəli vəzifələri cəsarətlə öz üzərinə götürür. Qlobal inkişaf, təhlükəsizlik, sivilizasiya təşəbbüslərini irəli sürməklə, dünyanın inkişafı problemlərini həll etmək, qlobal təhlükəsizlik çağırışlarına cavab vermək və sivilizasiyalar arasında mübadilə və qarşılıqlı təmasları təşviq etmək üçün dövlətimiz öz həll variantlarını təqdim edir ki, bütün bunlar mahiyyət etibarilə qədim Çin müdrikliyinin təzahürüdür. Və bu gün bəşəriyyətin vahid taleyə malik cəmiyyətin qurulması konsepsiyası getdikcə daha da populyarlaşır. Çin hər zaman dünya sülhünün qurucusu, qlobal inkişafa töhfə verən və bəşər sivilizasiyasının tərəqqisini təşviq edən tərəf olacaqdır.

Çin və Azərbaycanı dağların, çayların ayırmasına baxmayaraq, ölkələrimizin ənənəvi dostluğu dərin tarixə söykənir. Qədim İpək Yolundan başlayaraq hazırkı "Bir kəmər, bir yol" layihəsinin birgə yaradılmasına qədər Çin və Azərbaycan siyasi qarşılıqlı etimadın və strateji əməkdaşlığın gücləndirilməsi istiqamətində yorulmadan fəaliyyət göstərir. Ölkələrimiz praqmatik əməkdaşlıqda məhsuldar nəticələr əldə edir, mövcud olan humanitar əlaqələr isə daha da sıxlaşır. Ölkələrimiz arasında əməkdaşlıq yolları genişlənir, inkişaf perspektivləri daha da parlaq olmağa başlayır. Hazırda Çin və Azərbaycan arasında ikitərəfli münasibətlər tarixinin ən yüksək səviyyəsindədir. İki ölkəni möhkəm dostluq, tərəfdaşlıq və ortaq tale birləşdirir. Ötən ilin sentyabrında Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd sammiti zamanı Çin Xalq Respublikasının sədri Si Cinpinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında uğurlu görüş keçirilib, ikitərəfli münasibətlərin gələcək inkişafının istiqamətləri müəyyənləşdirilib.

Bu ilin əvvəlindən ölkələr arasında ikitərəfli yüksək səviyyəli mübadilələrdə yeni yükşəliş müşahidə olunub. Azərbaycan Prezidenti İlham Əliyev Çinin media korporasiyasına eksklüziv müsahibə verib və Çin-Azərbaycan münasibətlərinin və "Bir kəmər, bir yol" təşəbbüsünün əhəmiyyəti barədə müsbət danışıb. Onun sözləri diqqəti cəlb edib və rəğbətlə qarşılanıb. Azərbaycan Prezidentinin köməkçisi, Yeni Azərbaycan Partiyasının sədr müavini, Prezidentin xüsusi nümayəndəsi və bir çox nazirlər bir-birinin ardınca Çinə səfərlər ediblər. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ilk tədbir təntənə ilə Pekində keçirilmişdir. Bu, Azərbaycanın sərhədlərindən kənarda keçirilən ilk belə tədbir olmuşdur. Qoşulmama Hərəkatının növbədənkənar sammitində, Bakı Qlobal Forumunda, Milli Şəhərlər Forumunda və Beynəlxalq Astronavtika Konqresində iştirak etmək üçün Çin Azərbaycana yüksək səviyyəli nümayəndə heyəti göndərib. Hörmətli Baş nazirin müavini Şahin Mustafayev tezliklə Çinə səfər edəcək və Çin-Azərbaycan hökumətlərarası ticarət-iqtisadi əməkdaşlığı üzrə Komitənin doqquzuncu iclasına rəhbərlik edəcək. Bu, iki dövlət başçısının əldə etdiyi mühüm konsensusun hərtərəfli reallaşmasına və Çin ilə Azərbaycan arasında müxtəlif sahələrdə praktiki əməkdaşlığın sürətlə inkişafına kömək edəcək. Ölkələrimiz "Bir kəmər, bir yol" layihəsinin birgə yaradılmasında əhəmiyyətli irəliləyişə nail olublar. Çin-Avropa istiqamətində 10-dan çox yük dəmir yolu marşrutu Azərbaycan ərazisindən keçir. Ölkələrimizin bir çox rayon və şəhərləri ilə qardaşlaşmış şəhərlər münasibətləri qurulub. Mədəni və humanitar mübadilələr yüksək səviyyədədir, ikitərəfli ticarət və investisiya əməkdaşlığı genişlənir və dərinləşir. İnanırıq ki, iki dövlət başçısının rəhbərliyi ilə Çin-Azərbaycan münasibətlərini daha da parlaq gələcək gözləyir.

74 illik enişli-yoxuşlu yollarla irəliyə doğru böyük addım atan Çin xalqı öz tarixində taleyin bir çox təlatümlərindən keçsə də, ilkin niyyətlərini dəyişməyib. Çin xalqı dəyişməz olaraq Çin xüsusiyyətli sosializm yolu ilə irəliləyir, Çin tipli modernləşməni fəal şəkildə irəli aparır və milli dirçəliş kimi böyük məqsədə doğru cəsarətlə addımlayır. Gəlin, dünyada sülhün inkişafına, Çin və Azərbaycanın əbədi dostluğuna və çiçəklənməsinə töhfə vermək üçün birgə addımlayaq! Yaşasın ölkələrimiz arasında əbədi dostluq!

Qo MİN,

Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri.