Ulu Öndərin əsasını qoyduğu hüquqi islahatlar bəhrəsini verir
Siyasət

Ulu Öndərin əsasını qoyduğu hüquqi islahatlar bəhrəsini verir

Xalqımız əsrlər boyu müstəqil hüquqi dövlətdə demokratik şəraitdə yaşamaq arzusunda olub və bu əbədi xoşbəxtliyi ulu öndər Heydər Əliyevin müdrik siyasəti və qətiyyətli rəhbərliyi sayəsində reallaşıb. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi ilk andan - 1969-cu ildən əsası qoyulan hüquqi islahatlar davam etdirilərək müsbət bəhrəsini verib.

1970-ci il oktyabrın 27-də respublikamızda təsis olunan Ədliyyə Nazirliyinin inkişafı üçün geniş zəmin yaradılıb. Ulu öndər "Literaturnaya qazeta" qəzetinin 1981-ci il 18 noyabr tarixli sayında dərc edilmiş "Qoy, ədalət zəfər çalsın" başlıqlı müsahibəsində müdrikcəsinə demişdi ki, biz tərəzinin haqq-ədalət, qanunçuluq, ideyalılıq qoyulan gözünün ağır gəlməsinə nail ola bilərik və olmalıyıq. Ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə ölkəmizdə qanunçuluğun möhkəmləndirilməsinə nail olmaqla müstəqilliyimizə zəmin yaradan böyük işlər görmüşdür.

Respublikamız müstəqilliyini bərpa etdikdən sonra ilkin illər hökm sürən xaos və anarxiya ölkəmizin inkişafına ciddi mane olurdu. Belə bir ağır məqamda xalqımızın yekdil çağırışı ilə ulu öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra qısa zaman kəsiyində müstəqilliyimizin əbədiliyi təmin olundu, respublikamız parçalanaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas oldu. Ölkəmizdə siyasi sabitlik bərpa edildi, demokratik və hüquqi dövlət quruculuğunun təməli qoyuldu.

Ulu öndər 1993-cü ildə respublikamızın gələcək inkişafı üçün nəzərdə tutulan həlli vacib məsələlər barədə demişdir: "Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir".

Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın 1995-ci il 10 noyabr tarixli iclasında çıxışı zamanı ümummilli lider demişdir: "Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq".

Qanunun aliliyini daim əsas tutan ulu öndərin ölkənin Əsas Qanununun - Konstitusiyanın ərsəyə gəlməsindəki müstəsna rolunu xüsusilə qeyd etmək istərdim. Müstəqil Azərbaycanın ilk Konstitusiyası məhz onun bilavasitə rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin noyabrında referendum yolu ilə qəbul edilib. Konstitusiya ali hüquqi qüvvəsi ilə yanaşı, respublikada həyata keçirilən hüquq islahatlarının əsas ideya sənədi olaraq, demokratik, hüquqi dövlət quruculuğuna, ictimai-siyasi, iqtisadi və mədəni həyatımızın inkişafına böyük təsir göstərib.

Ulu öndərin respublikamıza ikinci dəfə rəhbərlik etdiyi illərdə də ədliyyə və hüquq sferasında həyata keçirilən dövlət siyasəti ölkəmiz və xalqımız üçün taleyüklü islahatlar hesab edilməlidir. Ümummilli lider rəhbərliyi dövründə - 1993-2003-cü illərdə 32 əfv, 8 amnistiya aktı imzalamaqla cəzanın adekvatlığı və humanistliyi məsələlərinə xüsusi diqqətlə yanaşdığını sübuta yetirib.

Respublikamızda köklü məhkəmə-hüquq islahatlarının aparılması üçün 1997-ci ildə ən qabaqcıl dövlətlərin təcrübəsinə əsaslanan "Məhkəmələr və hakimlər haqqında" Qanun qəbul olunub. Ulu öndər 1997-ci ildə Vaşinqtonda keçirilən beynəlxalq konfransda ölkəmizdə məhkəmə hakimiyyəti ilə bağlı həyata keçirilən islahatlara toxunaraq demişdir: "Biz Azərbaycanın məhkəmə sistemini tamamilə yeni səviyyəyə qaldırdıq və demokratik prinsiplər əsasında yaratdıq. Bütün hakimlər test üsulu ilə imtahandan, yarışdan keçdilər və kim qalib gəldi, o da hakim təyin olundu".

1998-ci ildə imzalanan "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman ölkəmizdə insan hüquqlarının qorunmasını ümumdövlət səviyyəsinə qaldırdı. Məhz bu səbəbdən də respublikamızda hüquqi islahatların müəyyənləşməsi, həyata keçirilməsi və inkişafı Heydər Əliyevin adı ilə bağlıdır.

Dövlətimizin insan hüquqları sahəsində atdığı ən mühüm addımlarından biri, şübhəsiz ki, ölüm cəzasının ləğvi olmuşdur. Belə ki, 1993-cü ildən icrasına veto qoyulan ölüm cəzası 1998-ci ildə Şərqdə ilk dəfə olaraq Azərbaycanda ləğv edildi. Dünyanın insanpərvər dövlətləri, beynəlxalq təşkilatları və geniş ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilən bu hadisə Heydər Əliyevin necə böyük şəxsiyyət və lider olduğunu bir daha əyani surətdə təsdiqlədi.

Ulu öndər Heydər Əliyevin 1999-cu ildə imzaladığı "Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsi, məhkəmələrin, islah-əmək müəssisələrinin və istintaq təcridxanalarının işinin yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında" Fərmanı hüquqi dövlət quruculuğunda müstəsna əhəmiyyəti ilə seçilir. Belə ki, həmin Fərmanla müstəqillikdən sonra ilk dəfə olaraq məhkəmələrin də maddi-texniki bazasının möhkəmləndirilməsi üçün büdcədə maliyyə vəsaitləri nəzərdə tutuldu. Həyata keçirilən məhkəmə-hüquq islahatlarına uyğun olaraq 2000-ci ildən etibarən yeni, insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başlayıb.

Dahi öndərin misilsiz dövlət idarəçiliyi məharəti nəticəsində ölkəmizdə qanunçuluq, ictimai-siyasi sabitlik bərqərar olunub, neft strategiyasının təməli qoyularaq "Əsrin müqaviləsi" imzalanıb, demokratik, hüquqi dövlət quruculuğuna başlanaraq, ictimai həyatın bütün sahələrində, o cümlədən hüquqi sahədə köklü islahatlar aparılıb.

Ümummilli lider müstəqil və sabit inkişaf edən Azərbaycan dövlətini yaratmaqla yanaşı, xalqımız və dövlətimiz qarşısında daha bir əvəzsiz xidmət göstərib - milli dövlətçilik məktəbi formalaşdıraraq xalqımızın gələcək inkişafını təmin edəcək layiqli siyasi varis yetişdirib. 2003-cü ildə ulu öndər xalqa müraciətində deyirdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətləri olan dahi öndər Heydər Əliyev müstəqilliyimizin xilaskarı olduğu kimi, onun siyasi varisi, Prezident İlham Əliyev də düşmən üzərində Azərbaycanın çoxəsrlik tarixində bənzəri olmayan Zəfər qazanaraq adını doğma torpaqlarımızın xilaskarı kimi tariximizə əbədi həkk etdirib.

Sevindirici haldır ki, ulu öndərin böyük bir uzaqgörənliklə müəyyənləşdirdiyi və uğurla həyata keçirilməsinin təməlini qoyduğu bütün layihələrlə yanaşı, məhkəmə-hüquq islahatları da Prezident İlham Əliyevin məqsədyönlü rəhbərliyi sayəsində uğurla davam etdirilir.

 Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Qanunun tətbiq edilməsi barədə" 2006-cı il tarixli Fərmanda məhkəmə sisteminin müasirləşdirilməsi üçün nəzərdə tutulan tədbirlər konkret olaraq göstərilib.

2019-cu il aprelin 3-də təsdiqlənən "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında Fərman xüsusi əhəmiyyəti ilə seçilir. Fərmanda işin müasir çağırışlara uyğun yeni mərhələdə təşkili nəzərdə tutulub və məqsədyönlü tədbirlər həyata keçirilir. Regionlarda da yeni məhkəmə kompleksləri istifadəyə verilib. Qeyd etmək istərdim ki, Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində tikilən Şəki Məhkəmə Kompleksi təxminən 1 milyon 370 min əhaliyə xidmət göstərir. Digər yeni məhkəmə binalarında olduğu kimi, müasir informasiya-kommunikasiya qurğularının quraşdırıldığı kompleksdə də tam normal iş şəraiti yaradılıb.

Cənab Prezident İlham Əliyevin ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi üzrə tədbirlər çərçivəsində dövlət başçısının təşəbbüsü ilə son illər ərzində cinayət qanunvericiliyində mühüm dəyişikliklər edilərək, bir çox əməllər dekriminallaşdırılıb, azadlıqdan məhrum etməyə alternativ cəzalar müəyyən edilib, bəzi cəzalar yüngülləşdirilib, azadlığın məhdudlaşdırılması yeni cəza növü təsbit olunub.

Məhkəmə fəaliyyətində şəffaflığın təmin olunmasında və əlçatanlığın yaxşılaşdırılmasında məhkəmə infrastrukturunun əhəmiyyəti nəzərə alınaraq dövlət başçısının tapşırıqlarına əsasən paytaxtda və bölgələrdə 35 məhkəmə üçün ən qabaqcıl İKT ilə təchiz edilmiş yeni bina, başqa sözlə, "hi-tech" məhkəmələr inşa olunub.

Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı keçirilən çoxsaylı tədbirlərə kollektivimiz də böyük sevinc hissi ilə qatılır. Şəki Şəhər Heydər Əliyev Mərkəzini ziyarət edib, əməkdaşlarımız yubileylə əlaqədar Şəki Məhkəmə Kompleksində yerləşən digər məhkəmələrin əməkdaşları ilə bərabər, ağacəkmə və qanvermə aksiyalarında iştirak edib, əməkdaşlarımız arasında dama turniri keçirməklə məhkəmə kompleksinin işçiləri ilə birlikdə şəhid ailələrini ziyarət edərək onlara öz dəstəyini göstərir. Bir sözlə, kollektivimizin hər bir üzvü ümummilli liderimizin əbədi xatirəsini böyük ehtiramla yad etməklə müdrik ideyalarına uyğun olaraq məhkəmə hakimiyyətinin nüfuzunun durmadan artmasına çalışır.

Ceyhun ƏHMƏDOV,

Şəki Rayon Məhkəməsinin sədri.