Düşünülmüş siyasətin nəticəsi
Siyasət

Düşünülmüş siyasətin nəticəsi

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının missiyası başa çatır. Həm 2020-ci il 44 günlük Vətən müharibəsində qazandığımız qələbə, həm də 2023-cü ildə Xankəndidə keçirdiyimiz antiterror tədbirləri ilə separatçılığın kökünün tamamilə kəsilməsi, ardınca isə rus sülhməramlılarının vaxtından əvvəl Azərbaycan ərazilərini tərk etməsi İlham Əliyevin siyasi zəkasının növbəti təzahürüdür. Cənab Prezident İlham Əliyev bildirib: “Mən nəyi nə zaman etmək lazım olduğunu bilirəm”. Bu gün regional və qlobal sferada rəsmi Bakının yürütdüyü uğurlu siyasət, hadisələrin gedişatı sübut edir ki, gələcək perspektivdə Azərbaycanı daha böyük uğurlar gözləyir.

Məlumdur ki, Azərbaycan və Rusiya arasında kifayət qədər yüksək siyasi-diplomatik münasibətlər formalaşıb. Məhz rəsmi Bakı və Moskva əlaqələrinin belə pozitiv məcrası fonunda Azərbaycan və Rusiya ali rəhbərliyinin qərarı əsasında sülhməramlılar ərazilərimizi tərk ediblər. Lakin təəssüflər olsun ki, onların bir gün torpaqlarımızdan gedəcəkləri məlum ikən xaricdəki və daxildəki bəzi radikal qüvvələr daim bu mövzunu gündəmə gətirirdilər.

Hesab edirəm ki, sözügedən hadisədən sonra təkcə xarici və daxildəki bəzi radikal, anti-Azərbaycan qüvvələr deyil, həm də onların havadarları əsaslı nəticə çıxarmalı oldu. Ölkəmizin istənilən halda bütün addımları Azərbaycanın önəmli bir dövlət statusunda olduğunu sübut edir.

Tural İSMAYILOV,

politoloq.