Hər günü bir tarix olan şanlı Zəfərimiz
Siyasət

Hər günü bir tarix olan şanlı Zəfərimiz

44 günlük Vətən müharibəsi... Rəşadətli Azərbaycan Ordusu düşmən tapdağı altında olan torpaqlarımızda yüksək peşəkarlıq, döyüş qabiliyyəti, ən əsası isə qəlbində bitməz-tükənməz Vətən eşqi, Vətən həsrəti ilə döyüşdü. Azərbaycan əsgəri 30 il işğal altında qalan ərazilərimizi qarış-qarış, kənd-kənd düşməndən azad etdi, uğrunda canından keçdiyi vətən torpağının bir qarışını belə düşmənə haram edərək mərdlik, qəhrəmanlıq salnaməsi yazdı... Vətən deyib döyüşə atılan, Vətən çağırışına hay verən igid əsgərlərimiz döyüş meydanında düşmənə qan uddurdu, əzəli və əbədi torpaqlarımız işğaldan azad olundu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın azad olunması ilə bağlı xalqa hər yeni qələbə müjdəli müracəti Zəfər salnaməmizin qürur dolu səhifəsinə çevrildi.

Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgəri düşmənin müqavimətini qıraraq 30 illik yurd həsrətimizə son qoydu. Vətən müharibəsində xalqımız zəngin dövlətçilik və hərb tariximizdə daha bir şanlı, qəhrəmanlıq səhifəsi yazdı, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində misilsiz rəşadət göstərən, qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətinə malik olan Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində tarixi ədaləti qan tökərək, şəhid verərək bərpa etdi. Cəmi 44 gün qəhrəman oğullarımız dünyaya sübut etdilər ki, ədalətin qarşısında heç bir saxtakarlıq qalib gələ bilməz. Dünya miqyasında ən güclü ordular sırasında yer tutan, ən müasir silahlarla, texnika ilə təchiz edilən Ordumuzun əsgər və zabitləri hər günü bir tarixə dönən Zəfərimizi yazdı. Ən müasir, beşinci nəsil silahlarla təmin olunmuş Azərbaycan Ordusu torpaqlarımızı işğalçılardan azad edərək bir gün belə geri addım atmadan irəliyə, Zəfərə, Qalibiyyətə doğru inamla addımladı.

Bu möhtəşəm qələbədə hələ 90-cı illərin əvvəllərində ulu öndər Heydər Əliyevin Naxçıvanda əsasını qoyduğu Heydər Əliyev adına hərbi liseyin yetirmələri, Naxçıvan Xüsusi Təyinatlıları əvəzsiz qəhrəmanlıqlar, hünər göstərdilər. Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi ədaləti bərpa edərkən Ordumuzun Xüsusi Təyinatlıları xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirdilər. Onların qayalara dırmaşaraq Şuşa şəhərini işğaldan azad etməsi dünya hərb tarixinin heyrətamiz nümunəsinə çevrildi. Onlar müharibənin ilk günündən sonuna qədər dayanmadan, durmadan irəli gedərək torpaqlarımızın işğaldan azad olunmasında hünər, rəşadət, mətinlik nümayiş etdirdilər. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin "N" saylı hərbi hissəsinin şəxsi heyəti qarşısında çıxış edərkən demişdir: "Mən sizinlə fəxr edirəm. Bütün Azərbaycan xalqı sizinlə fəxr edir. Ermənistan, Ermənistan silahlı qüvvələri Azərbaycan xüsusi təyinatlılarının adı gələndə titrəməyə başlayırlar. Onların canlarında olan bu xof bu günə qədər çıxmayıb və çıxmayacaq".

Ali Baş Komandan İlham Əliyev öz Ordusunu dünya hərb sənayesinin ən müasir nailiyyətləri ilə silahlandıran sərkərdədir. Belə ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın Türkiyə və İsraildən aldığı kəşfiyyat və zərbə dronları düşmən hədəflərinin müəyyən edilməsi və məhv edilməsində mühüm rol oynamış, nəticədə işğalçı orduya məxsus, dəyəri milyonlarla dollarla hesablanan hərbi texnika, hava hücumundan müdafiə sistemləri, artilleriya qurğuları məhv edilmişdi. Eyni zamanda, xarici dövlətlərdən alınan müasir hərbi texnika və raket sistemləri Vətən müharibəsi zamanı Ermənistanın hərbçilərimizə və mülki insanlarımıza qarşı tətbiq etdiyi ballistik raketlərin havadaca zərərsizləşdirilməsində uğurla istifadə edilmiş, məhz bunun sayəsində yaşayış məntəqələrimizi və əsgərlərimizi hədəf alan bir sıra raketlər, o cümlədən düşmənin Şuşaya atdığı "İsgəndər-M" raketlərinin bir çoxu elə havada ikən vurulmuşdur. Nəticədə sadəcə artilleriya və raket sistemlərimizin deyil, mülki insanlarımızın, əsgər və zabitlərimizin təhlükəsizliyi təmin edilmişdir.

Bu gün dillərdə dastan olan Şuşa əməliyyatı qəhrəman oğullarımızın sayəsində reallaşdı. Şuşa döyüşləri hərb tariximizin mübarizlik salnaməsinə, Azərbaycan Ordusunun qəhrəmanlıq rəmzinə döndü. 44 günlük Vətən müharibəsi zamanı oktyabrın 9-da həyata keçirilən Hadrut əməliyyatından sonra ordumuzun hərbi-strateji üstünlüyü daha da artdı. Bu əməliyyatı uğurla, şərəflə yerinə yetirən Azərbaycan ordusu qarşısına qoyulan çox çətin bir vəzifənin öhdəsindən layiqincə gəldi. Peşəkar, güclü, vətənpərvər hərbçilərimiz 30 il ərzində işğal etdiyi Azərbaycan ərazilərində güclü istehkamlar quran mənfur düşmənin bir neçə xətdən ibarət "yarılmaz müdafiə səd"lərini darmadağın edərək ən çətin şəraitdə belə düşmənin silahlı birləşmələrini məhv etdi. Beynəlxalq hüquq normalarını pozmadan döyüş meydanında düşməninə qan udduran Azərbaycan ordusunun əsgərləri Hadrut qəsəbəsini əldə saxlamaq üçün düşmənin göstərdiyi ciddi cəhdlərə baxmayaraq müharibə başlayandan qısa müddət ərzində bu strateji əhəmiyyətli qəsəbəni azad etməklə qələbəmizi reallaşdırdı. Cəbrayıl rayonundan sonra ikinci böyük yaşayış məntəqəsinin - Hadrutun və ətraf yüksəkliklərin azad edilməsi böyük əhəmiyyət kəsb edirdi. Belə ki, Hadrut əməliyyatında Azərbaycan ordusunun gücünü, döyüş ruhunu, qələbə əzmini görən erməni silahlıları bu döyüşlərdən sonra bir daha özünə gələ bilmədi. Günbəgün geriləyən, psixoloji cəhətdən məhv olan erməni yaraqlıları silah-sursatını ataraq döyüş meydanından qaçdı. Ermənistan ordusunda fərarilik kəskin həddə çatdı. Qəhrəman Azərbaycan Ordusu isə hər an, hər saat irəliləyir, azad etdiyi şəhər və kəndlərdə üçrəngli bayrağmızı dalğalandırır, tarixi ədaləti bərpa edərək zəfər salnaməmizin qəhrəmanlıq dolu səhifələrini yazırdı.

Hadrut əməliyyatı bir-birinin ardınca qələbələrimizi gətirdi - 8 gün sonra Füzuli, ondan bir neçə gün sonra Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi. Müharibə qanunlarına əməl edən Azərbaycan Ordusu Şuşaya doğru irəliləyirdi. 44 günlük Vətən müharibəsi başlanan ilk günlərdən artilleriya atəşinə tutulan Şuşa ətrafında döyüşlər oktyabr ayının 29-da başladı, şəhərin müdafiəsini yarmaq üçün Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri əraziyə yeridildi. Çanaqçı kəndini işğaldan azad etdikdən sonra strateji əhəmiyyətli Şuşa-Laçın yolunun bir hissəsinə nəzarəti ələ keçirən Azərbaycan xüsusi təyinatlıları sıx meşələr, keçilməz yarğanlarla irəliləyərək Şuşaya Qarabağ meşələrindən yol açdı. Böyük Tağlar kəndindən meşələrlə Şuşaya, Çanaqçı və Sığınaq kəndlərinə doğru 3 gün ərzində 42 kilometr uzunluğunda buldozer və əllə yol açan mühəndis-istehkamçılar ensiz dağ cığırını texnikanın hərəkət edə biləcəyi meşə yoluna çevirdilər. Ölkə başçımızın dediyi kimi, "bizim aslanlarımız, igidlərimiz olmayan yerdə yol açdılar, öz əlləri ilə, öz ayaqları ilə, öz sinələri ilə". Nəticədə Azərbaycan bölmələri artilleriya qurğularını Çanaqçı ətrafına çəkdi və Azərbaycan dağ piyadalarının uğurlu hücumu qəfil pusquya salınmış erməni əsgərlərinin sonuncu müqavimətini də qırdı.

Xocavənd rayonunun Hadrut qəsəbəsində hərbi hissənin açılışında iştirak edən Prezident İlham Əliyev Şuşanın düşməndən azad olunmasından danışaraq demişdir: "Hadrutdan sonra Şuşaya yolumuz açıldı. Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı. Halbuki, Şuşa əməliyyatı artıq bir dastana çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır və bir çoxları, xüsusilə Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız olan, Qarabağın tacı olan Şuşanı işğalçılardan azad etdilər. Biz məhz Hadrut meşələrindən keçərək, yüksək dağları aşaraq Şuşaya yaxınlaşmışdıq və Şuşa uğrunda gedən döyüşlər artıq heç kimə sirr deyil".

Qarşı tərəfin ağlına belə gəlməyən, sıldırım qayalara dırmaşmaqla noyabr ayının 7-də şəhərə girərək ermənilərlə əlbəyaxa döyüşlərə başlayan Azərbaycan Xüsusi Təyinatlıları erməni silahlılarını sözün əsl mənasında məhv etdilər. Noyabr ayının 8-də Prezident İlham Əliyev Azərbaycan Ordusunun Şuşanı işğaldan azad etdiyini bildirdi, həmçinin Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin komandiri Hikmət Mirzəyevi bu münasibətlə təbrik etdi.

Bəli, yüksək hazırlıqlı ordu döyüşün ta

leyinin həlledici qüvvəsidir. Lakin bəzən toplarla, mərmilərlə, silah-sursatla əldə olunmayan qələbələr Vətən naminə, xalq naminə göstərilən mərdliklə, mübarizliklə, qətiyyətlə qazanılır. Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan İkinci Qarabağ müharibəsində əsgərindən tutmuş, generalına qədər hər kəs Vətən fədaisinə çevrildi. Vətənin bir qarış torpağı uğrunda canından keçən mərd oğullarımız ərazi bütövlüyümüzü təmin etdi. Rəşadətli Azərbaycan Ordusu Vətənimizin dilbər guşəsi - Şuşanın işğaldan azad olunmasında hələ dünya hərb təcrübəsində görünməyən mərdlik, cəsarət, döyüş qabiliyyəti nümayiş etdirdilər.

Mehparə ƏLİYEVA,

"Respublika".