Əcdadlarımızın mirasını yaşatmalıyıq
Sosial həyat

Əcdadlarımızın mirasını yaşatmalıyıq

Pəhləvanlıq UNESCO səviyyəsində xalqımızın qeyri-maddi mədəni irsi elan edilib

"Bu meydana gələn pəhləvanlar əvvəlcə Qara pəhləvanın əmudunu yerdən qaldırmalıdılar. Onu qaldıra bilməyənlər bəri başdan Qara pəhləvanının əlinin altından keçirlər. Kim əmudu qaldıra bilsə, Qara pəhləvan onun meydanına çıxır. Ərəbistandan gəlmiş pəhləvan əmudu üçüncü dəfə güc verdikdən sonra qaldırır, Qara pəhləvan meydana çıxır və onun kürəyini yerə vurur. Bu zaman Dəmirçioğlu atına bir qırmanc vurub düz meydanın ortasına sürür. Əmudun yanından keçəndə əl atıb onu yerdən dik qaldırır və başının üstündə hərləyib elə tullayır ki, əmud yerə düşüb dəstəyinə qədər torpağa quylanır". Koroğlu dastanının "Ərzurum səfəri" qolundan götürdüyümüz bu sətirlər pəhləvanlar haqqında dolğun təsəvvür yaradır.

XVIII əsrin ikinci yarısında bütün Azərbaycan xanlıqlarının ordularında adi insanların "bahadır" adlandırdığı pəhləvanlar var idi. Bu pəhləvanlar zorxanalarda yarışar, güclərini sınayardılar. Qarabağ xanı İbrahimxəlil xana (1763-1799) məxsus olan zorxana Xan bağında yerləşərdi. Burada pəhləvanlar güləşin sirlərinə yiyələnər, fiziki formalarını qoruyub saxlamaq üçün məşq və yarışlar keçirərdilər. Qeyd edək ki, Qarabağ xanlığında pəhləvan statusu xüsusi fərmanla verilirdi.

Bəli, istər "Kitabi-Dədə Qorqud", istərsə də "Koroğlu" dastanlarında döyüş sənətləri və meydan tamaşaları ilə bağlı məlumatlara çox rast gəlinir. Minillikləri aşıb gələn pəhləvanlıq irsi 2022-ci ildə "Pəhləvanlıq sənəti: ənənəvi zorxana oyunları, idman növləri və güləş" adı altında UNESCO səviyyəsində Azərbaycanın qeyri-maddi mədəni irsi elan edilib.

Zorxana döyüş sənətinə sinə oyunu, mil oyunu, yekba, səngi-daşqaldırma, kəbbadə, ayaqdöymə, çərki, güləş daxil edilir. Azərbaycanda zorxananın keçirildiyi qədim yerlər Bakıdakı (XV əsr) İçərişəhər, Ordubaddakı (XVII əsr) Qeysəriyyə abidəsidir.

Azərbaycan güləşinin tarixi qədimdir. Güləş rus inqilabından əvvəlki dövrlərdə Azərbaycan kəndlərində geniş yayılıb. Adətən məhsul yığımı zamanı xırmanlarda, xalçasız, düz yerdə güləş yarışları keçirilərdi. İnqilabdan sonra güləş Bakı ətrafında, xüsusilə Müştəngi, Buzovna, Zabrat, eləcə də Gəncə, Salyan, Şəki, Xilə, Zaqatala və s. yerlərdə məşhur olub.

Türk dünyasının ortaq irsi olan "Kitabi-Dədə Qorqud" dastanının boylarından boy boylayır xalqımızın milli oyunları. Dastana görə oğuzlar uşaq yaşında at minməyi, qılınc oynatmağı, ox atmağı öyrənməyə başlar, qəhrəmanlıq göstərənlərə isə Dədəmiz Qorqud ad verərdi. Üstünə hücum edən buğanı öldürdüyü üçün Buğaca bu adı Dədə Qorqud vermişdi. Oğuz igidi həm hünərli (at minən, qılınc oynadan), həm fəzilətli (təvazökar, düz, comərd, qonaqsevər) olur. Onlar boş vaxtlarında ox atar, bir-birinin gücünü sınayar, toy məclislərində ox yarışı keçirər, gərdək çadırını qurmaq üçün belə oxlardan istifadə edərdilər. Dastan boylarının birində oğuz igidi Bamsı Beyrək sevdiyi Banu Çiçəklə evlənməzdən əvvəl onunla güləş, oxatma, at çapma yarışında güc sınamışdılar.

Qəhrəmanlıq dastanı "Koroğlu"nun baş qəhrəmanının ətrafına yığdığı "dəli" adlandırılan döyüşçüləri də güləş, qılıncoynatma, nizəatma, oxatmanın ustaları idilər. Koroğlunun "hoydu, hoydu dəlilərim" - deyib çəkdiyi bir nərə bəs edərdi ki, onlar silaha sarılsın, düşmənə qan uddursun. Dastanın "Koroğlu ilə Dəli Həsən" qolunda dəlilərin döyüş səhnəsi belə təsvir edilir: "Qılınclarını çəkib bir-birilərinə hücum etdilər. Qılıncdan murad hasil olmadı. Nizəyə əl uzatdılar, nizədən də kar aşmadı, axırda atdan düşdülər, güləşməyə başladılar".

Azərbaycan milli güləşi və ya digər adı ilə qurşaqtutmada isinmək üçün mil, toppuz, qalxan, idman daşı və səngidən istifadə olunaraq məşq edilir, "Meydan gəzmək" adlı ənənəvi rituala uyğun olaraq əvvəl pəhləvanlar bir-birini salamlayır və rəqs addımları ilə xalçanın əks tərəflərinə hərəkət edirlər. Əllərini oynadır, qollarını açıb-bağlayır, hakimin fitindən sonra döyüş başlayır. Döyüş zurna, nağara sədalarının müşayiətilə həyata keçirilir. Bu döyüşün də öz qaydaları var.

Fransız yazıçısı Aleksandr Düma "Qafqaz səfəri" kitabında yazır: "Rəqsdən sonra güləş başladı. Rəqqaslardan ikisi üst paltarını çıxardı. Əyinlərində enli şalvardan başqa heç nə qalmadı. Onlar knyaz Tarkanovu salamladılar və əllərini toza batırıb ovxalamağa başladılar. Güləş, ümumiyyətlə, bütün tamaşaların ən sadəsidir. Kim heç vaxt arxası yerə dəyməmiş Martves və Rabosonu görmüşsə, deməli, Azərbaycan pəhləvanlarını da görmüşdür. Elə təsəvvür etsin ki, elə Krotonlu Alsidamos və Milonu da görmüşdür".

Zorxana idman növü kompleks oyun silsiləsindən ibarətdir. O, "Cəngi" sədaları, yaxud nağaranın çox sürətli zərbələri altında müşayiət olunurdu. Bölgələrdə fərqli musiqilər ifa edilirdi. Məsələn, Şəkidə "Misri", Lənkəranda "Pəhləvani" havasının müşayiətilə güləşirdilər. Burada yalnız dümbək, qoşa zurna və tütək, Şuşada isə xüsusi olaraq tar və kamança çalınır, şeir və hekayələr oxunurdu.

Sovet dövründə zorxana idman növünün İslam dini ilə bağlı olduğu əsas gətirilərək qadağan olunmuş, ancaq buna baxmayaraq, 1990-cı ildə yaradılan Milli İdman Növləri Assosiasiyasına zorxana da milli idman növü kimi daxil edilib. 1992-ci ildən başlayaraq zorxananın da daxil olduğu milli oyunlar bədən tərbiyəsi proqramına əlavə edilib. 2009-cu ildə zorxana və pəhləvan güləşi üzrə keçirilən Birinci Dünya kuboku yarışında Vüqar Qurbanov ağır çəki dərəcəsində birinci yeri tutub və Beynəlxalq Zorxana İdman Federasiyası tərəfindən ona "Cahan Pəhləvan" adı və "Qızıl Bazubənd" mükafatı verilib. 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində də güləşçilərimiz yüksək nəticələr göstəriblər.

Milli idman növləri əcdadlarımızdan miras qalıb, onları yaşatmaq isə mənəvi borc, vətəndaşlıq vəzifəsidir.

Zümrüd QURBANQIZI,

"Respublika".