Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır
Gündəm

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Türkiyə Hərbi Dəniz Qüvvələri bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır. “Denizkurdu-II/2024” adı altında keçirilən təlim Türkiyə Silahlı Qüvvələrinin Təlim Proqramına uyğun olaraq Dəniz Qüvvələri Komandanlığı tərəfindən həyata keçirilir.

"Respublika" xəbər verir ki, 100 gəmi, səkkiz sualtı qayıq, 39 təyyarə, 16 helikopter, 28 pilotsuz uçuş aparatı, 7 pilotsuz dəniz vasitəsi kimi bir çox texnika və 15 min nəfərlik şəxsi heyətin iştirak edəcəyi təlimdə Türkiyə donanmasına yeni daxil edilən bir neçə texnika da ilk dəfə genişmiqyaslı əməliyyatda yoxlanacaq.

Təlimi istiqamətləndirmək, nəzarət etmək və qiymətləndirmək məqsədilə 104 nəfərdən ibarət nəzarət mərkəzi yaradılıb. Mayın 18-dək davam edəcək təlim müddətində Qara dəniz, Mərmərə, Egey və Şərqi Aralıq dənizinin 27 limanına 43 gəmi lövbər salacaq.

Təlimin məqsədi Hərbi Dəniz Qüvvələrinə tabeli olan komandanlıqların operativ idarəolunması, hərəkata hazırlığı və səmərəliliyinin qiymətləndirilməsi, istifadə olunacaq hərbi texnikanın əməliyyata hazırlıq səviyyələrinin artırmaq, hərbi heyətin mühakimə, uzaqgörənlik və qərar qəbul etmə bacarıqlarını inkişaf etdirmək, digər qüvvə komandanlığı ilə təlimdə istifadə edilən texnika arasında qarşılıqlı fəaliyyət prosesləri, eləcə də yerüstü, hava və quru hədəflərə faktiki silah atəşini yoxlamaqdır.