Ədalət bərpa ediləcək, Qərbi Azərbaycana qayıdacağıq
Digər xəbərlər

Ədalət bərpa ediləcək, Qərbi Azərbaycana qayıdacağıq

Azərbaycanın mədəni-tarixi irsi olan Qərbi Azərbaycan torpaqları soydaşlarımızın dədə-baba yurdudur. Xalqımız - bu torpaqların doğma sahibləri min illər boyu bu ərazidə yaşamışlar. Lakin hayların Cənubi Qafqaza köçündən sonra kütləvi deportasiyalar, soyqırımları, şimaldan gələn təzyiqlər onları bu yerlərdən didərgin salmışdır. 44 günlük Vətən müharibəsi nəticəsində düşmən tapdağından azad edilmiş torpaqlarımıza qayıdışdan  sonra qarşıda duran ən mühüm məsələlərdən biri gecikmiş ədaləti bərpa etmək, bu torpaqlara soydaşlarımızı qovuşdurmaqdır.

1918-ci ildən etibarən  keçmiş İrəvan xanlığının ərazisindən hissə-hissə və planlı şəkildə soydaşlarımız öz tarixi torpaqlarından deportasiya olunub, azərbaycanlılara məxsus tikililər, habelə İrəvan şəhərindəki İslam abidələri, tarixi-memarlıq inciləri erməni vandalizminə məruz qalıb. 1988-1989-cu illərdə isə Ermənistandan yüz minlərlə azərbaycanlı deportasiya edilib. Hayların etnik təmizləmə siyasəti nəticəsində Azərbaycana məxsus yaşayış məntəqələrinin, çayların, göllərin, təpələrin adları saxta erməni toponimləri ilə dəyişdirilib. Törədilən etnik, milli və bəşəri cinayətlərin dünyaya çatdırılması  istiqamətində isə  bu gün Qərbi Azərbaycan İcması Avropa ilə sıx dialoq aparır. Bu çərçivədə, Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyinin Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayması xüsusi önəm daşıyır. İcmanın beynəlxalq səviyyədə tanınmasını təmin edir və haqq səsimizin dünyada yayılmasına xidmət göstərir. Qayıdış Konsepsiyasının vacib başlıqlar altında yayımlanması isə Ermənistana qarşı ictimai fikrin formalaşmasında mühüm rol oynayır.

Qərbi Azərbaycan İcmasının hazırladığı Konsepsiya hər kəsə mesaj verdi ki, Azərbaycanın  tarixi, əzəli torpaqlarında yaşayan soydaşlarımız  zaman-zaman imperialist qüvvələrin siyasəti və erməni vandallığı nəticəsində öz yurd yerlərindən qovulub, didərgin salınıb, deportasiyalara məruz qalıblar. İndiki Ermənistan ərazisində qalan tarixi Azərbaycan torpaqlarında doğulub, yaşamış, etnik təmizləməyə məruz qalmış minlərlə bacı-qardaşlarımızın hüquqları bərpa edilməlidir. Bu, sülh yolu və beynəlxalq hüquq, beynəlxalq təcrübələrdən istifadə edilərək həyata keçirilməlidir.  Bu üç prinsip Konsepsiyanın əsasını, məğzini təşkil edir.

Qərbi Azərbaycan İcmasının beynəlxalq müstəvidə uğurlu dialoq xətti soydaşlarımızın tapdalanan hüquqlarının bərpasında əsas seqmentdir. Xüsusilə İcmanın mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə, Avropa Şurası Parlament Assambleyasına müraciətlər göndərərək həmin qurumları Qərbi azərbaycanlıların geri qayıdış hüququnun təmin olunması, eləcə də bununla bağlı monitorinqlər aparılmasına çağıraraq Avropa İttifaqının müdaxiləsini xahiş etməsi əlamətdar hadisədir. Nəticədə isə Aİ iyunun 12-də bu müraciətlərə rəsmi cavab verərək bütün müvafiq əhali qruplarının geri qayıtmaq hüququnu dəstəklədiyini birmənalı şəkildə təsdiq edib və bu məsələnin sülh prosesi çərçivəsində əhəmiyyətini vurğulayıb.

Aİ-nin həmvətənlilərimizin öz yurd yerlərinə qayıtmaq hüququnun təmin edilməsi istiqamətində atdığı addımlar, haqq işimizə beynəlxalq dəstəyin gücləndirilməsi İcmanın faydalı fəaliyyətinin bəhrəsidir. Digər tərəfdən, humanizm və beynəlxalq hüquq çərçivəsində Avropanın da əsas fəaliyyət prinsipi kimi soydaşlarımızın tez bir zamanda yurd-yuvalarına qayıdışını təmin etmək, heç şübhəsiz, qurumun nüfuzunu artıracaq.

Görülən işlərin digər bir mərhələsi isə Qərbi Azərbaycan İcmasının 2023-cü il martın 27-də Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) müraciət edərək indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin kütləvi dağıdılması faktlarına diqqət çəkməsidir. Müraciətdə bu kontekst üzrə Ermənistana səlahiyyətli missiyanın göndərilməsi xahiş olunmuşdur. Bunun nəticəsi kimi, UNESCO-nun Qərbi Azərbaycan İcmasının müraciətinə rəsmi cavabında bildirildi ki, Ermənistan ərazisində Azərbaycan mədəni irsinin vəziyyəti barədə İcmanın qaldırdığı məsələ qurumun  mandatına birbaşa daxildir və məsələ ilə məşğul olunur. BMT Katibliyinin isə Qərbi Azərbaycan İcmasının UNESCO-nun Baş direktoru Odri Azuleyə ünvanladığı məktubu BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şuranın rəsmi sənədi kimi yayması məsələnin qlobal əhəmiyyətini daha da artırır. Qeyd edək ki, İcma tərəfindən hazırlanan müraciət BMT-nin bütün rəsmi dillərində silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb. Qərbi Azərbaycan İcması Roma Papası Fransisk həzrətlərinə də məktub göndərərək, Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərini, qəbiristanlıqlarını və müqəddəs yerlərini ziyarət edə bilmələri üçün dəstəyini xahiş edib.

İyunun 23-də isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə onlayn formatda beynəlxalq konfrans təşkil edilib. Konfransda Rumıniya, Braziliya, Gürcüstan, Almaniya, Türkiyə, Əfqanıstan, Rusiya, ABŞ, Hindistan, Bolqarıstan, Azərbaycan və Özbəkistandan 70-dən çox tədqiqatçı və mütəxəssislər iştirak ediblər. Beynəlxalq müstəvidə qayıdış hüququndan, bu hüququn şamil olunduğu əhali qruplarından bəhs edilən tədbirdə 200 ildə soydaşlarımızın başına gətirilən hadisələr barədə ətraflı məlumat verilib. Ötən əsrdə Ermənistan tərəfindən Qərbi azərbaycanlıların dörd dəfə deportasiyaya məruz qalması və bu zaman yaşanan kütləvi qırğınlar diqqətə çatdırılıb.

Prezident İlham Əliyev həlli mümkün və vaxtı yetişmiş məsələlərdən danışmağın önəmini vurğuladı ki, bu da bir daha ölkə başçımızın  Ermənistandan deportasiya olunan soydaşlarımızın doğma yurdlarına qayıdışını  tam real saydığını ortaya qoyur. Dövlət başçımızın Qərbi Azərbaycana qayıdışla bağlı "necə ki vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik" fikirlərini isə bir növ xalqa çağırış kimi də qiymətləndirmək olar. Bütün beynəlxalq konvensiya və prinsiplərlə təsdiq olunmuş yaşamaq hüququnun pozulması faktının aradan qaldırılmasının vaxtı çatıb. İnsanlıq əleyhinə cinayət hesab edilən kütləvi deportasiya qınanılmalı və Ermənistan məsuliyyətə cəlb olunmalıdır.

Nurlan ABDALOV,

"Respublika".