Ədliyyə Nazirliyinin nümayəndə heyəti Tbilisidə beynəlxalq konfransda iştirak edib
Digər xəbərlər

Ədliyyə Nazirliyinin nümayəndə heyəti Tbilisidə beynəlxalq konfransda iştirak edib

Noyabrın 1-3-də Tbilisi şəhərində Gürcüstan Ədliyyə Nazirliyi tərəfindən "Məhkumların reabilitasiya prosesində yeniliklər" mövzusunda yüksək səviyyəli konfrans keçirilib.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatında bildirilir ki, tədbirdə iştirak etmək üçün Azərbaycan ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov nümayəndə heyəti ilə Gürcüstanda səfərdə olub.

Səfər zamanı əvvəlcə Tbilisi şəhərində Heydər Əliyev parkında bu il 100 illiyini geniş qeyd etdiyimiz Ümummilli Liderin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyularaq əziz xatirəsinə dərin ehtiram bildirilib.

Avropa Həbsxana və İslah Xidmətləri Təşkilatı (EuroPris) və ABŞ Dövlət Departamentinin Beynəlxalq Narkotiklərlə Mübarizə və Hüquq-Mühafizə İşləri Bürosu ilə birgə təşkil olunan konfransda 20 dövlətdən 200-dən çox nümayəndə, o cümlədən ədliyyə orqanlarının və penitensiar xidmətlərin rəhbərləri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Tədbirdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, ədliyyə naziri Rati Breqadze və digər rəsmi şəxslər açılış nitqi ilə çıxış edib, penitensiar sistemdə rəqəmsallaşma, saxlama şəraitinə dair beynəlxalq standartlar, məhkumlar üçün reabilitasiya proqramları, bu sahədə əməkdaşların təlimi və s. aktual məsələlər müzakirə olunub, iştirakçı dövlətlər öz təcrübələrini bölüşərək təqdimatlar keçirilib.

Azərbaycanın nümayəndə heyəti ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafı çərçivəsində penitensiar sahədə aparılan islahatlar, infrastrukturun müasirləşdirilməsi, məhkumların islah prosesi və cəmiyyətə reinteqrasiyası, bərpaedici ədliyyə ilə bağlı görülən işlər, bu sahədə vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlıq barədə məlumat verib. Məhkumların tibbi təminatı, o cümlədən vərəmlə mübarizədə beynəlxalq aləmdə təqdir olunan müsbət təcrübəmiz, bu sahədə beynəlxalq statusa malik Təlim Mərkəzinin fəaliyyəti maraqla qarşılanıb.

Tədbir çərçivəsində Gürcüstan Ədliyyə Nazirliyinin rəhbərliyi ilə ikitərəfli görüşlər keçirilərək iki ölkə arasında əməkdaşlığın yüksək səviyyəsi qeyd olunub, əlaqələrimizin inkişafında dövlət və hökumət başçılarının xüsusi rolu vurğulanıb. Hüquqi sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib, birgə tədbirlərin və təcrübə mübadiləsinin əhəmiyyəti qeyd olunub. Nazir müavini Beka Camaşvili Azərbaycanın penitensiar sahədə nailiyyətlərinin şahidi olduğu bildirib.

Digər dövlətlərin ədliyyə orqanlarının rəhbərləri ilə penitensiar sahədə yaxşı təcrübələrin təşviqinə dair diskussiyalar keçirilib, əməkdaşlıq məsələləri müzakirə edilib.

Azərbaycanın nümayəndə heyəti Gürcüstanın penitensiar müəssisələrinə baş çəkərək məhkumların saxlanma şəraiti, islah prosesi və tibbi təminatı ilə tanış olub, faydalı fikir və təcrübə mübadiləsi aparılıb.

Tbilisidə publik hüquqi şəxs olan "Levan Samxarauli adına Milli Ekspertiza Bürosu"na səfər edilərək fəaliyyəti ilə tanışlıq olub, qurumun rəhbərliyi ilə görüşülərək məhkəmə ekspertizası sahəsində əlaqələrin qurulmasına və təcrübə mübadiləsinə dair müzakirələr aparılıb.

Keçirilən görüşlərdə tərəf-müqabilləri azad edilmiş ərazilərimizin bərpası, bu prosesə ciddi əngəl törədən və çoxsaylı insanların ölümünə və yaralanmasına səbəb olan Ermənistanın mina terroru və buna qarşı həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri ilə bağlı əsl həqiqətlər barədə məlumatlandırılıb, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və suverenliyini tam bərpa etməsi münasibətilə təbrik ediblər.

Tədbirlərdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev iştirak edib.

“Respublika”.