ƏFSANƏVİ KƏŞFİYYATÇI
Region

ƏFSANƏVİ KƏŞFİYYATÇI

Qarabağ müharibəsindən söz düşəndə Xüsusi Təyinatlı Qüvvələrin "Qoca qurd" ləqəbli döyüşçüsü, əfsanəvi kəşfiyyatçı, gizir Pəncəli Nurməmməd oğlu Teymurovun adı iftixarla çəkilir. 1981-ci ilin baharında dünyaya göz açdığı Astara rayonunun səfalı Əzərud kəndi bu gün həm də Pəncəlinin kəndi kimi tanınır.

Vətənin igid, qəhrəman oğlunun hər il anım mərasiminə yurdumuzun əksər guşələrindən döyüş dostları, şəhid ailələrinin üzvləri, onu yaxından tanıyanlar gəlir. Pəncəlinin şəhadətinin 8-ci ildönümü ilə əlaqədar ata ocağında keçirilən mərasimə bölgələrimizdən silahdaşları, dostları, şəhid ailələrinin üzvləri, qazilər, Astara Rayon İcra Hakimiyyətinin nümayəndələri, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının fəalları, kənd sakinləri toplaşmışdı.

Mərasimdə ixtisasca tarixçi olan tanınmış ziyalı Ağarəhim Abdulov Pəncəli Teymurovun şərəfli, qəhrəmanlıqlarla dolu həyat yolundan, düşmənə qarşı sonsuz nifrətindən, döyüşlərdə misilsiz şücaətlərindən danışdı. Bildirdi ki, Pəncəli Teymurov Astara rayonunun B.Rüstəmov adına Asxanakəran kənd tam orta məktəbində təhsil alıb. Xocalı faciəsi baş verəndə cəmi 11 yaşı vardı. Anası Vahimə xanıma demişdi ki, böyüyəndə heç bir günahı olmayan Xocalı şəhidlərinin qisasını alacaq. Odur ki, zabit olmaq arzusu ilə yaşayırdı.

1999-cu ildə həqiqi hərbi xidmətə çağırıldı. Hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat-diversant taborunda xidmətini davam etdirdi. Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələndi, bacarıqlı döyüşçü kimi ad-san, hörmət qazandı. 2013-cü ilin avqust ayında valideynlərinin, doğmalarının, elin, obanın sevinib şadyanalıq etdiyi toyunda ürək sözlərini belə deyib: "Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın".

Tale elə gətirdi ki, 17 il Xüsusi Təyinatlı Qüvvələrin sıralarında qüsursuz xidmət etdi. Kəşfiyyat zamanı Xocalı faciəsinin fəallarından olmuş bir erməni zabitlə qarşılaşdı, onun general rütbəsi almaq arzusunu ürəyində qoydu. Komandanlığın tapşırıqlarını yerinə yetirərkən erməni postlarını, istehkamlarını dağıtdı, düşmənin çoxlu canlı qüvvəsini cəhənnəmə yola saldı. Düşmən tərəfdəki yeməkxanada stolun üstünə Azərbaycan manatını qoyub çıxdı. Ermənilər onu aradan götürmək üçün külli miqdarda pul ayırdılar.

Xüsusi tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirdiyinə görə döyüş mükafatları, medallarla təltif olundu. 2015-ci ildə işğal altında olan Kəlbəcər rayonunda xüsusi əməliyyat zamanı Ermənistan ordusuna məxsus bir neçə hərbi texnika, ağır artilleriya və iyirmidən çox hərbçini məhv etdi. Bu əməliyyatda nümunəvi xidmətinə, yüksək peşəkarlığına görə ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2015-ci ilin iyununda "İgidliyə görə" medalı ilə təltif olundu. 2016-cı ilin aprel ayında Pəncəli Teymurov Tərtər istiqamətində gedən döyüşlərdə xüsusi fədakarlıq göstərdi, döyüşçü dostlarından Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla Talış yüksəkliyinin alınmasında, düşmənin canlı qüvvəsinin məhv edilməsində şəxsi igidliyi, şücaəti ilə fərqləndi. O gün həm Vətən uğrunda, həm də şəhid dostlarının qisasını almaq üçün döyüşürdü. Bu da bir fürsət idi, açıq döyüşdə öz məharətini göstərirdi. Müasir döyüş taktikalarını yüksək peşəkarlıqla tətbiq etdi, nəticədə ermənilər ağır itki verdi. Aprelin 3-də Lələtəpə uğrunda döyüşlərdə son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid oldu. Aprelin 11-də üç il əvvəl toyunda səsləndirdiyi arzusuna qovuşdu. Nəşi üçrəngli bayrağa bükülü cənazəsi doğma Əzərud kəndinə gətirildi. Qəhrəman kəşfiyyatçı böyük izdihamla kənd qəbiristanlığında son mənzilə yola salındı. Göstərdiyi misilsiz şücaətlərə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Silahlı Qüvvələrin giziri Pəncəli Nurməmməd oğlu Teymurov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olundu.

Şəhidin anım tədbirində yaxın silahdaşı, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası  Filara İsmayılova, döyüş yoldaşlarından ehtiyatda olan baş gizir Famil Fərəcov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin atası Arif Abdullayev, şəhid  gizir Tarzan Həşimovun atası Qəhrəman Həşimov, Gənc Qazilər İctimai Birliyinin Masallı rayon filialının sədri Bəxtiyar Salayev, İstiqlal muzeyinin direktor müavini Aidə  Axundova, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, fəlsəfə doktoru, şair-publisist Mehman Qaraxanoğlu, şəhid mayor Kamran Fərəcovun həyat yoldaşı Nuranə Fərəcova, Aprel döyüşlərinin iştirakçısı Orxan Əliyev, şair Şahid Astaralı, iş adamı Qurban Məmmədov, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Emin Cəfərov, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Asxanakəran Kənd Ağsaqqallar Şurasının sədri Ramiz Gənciyev və başqaları Pəncəli Teymurovun gənc nəslə örnək olan ömür yolundan, qəhrəmanlığından ətraflı danışdılar.

Çıxışlarda qeyd olundu ki, Pəncəli kimi igid, qəhrəman oğulların qanı yerdə qalmadı. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və keçən ilin sentyabr ayında keçirilən 23 saatlıq antiterror əməliyyatı zamanı şəhidlərin qisası layiqincə alındı. Bu gün Pəncəlinin ruhu şaddır. Qəhrəmanın nəsillərə örnək olan döyüş yolu öyrənilməli və təbliğ olunmalıdır.

Tədbirdə şagirdlər Pəncəli Teymurova həsr edilmiş şeirlər söylədilər, vətənpərvərlik mövzusunda mahnılar ifa olundu.

Vəhimə ananın arzusu və övladlarının əməyi ilə əfsanəvi döyüşçünün xatirə muzeyi yaradılıb. Haqqında kitablar yazılıb, sənədli filmlər çəkilib, mahnılar bəstələnib. Adı dərsliklərə salınıb. Ata ocağı, məzarı daim ziyarət olunan məkandır. Anım mərasiminin iştirakçıları da Pəncəlinin ev-muzeyini, qəbirüstü abidəsini ziyarət edərək əziz xatirəsini böyük ehtiramla andılar. Şəhidin xatirəsi şərəfinə ehsan süfrəsi açıldı.

Mərasimin sonunda Vəhimə ana xalqımıza böyük qələbə sevincini yaşadan, daim şəhid ailələrinin yanında olan ölkə Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya şəhid ailələri adından dərin minnətdarlığını bildirdi.

Əlisəfa HƏSƏNOV,

"Respublika".