Naftalan: İftar süfrəsi təşkil olunub
Region

Naftalan: İftar süfrəsi təşkil olunub

Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və “Garabagh Resort & Spa Naftalan”ın təşkilatçılığı ilə Ramazan ayında şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb.

İftar süfrəsində şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov, Millət vəkilləri Ziyad Səmədzadə, Anar Məmmədov, Emin Hacıyev, Əliabbas Salahzadə, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop,  YAP Naftalan şəhər təşkilatının şəhər Ağsaqqallar Şurasının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdiri, Qafqaz Müsəlmanları İdarəsinin Goranboy və Naftalan üzrə nümayəndəsi, şəhid ailələri, qazilər iştirak ediblər.

İlk öncə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov çıxışında qeyd edib ki, ölkəmizdə milli dəyərlərə hörmətin, tolerantlığın təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğu dövlət-din münasibətləri sahəsindəki strateji kurs bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxış edənlər qeyd ediblər ki, Azərbaycan dövləti Qarabağ torpağında qan tökərək onu düşməndən azad edən qəhrəman oğulların fədakarlığını hər cür qayğı və sosial dəstək tədbirləri ilə qarşılayır. Həmçinin vurğulayıblar ki, Ramazan ayında iftar süfrələrinin təşkil edilməsi cəmiyyətimizin vahidliyinin, ümumi məqsədlər naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir.

Daha sonra dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbətlər açılıb.

Şəhid ailələri və qazilər dövlət səviyyəsində onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.

Zabit XƏLİLOV,

“Respublika”.