Ekoloji aksiya beynəlxalq qanunlar çərçivəsində aparılır
Digər xəbərlər

Ekoloji aksiya beynəlxalq qanunlar çərçivəsində aparılır

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmamışdır. Azərbaycanın dövlət qurumlarının monitorinq qrupunun ərazidə işləməsinə tam şərait yaradılmalıdır. Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Bu cür cinayətlər Ermənistan üçün hüquqi məsuliyyət yaradır. Əlvan metalların qeyri-qanuni hasilatını aparan şirkətlərə qarşı Azərbaycan hökuməti tərəfindən hüquqi tədbirlər görülür. Erməni cinayətləri beynəlxalq səviyyədə də etiraf edilir. Belə ki, ATƏT, BMT-nin İnkişaf Proqramı, Ətraf Mühit Proqramı, Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə işğal dövründə ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin qanunsuz istismarı faktları qeydə alınıb. Bu günümüzün əsas çağırışı bu sənədlərin icrası istiqamətində real addımların atılmasıdır.

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq, azərbaycanlı QHT təmsilçiləri, ekofəallar, könüllülər havanın şaxtalı olmasına baxmayaraq  36 gündür ki,  Laçın-Xankəndi yolunda aksiya keçirirlər. Yolda hərəkətə maneə törətmədən Azərbaycan, rus və ingilis dillərində plakatlar qaldırıb,  üç dildə “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” və s. şüarlarını səsləndirirlər.

Aksiyanı Ermənistan dünya ictimaiyyətinə Xankəndidəki ermənilərin blokadaya alınması kimi təqdim edir. Halbuki, etirazların başladığı vaxtdan bu günə qədər aksiyaçılar heç bir dinc erməninin Xankəndiyə gediş-gəlişinə maneə törədilməyib. Əksinə, onlar sadə ermənilərin gündəlik yaşamında hər hansı məhdudiyyətin yaranmamasına, Ermənistandan Xankəndiyə dərman preparatları, tibbi ləvazimat, ərzaq məhsulları daşıyan avtomobillərin sərbəst hərəkətinə imkan yaradıblar. Xankəndidəki sadə erməni vətəndaşları bu gün də Laçın yolundan hər hansı məhdudiyyət olmadan istifadə edirlər. Aksiyaçıların etirazı sadəcə separatçıların, qanunsuz erməni hərbi birləşmələrinin Laçın yolundan istifadəsinin qarşısını almağa, ekoloji terroru dayandırmağa yönəlib.

Sülhməramlılar və dinc ermənilərlə yanaşı, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin də Xankəndiyə təhlükəsiz giriş-çıxışının təmini, bu şəhərin blokadada olması ilə bağlı fikirlərin tamamilə absurd olduğunu göstərir. Azərbaycanlı ekofəallar hesab edirlər ki, beynəlxalq təşkilatların məlum problemin həllinə cəlb edilməsi separatizmin və ekoloji terrorun qarşısının alınması baxımından faydalı olar. Elə bu səbəbdən də, aksiyaçılar nəinki BQXK nümayəndələrinin fəaliyyətinə məhdudiyyət yaratmır, əksinə, hər vasitə ilə onlara yardım edirlər. Aksiyaçılar digər beynəlxalq təşkilatlara da müraciət edərək onları bölgəyə dəvət edir, hadisələrin şəffaflığını təmin etməyə çalışırlar. Halbuki, Xankəndi blokadada olsaydı, xarici müşahidəçilərin, beynəlxalq təşkilatların bölgəyə gəlişi Azərbaycan üçün arzuedilməz olar, aksiyaçılar beynəlxalq təşkilatların bölgəyə gəlməsinə tərəfdar olmazdılar.

Aksiyanın keçirilməsi erməni yalanının ifşası baxımından da önəmlidir. Bu gerçəklik bir daha sübut edir ki, ermənilər dünya birliyini aldatmaq, onu öz yalanına alət etmək ənənəsindən çəkinmir. Həmçinin, blokada yalanının ifşası ermənilərin öz cinayətlərini yalanlar və böhtanlar vasitəsilə ört-basdır etmək cəhdlərindən xəbər verir.

Xankəndi blokadada deyil və Azərbaycan bütün etmənilər, o cümlədən buradakı ermənilər üçün təhlükə yaratmır. Xankəndi və bütün ermənilər üçün yeganə təhlükə rəsmi İrəvanın separatizm siyasətidir.

Ermənistan sözügedən aksiya başlandığı gündən əsassız bəyanatları ilə beynəlxalq rəyi çaşdırmağa, Azərbaycanı günahkar tərəf kimi təqdim etməyə çalışır. Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatlarında iddia edilir ki, guya Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri pozaraq Laçın yolunu bağlayıb. Ermənistan hökumətinin Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi bu kimi əsassız şərhlər ölkəmizə qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisidir. Bu cür bəyanatlar Ermənistanın baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə qəbul etdiyi öhdəliklərə ziddir. Azərbaycan bir daha Ermənistanı beynəlxalq hüquqdan və üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərinə əməl etməyə, suverenliyimizə və ərazi bütövlüyümüzə qarşı yönəlmiş fəaliyyətlərdən çəkinməyə, təcavüzkar siyasi və hərbi təxribatlarını dayandırmağa çağırır.

 Bu isə bir daha onu göstərir ki, Azərbaycan xalqı hər zaman mübarizəsini insani dəyərlər və beynəlxalq qanunlar çərçivəsində aparır.

Bəybala  BƏYBALAYEV,

“Respublika”.