Əlcəzair enerji sahəsində Azərbaycanla əməkdaşlığa maraqlıdır
Gündəm

Əlcəzair enerji sahəsində Azərbaycanla əməkdaşlığa maraqlıdır

Əlcəzair enerji sahəsində Azərbaycanla daha sıx əməkdaşlıqda maraqlıdır və son bir ildə bu istiqamətdə əlaqələr möhkəmlənib.

“Respublika” xəbər verir ki, bu fikirləri Əlcəzairin enerji və mədən naziri Mohammed Arkab Azərbaycanın bu ölkədəki səfiri Tural Rzayev ilə görüşündə söyləyib.

O qeyd edib ki, enerji sahəsində əməkdaşlıq ötən ilin noyabrında iki dost ölkənin nazirlikləri arasında imzalanmış Anlaşma memorandumunda nəzərdə tutulan tədbirlər əsasında həyata keçirilir. Eyni zamanda, Azərbaycanın və Əlcəzairini nazirləri arasında mütəmadi görüşlər təşkil olunur və neft-qaz yataqlarının kəşfi və istismarı, karbohidrogen ehtiyatlarının dünya bazarlarına çatdırılması məsələləri müzakirə olunur.

Görüşdə iki ölkənin enerji şirkətlərinin enerji, o cümlədən bərpa olunan enerji sahələrinə qarşılıqlı investisiya qoyması, OPEC və OPEC+ alyansı çərçivəsində neft bazarında sabitliyin təmin edilməsi istiqamətində əməkdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Səfir T.Rzayev ölkəmizdə neft-qaz sənayesinin inkişafı, Azərbaycan hökumətinin işğaldan azad olunmuş ərazilərdə apardığı irimiqyaslı bərpa-quruculuq işləri barədə əlcəzairli nazirə ətraflı məlumat verib.