Elimizə, obamıza, yurdumuza qayıtdıq
Digər xəbərlər

Elimizə, obamıza, yurdumuza qayıtdıq

Böyük Qayıdışın ilk müjdəsi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun Ağalı kənd sakinlərinə qismət oldu, onlar ləyaqətli qayıdışın sevincini, fərəhini və qürurunu yaşayır və artıq öz evlərində azərbaycanlıların həmrəylik gününü, yeni ili qarşılayırlar. Bayram ərəfəsində həmsöhbət olduğumuz ağalılar deyirlər ki, el arasında deyildiyi kimi, yurda qayıdandan sonra necə deyərlər, dinə-imana gəlmişik, məşəqqətli köçkün sözünün ağırlığından xilas olmuşuq, ruhumuz təzələnib, sevincdən ürəyimiz köksümüzə sığmır. Ağalılar otuz ilə yaxın yurd həsrəti ilə yaşayıb, ağır həyat şəraiti ilə üzləşsələr də heç vaxt inamlarını itirməyiblər, indi həm sevinc hissləri yaşayır, həm də hüznlə bildirirlər ki, heyf ki, yaşlılarımız torpaq nisgili ilə bu dünyadan köçdülər.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharbəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdəki doğma yurda qayıdışına imkan yaradıb. Qeyd edək ki, keçmiş məcburi köçkünlər daim dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ixrac edilən neftdən daxil olan ilk vəsait erməni təcavüzü nəticəsində yurdlarından didərgin düşən insanların həyat şəraitinin yaxşılaşdırılmasına sərf edildi, ümummilli liderin müəyyən etdiyi vəzifələr Prezident İlham Əliyev tərəfindən uğurla yerinə yetirilir. Keçmiş məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin, məşğulluğunun təmin olunması davamlı xarakter alıb və ardıcıllıqla həyata keçirilir. İşğaldan azad edilən ərazilərdə ilk "Ağıllı kənd" layihəsinin təməli 2021-ci ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulub.

Qeyd edək ki, layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi başa çatdırılıb. Kəndə içməli su, çirkab və sel suları xətləri çəkilib. Piyada və velosiped yolları istifadəyə verilib. Öz doğma yurdlarına qayıdan sakinlər üçün hərtərəfli şərait yaradılıb, burada park salınıb, fəvvarə quraşdırılıb. Bir sözlə, öz doğma yurdlarına qayıdan sakinlər üçün hərtərəfli şərait yaradılıb. Ağalıya köçürülən ilk sakinlər arasında təqaüdçü, tələbə, evdar qadınlar olmaqla yanaşı, mühəndis, satıcı-kassir, gözətçi, bağban, aqronom, müəllim, həkim, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və s. xidmət, səhiyyə və təhsil sahələri üzrə ixtisaslaşmış kadrlar var. Köçürülən ailələrə peşələrinə uyğun iş yerləri təklif olunub. Yeri gəlmişkən qeyd edək ki, işğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 (154 nəfər), İkinci Ağalıda 60 (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb.

Ağalı sakini Minə Mirzəyeva sevincini bölüşərək deyir:

- Biz 30 ildən sonra doğma yurdumuza qayıtmışıq, şükranlıqla, sabaha böyük ümidlə bayramları qeyd edirik. Allah dövlətimizi, Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Doğma yurdda yaşamaq bizim üçün çox gözəl və qiymətlidir. Ağalının daşı da, torpağı da, havası da bizim üçün çox doğmadır və yeni, müasir evlərdə yaşadığımız üçün qəlbən sevinirik.

Digər sakin Arzu İsmayılova isə deyir:

- Sevinc dolu bir həyata başlamışıq. Bayramları öz torpağımızda qeyd edirik. Otuz ilin həsrəti sona çatıb. Şəhidlərimizin valideynləri qarşısında baş əyirik. Şəhidlərimizin ruhu bu gün şaddır. Allah Prezidentimiz İlham Əliyevə, ailə üzvlərinə cansağlığı versin, bizi yurdumuza qovuşdurdu. Bəzən yuxudan duranda elə sanıram ki, yenə də köçkünlükdəyəm. İndi daha öz gözəl evimizə alışmışıq, həyətimizdə bağ, bostan əkirik.

"Ağıllı kənd"in sakini Nailə Muradova deyir ki, Prezidentimizə arxalanaraq, güvənərək bu günü gözləyirdik. Torpaqlarımız işğaldan azad edildi və ilk olaraq bizim kəndimiz bərpa edildi. Burada sakinlər üçün çox gözəl şərait yaradılıb. Kəndimizi 33 yaşımda tərk etmişdim, 62 yaşımda qayıtdım. Yolboyu ürəyim sevinclə çırpınırdı. Allaha şükürlər olsun ki, indi doğma torpaqdayam. Buraya ailəmlə, övladlarımla gəlmişəm. Ürək açıqlığı ilə bayramları qeyd edirik. Bunu bizə yaşadan möhtərəm Prezidentimiz İlham Əliyevə, qəhrəman ordumuza, şəhidlərimizə və qazilərimizə minnətdarıq.

Ömrünün çox hissəsini Ağalıda keçirən 81 yaşlı Qənfilə Qaytaranova sevincini bölüşərək deyir ki, ömrümün ahıl çağında Vətənimə, torpağıma qayıtdım. Elə bildim ki, dünyaya yenidən gəlmişəm. Daha dərdim yoxdur. Allah Prezidentimizi, Ordumuzu qorusun, şəhidlərimizə rəhmət eləsin.

Ağalının digər sakini Şahin Mahmudov deyir:

- Kəndimizi tərk edəndə 14 yaşım var idi. Əvvəl Beyləqanda, sonra isə Bakıda məskunlaşdıq. İndi ailəmlə, övladlarımla kəndimizə qayıtmışam. Kiçik övladımın 6, böyük övladımın 16 yaşı var. Çox şükürlər olsun ki, kəndimizə qayıda bildik. Ağalı müharibədən əvvəl də gözəl idi, indi daha gözəl olub. Burada daimi yaşayacağıq, qurub-yaradacağıq. Övladlarımızı doğma yurda sevgi ruhunda böyüdürük. Hamımız sevinirik ki, yurdumuza dönmüşük.

Zakir İbrahimov bu ilin sentyabr ayının 10-da Ağalıya köçüb, keçirdiyi hissləri dilə gətirir və deyir ki, çox sevinirəm ki, 29 ildən sonra doğma kəndimə qayıtmışam. Hisslərimi sözlə ifadə edə bilmirəm. Kəndimiz yüksək səviyyədə yenidən qurulub. Təsəvvür etdiyimdən, gözlədiyimdən də gözəldir. Allah bütün zəhməti keçənlərə kömək olsun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin! Allah Prezidentimizi həmişə var eləsin!

Kənddə hamının üzü gülür, evlərdə yolkalar qurulub, bayram sovqatı tədarük olunub. Kənd sakinlərinin ürəyindən keçən hisslər və dilə gətirdikləri sözlərin hər kəlməsi şükranlığa, minnətdarlığa söykənir, yurd yerinin sevinci onların çöhrələrində şəfəq kimi bərq vurur. Uca Allah Prezidentimizi qorusun alqışı hər evdə, hər ailədə dilə gətirilir, şəhidlərimizin əziz xatirəsinə ehtiram göstərilir, qazilərə cansağlığı arzu edilir...

Salman ALIOĞLU,

"Respublika".