Elm tariximizdə silinməz izi var
Elm və təhsil

Elm tariximizdə silinməz izi var

Akademik Yusif Məmmədəliyev zəkası, biliyi, istedadı, ixtiraları ilə daim xatırlanır

Vuruldum gözəlliklərə, təbiətə,

Meyil etdim sənətə, şeiriyyətə.

Vurğun poeziyası gərəyim oldu,

Bu, mənim əzəli diləyim oldu.

Ədəbiyyatı, poeziyanı çox sevən, bir vaxt dərin məzmunlu şeirlər yazan, orta məktəbi bitirdikdən sonra filoloq olmaq arzusunda olan, amma təbiət elmlərinin, kimya elminin cazibəsindən çıxa bilməyən Yusif Məmmədəliyevə məxsus olan bu misralar onun "Etiraf" şeirindən götürülüb. Repressiyaya məruz qalmış dostları, onların ailələri ilə əlaqəni kəsməyən bu cəsarətli insan onlara xitabən: "And olsun fosfora, and olsun xlora, hamıdan qiymətli sənsən, sən", - yazan Yusif müəllim deyirmiş ki, kimyaçı üçün ədəbi istedad vacibdir... Çünki kimyaçı öz elmi əsərlərini əsl söz ustası kimi yazmalıdır...

Bəli, yanılmadınız, söhbət Yusif Heydər oğlu Məmmədəliyevdən gedir. Azərbaycan - sovet kimya elminin görkəmli nümayəndəsi, kimya elmləri doktoru, professor, Azərbaycan SSR EA-nın akademiki, prezidenti, SSRİ EA-nın müxbir üzvü... Yusif Məmmədəliyevdən. Faşist Almaniyası üzərində qələbəni təmin edən amillərdən söz düşərkən məhz onun haqqında belə deyirdilər: "Müharibəni Mikulinin motorları, Yakovlevin təyyarələri, Məmmədəliyevin benzini hesabına udmaq mümkün oldu!".

Yusif Məmmədəliyev 1905-ci il dekabrın 31-də Ordubadda anadan olub, 1926-cı ildə ovaxtkı Vladimir İliç Lenin adına Azərbaycan Ali Pedaqoji İnstitutunu bitirdikdən sonra, 1928-1929-cu illərdə İrəvan Azərbaycan Pedaqoji Texnikumunda müəllim işləyib, İrəvan azərbaycanlılarının ictimai həyatında fəal iştirak edib. Ermənistanda azlıqda qalan millətlərlə iş komissiyasının üzvü olan Yusif müəllim kütlənin hüquqi vəziyyəti, xüsusən də qızların təhsilə cəlb edilməsi ilə əlaqədar mətbuat səhifələrində çıxışlar edib.

1942-ci ildə kimya elmləri doktoru və professor, 1945-ci ildə Azərbaycan SSR EA-nın akademiki seçilən Yusif Məmmədəliyevin əsas elmi işləri neftin və neft qazlarının katalitik emalı sahəsilə əlaqədar olub. Azərbaycanda neft kimyasının əsasını qoyan alim müxtəlif karbohidrogenlərin katalizator iştirakı ilə xlorlaşdırılma və bromlaşdırılmasının yeni üsullarını təklif edib, neft qazlarını, xüsusilə də metanı əvvəllər stasionar katalizator üzərində, sonralar isə qaynar təbəqədə xlorlaşdırmaqla, karbontraxlorid, metilxlorid, metilen-xlorid və s. qiymətli məhsulların alınması yollarını göstərib. Aromatik, parafin və tsikloparafin karbohidrogenlərin doymamış karbohidrogenlərlə katalitik alkilləşdirmə sahəsindəki tədqiqatı aviasiya yanacaqlarının yüksəkkeyfiyyətli komponentlərin sənaye miqyasında sintezinə imkan verib. Yusif Məmmədəliyev Bakı neftinin benzin fraksiyasının katalitik aromatikləşdirilməsi, yuyucu maddələr və silisium - üzvi birləşmələrin alınması, prioliz məhsullarından plastik kütlə istehsalı və Naftalan neftinin təsir mexanizminin öyrənilməsi sahələrində də mühüm işlər görüb. Müharibənin ağır dövründə yüksək oktanlı benzin ixtira edən alim 200-dən çox elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifi olub.

Azərbaycan Astrofizika Rəsədxanası, Əlyazmalar Fondu, Sumqayıt Kimya Elmi Mərkəzi və digər müəssisələrin təşkili Y.Məmmədəliyevin adı ilə bağlıdır. Onun yaratdığı Azərbaycan neft-kimya məktəbi respublikadan çox-çox uzaqlarda tanınırdı. "Lenin", "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri, həmçinin müxtəlif medallarla təltif edilən Yusif Məmmədəliyevin Nobel mükafatına namizədlik məsələsi ortaya çıxanda SSRİ alimlərinin çoxu Bakıdan olan "alkilləşdirmə kralı"nın namizədliyi üzərində dayanmışdılar ki, bu da tamamilə qanunauyğun idi. 1957-ci il dekabrın 29-da Sov. İKP MK Siyasi Bürosunun iclasında Y.Məmmədəliyevin Nobel mükafatına namizədliyi müzakirəyə qoyulur və razılıq əldə olunur. Lakin erməni Baqramyan, Babacanyan və Mikoyanın fitvası ilə bir azərbaycanlı alimin bu ali mükafata sahib çıxmasının qarşısı alınır.

Yusif Məmmədəliyev elmdə "Molotov kokteyli" adlanan maddənin kəşfinə imza atsa da, bu, onun adına çıxılmayıb. "Molotov kokteyli" düşməni sıradan çıxarmaq üçün ixtira edilmiş partlayıcı maddədir və onun Molotovla heç bir əlaqəsi yoxdur. Belə ki, 1941-ci ildə İngiltərənin baş naziri U.Çörçillə görüşərkən Vyaçeslav Molotov bu partlayıcı maddə haqqında məlumat verib, onun məziyyətlərindən söz açıb. Həmin görüşdə Çörçill SSRİ xarici işlər nazirinə deyib ki, bu partlayıcı vasitənin adını sənin şərəfinə "Molotov kokteyli" qoyuram. Beləcə, Yusif Məmmədəliyev daha bir haqsızlığa uğrayır.

Yerin ilk süni peykinin buraxılmasında və insanın kosmosa ilk uçuşunda da Yusif Məmmədəliyevin xidməti böyükdür. Onun raketlər üçün yaratdığı "duru" və "bərk" yanacaqlar dünya elminə, aviakosmik tədqiqatlar sahəsinə, hərbi müdafiə sənayesinə daha bir əvəzolunmaz töhfəsi idi. Məhz buna görə də Moskvanın Qırmızı meydanında dünyanın ilk kosmonavtı Yuri Qaqarinin şərəfinə keçirilən paradda Kremlin rəhbərlərinin dəvətinə əsasən tribunada SSRİ hökuməti üzvlərinin arasında Yusif Məmmədəliyev də dayanmışdır.

Azərbaycanın bu qeyrətli oğlu 1958-1961-ci illərdə Elmlər Akademiyasının prezidenti olduğu dövrdə də böyük işlər görüb. Nəinki kimya sahəsinin, hətta humanitar elmlərin, tarixin mahir bilicisi olan akademik Y.Məmmədəliyev yüksək vətənpərvərlik hissilə Əlyazmalar Fondunun yaradılmasına, Qobustan abidələrinin qorunub saxlanılmasına, qədim Azərbaycan eposu olan "Dədə Qorqud" dastanının, Qafqaz Albaniyasının tarixinin tədqiqinə, "Nizamişünaslıq" elminin əsasının qoyulmasına, Böyük Şərq şairi və mütəfəkkiri Nizami Gəncəvinin Bakıda abidəsinin ucaldılmasına və s. nail olub. Bununla bərabər, Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması və geniş istifadə edilməsi üçün heç nədən çəkinməyərək bütün qüvvəsilə çalışıb, bu istiqamətdə müstəsna rol oynayıb.

Yusif Məmmədəliyevin elm sahəsində misilsiz xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Alimin qızı Sevda Məmmədəliyeva müsahibələrinin birində deyib: "...atamın xidmətləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin diqqətindən heç vaxt kənarda qalmırdı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə akademik Yusif Məmmədəliyevin abidəsinin açılışında dediyi sözləri heç bir zaman unutmaram: "Azərbaycanın həm alim, həm gözəl insan, həm ictimai-siyasi xadim kimi görkəmli simalarından biri Yusif Məmmədəliyevdir... Bu insan öz zəkası, biliyi, istedadı, fədakarlığı, elmi ixtiraları ilə, elmi əsərlər yaratmaqla, həm də ümumən Azərbaycan elmini təşkil etmək, inkişaf etdirmək sahəsindəki fəaliyyətilə Azərbaycan xalqının tarixinə daxil olmuşdu. Ona görə biz bu gün də Yusif Məmmədəliyevin xidmətlərini böyük məmnuniyyətlə xatırlayırıq və onun parlaq siması, əziz xatirəsi qarşısında baş əyirik".

Bəli, alimin xatirəsi unudulmur, onun anadan olmasının 100 illiyi Prezident İlham Əliyevin Sərəncamı ilə həm ölkəmizdə, həm də UNESCO xəttilə dünya miqyasında qeyd edilib.

Zaman keçsə də, Yusif Məmmədəliyev onu sevənlərin qəlbində yaşayır, xatirəsi əziz tutulur, çünki o, cəmi 56 illik ömür payında böyük işlər görmüş, elm tarixində silinməz iz qoymuşdur.

Zümrüd QURBANQIZI,

"Respublika".