Enerji təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissəsidir
İQTİSADİYYAT

Enerji təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissəsidir

Ölkəmiz 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra azad siyasət yürütməyə başlamışdır. Elə bu illərdən etibarən dövlətimizin xarici siyasətinin ən vacib istiqamətlərindən birini məhz enerji siyasəti təşkil edir. Azərbaycanın enerji siyasətində istiqamətlər çox olsa da, onlardan ikisini xüsusi vurğulamaq lazımdır. Birinci istiqamət ölkənin öz daxili enerji təhlükəsizliyinin təminatıdır. İkincisi isə Azərbaycanın digər dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsinə verə biləcəyi töhfədir. Bu baxımdan, istər ölkəmizin enerji ehtiyatlarının hasilatı, istərsə də onların beynəlxalq bazarlara çıxarılması yolları ilə bağlı yeni imkanların yaradılması mühüm məsələlərdəndir. Bu il fevralın 17-də Münxendə keçirilən Təhlükəsizlik Konfransı çərçivəsində "Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi" mövzusundakı dəyirmi masada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı dövlətimizin beynəlxalq arenada bu sahə üzrə əhəmiyyətini bir daha vurğulayır.

Konfrans zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu barədədə danışılıb. Həmçinin, ölkəmizin qaz ixracının artırılmasına yönəlmiş fəaliyyəti Avropanın enerji təhlükəsizliyinə verilən töhfə kimi qiymətləndirilib. Fəaliyyətin əsas məqsədi isə Cənub Qaz Dəhlizinin genişləndirilməsidir. Prezident İlham Əliyev 2027-ci ilədək TAP-la qaz nəqlinin indiki 11 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılmasının nəzərdə tutulduğunu vurğulayıb. Danılmaz faktdır ki, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqda bərpaolunan enerji sahəsində əməkdaşlığa xüsusi yer verilir. Ölkə başçımız son dövrlərdə bu istiqamətlərdə atılan vacib addımları, həyata keçirilən müxtəlif layihələri də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Bu addımlar ölkəmizin istehsal etdiyi yaşıl enerjinin Avropaya ixrac edilməsinə şərait yaradacaq ki, nəticədə Azərbaycan orta və uzunmüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək.

Lakin Azərbaycan bu istiqamətdə əldə edilənlərlə kifayətlənmir, enerji təhlükəsizliyinin təminatı ilə bağlı atdığı addımları daha da genişləndirməyə davam edir. Prezident İlham Əliyev Münxen konfransı zamanı söylədiyi nitqdə bunu bir daha təsdiqləmişdir: "Enerji təhlükəsizliyini ölkənin milli təhlükəsizliyindən ayırmaq olmaz. Bu baxımdan Azərbaycan region üçün enerji təhlükəsizliyini təmin etməklə öz vacib rolunu oynayır. İndi isə irimiqyaslı qaz təchizatı layihəsinin həyata keçirilməsinə gəldikdə, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da öz vacib rolunu oynayacaq". Bununla da ölkəmizin daim enerji təchizatının şaxələndirilməsinə səy göstərdiyi bir daha sübut olunmuşdur. Dövlətimizin enerji siyasətinə uyğun olaraq qlobal enerji təhlükəsizliyinin təminatı və qlobal istiləşmənin qarşısının alınması baxımından külək, günəş, bioyanacaq kimi bərpaolunan enerji mənbələri mühüm əhəmiyyətə malikdir. Həmçinin, beynəlxalq əməkdaşlıq mühitində reallaşan Cənub Qaz Dəhlizi geniş coğrafiyada enerji təhlükəsizliyinə öz müsbət təsirini göstərməkdədir. Qeyd edək ki, ölkəmizin enerji təhlükəsizliyinin təminatının həyata keçirilməsində müəyyənləşdirdiyi strategiya mövcuddur. Enerji resursları rəqabət və toqquşmaya deyil, regional və beynəlxalq əməkdaşlığa xidmət etməlidir. Bu sahədə əməkdaşlıq edən ölkələrin maraqlarının üst-üstə düşməsi və qarşılıqlı faydalılığa əsaslanması da vacib məsələlərdəndir.

Nəzrin ELDARQIZI,

"Respublika".