Erməni lobbisi
Siyasət

Erməni lobbisi "Sem dayı"nın mətbuatını iflic edib

Ermənilər tarix boyu köçəri xalq kimi tanınıb. Bunu kitablardakı qeydlər, tarixi faktlar və özlərinin dedikləri açıq sübut edir. Tanınmış rus tədqiqatçısı N.Şavrov ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesini və köçürülüb yerləşdirilmiş ermənilərin sayını araşdırdıqdan sonra 1911-ci ildə yazırdı: "Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyonundan çoxu bu diyarın yerli əhalisi deyil. Onları buraya biz köçürüb gətirmişik".

Hazırda Cənubi Qafqazda ermənilərin az bir hissəsi məskunlaşıb. Ötən 3 əsr ərzində köçəri erməni tayfaları Türkiyə, Gürcüstan, Avropa, Cənubi Amerika olmaqla dünyanın dörd bir tərəfinə səpələniblər. Lakin bütün dünya ermənilərinin bir ortaq məqsədi var: azərbaycanofobiya. Bu məqsədlə ötən əsrdən bəri ermənilər bütün təbliğat maşınını azərbaycanlılara tuşlayıblar. XX əsrin Qaregin Njde, Drastamat Kanayan, Monte Melkonyan və sayı yüzlərcə olan terrorçubaşılarını Devid Dikenson, Kim Kardaşyan, Şarl Aznavur kimi müasir provokativ xadimləri əvəzləyib. Əvvəllər sadəcə müəyyən bölgə ilə məhdudlaşan erməni lobbisi və onun anti-Azərbaycan təbliğatının bu gün sərhədi yoxdur. Bu, xüsusilə dünyanın supergücü olan ABŞ-da özünü daha qabarıq şəkildə büruzə verir. Belə ki, 1 milyondan çox erməninin məskunlaşdığı Amerikada hayların bütün sahələrdə imzası var. Mətbuat isə kütləvi təxribat metodunun ən geniş yayıldığı sahədir. ABŞ KİV-lərinin əksəriyyətinin ya təsisçisi ermənidir, ya da erməni lobbisi həmin KİV-i öz nəzarəti altına alıb. Bunlardan biri də son dönəmlərdə öz nüfuzunu kəskin dərəcədə itirmiş və lobbinin oyuncağına çevrilmiş "The Washington Post" qəzetidir.

ABŞ-da İkinci Qarabağ müharibəsindən sonra xüsusilə hərəkətə keçən erməni lobbisi anti-Azərbaycan kampaniyasını və heç bir qəlibə sığmayan çirkin təbliğatı davam etdirir. Dünyanın supergücü hesab edilən Amerikanın dəstəyi ilə Azərbaycana qarşı sanksiya iddiaları irəli sürən lobbi media qurumlarını da bu yöndə təbliğata sürükləyirlər. "The Washington Post" isə bu təxribatın ən iyrənc marionetlərindən biridir. Belə ki, İkinci Qarabağ müharibəsi və 23 saatlıq lokal antiterror tədbirlərindən sonra öz "mötəbər" redaksiyasında ölkəmizə qarşı 10-dan çox yazı dərc edib. Ərazi bütövlüyünü və suverenliyini haqq mübarizəsi ilə qazanan Azərbaycanı militarist ölkə kimi təqdim edən qəzet son olaylar zamanı və ümumiyyətlə, bütün dövrlərdə ölkəmizdə söz və media azadlığının pozulmasından və jurnalistlərin həbs olunmasından bəhs edib.

1877-ci ildə yaranan qəzetin ancaq ötən əsrin 60-cı illərində nüfuzlu KİV siyahısına daxil edilməsi redaktoru Bencamin Bredlinin o dövr ABŞ prezidenti olan Con Kennedini ilə yaxınlığı nəticəsində mümkün olmuşdur. Daha sonra prezident və dövlət adamlarının istefasının əsas icraçısı rolunda çıxış edən "The Washington Post" müasir dövrdə Amerikada sifarişli yazılar dərc edən qəzet kimi yadda qalıb. Azərbaycana qarşı xüsusi qərəzi və böhtanları ilə seçilən Devid İqnatius da bu sifarişli yazılardan öz nəsibini alıb. Belə ki, Qarabağı "mübahisəli ərazi" adlandıraraq bütün redaksiyanı da eyni düşüncəyə təşviq etmiş, "erməni soyqırımı" ilə bağlı yazılarında isə dəfələrlə Türkiyə və Azərbaycanı təzyiq və təhdid etməkdən çəkinməmişdir. Məhz bu rəzil və merkantil maraqlara söykənən siyasət qəzetin dəfələrlə qeyri-obyektivliyə, böhran və yalan yaymağa, "fake news" istehsalçısına çevrilməsinə səbəb olmuşdur.

Ölkə daxilində isə prezidentliyə namizəd Donald Trampla bağlı sifarişli yazılarla qəzet məhz onun prezidentliyi dövründə rüsvay olmuşdu. Dərc etdiyi saxta xəbərlərdən dolayı 2017-ci ildə Tramp "The Washington Post"a "fake news" mükafatı təqdim etmişdi. Məhz həmin dövrdən sonra redaksiyanın Donald Trampa qarşı qərəzi getdikcə güclənir və onu "Rusiyanın adamı" adlandırmağa başlayırlar. Bu isə təbii ki, KİV-in ali prinsiplərinə xələl gətirir.

"Demokratiya qaranlıqda ölür" şüarı ilə tanınan "The Washington Post" təəssüf ki, bu demokratiyadan ölkəmizə qarşı antitəbliğat vasitəsi kimi istifadə edir. Bütün bunlar isə birbaşa erməni lobbisinin dəstəyi ilə reallaşır. Qrant layihələri üçün əsas ünvan seçilən redaksiya Azərbaycana qarşı "hücum" düyməsinə basıb. Lakin bu kimi çirkin kampaniyaların sonu yoxdur. Əhəmiyyətsiz və heç bir əsası olmayan məqalələr ancaq və ancaq qəzetin nüfuzunu gözdən salıb ki, bu da son 20 ildə işçilərin ixtisar edilməsinə səbəb olub. Hər dəfə "0"dan başlamaq istəyən "The Washington Post"un bu dəfə isə çox vaxtı yoxdur. Belə ki, getdikcə qürub edən "The Washington Post" dərhal "re-start" düyməsinə basmalıdır...

Tacir SADIQOV,

"Respublika".