ERMƏNİ RİYAKARLIQLARI SƏNƏDLƏRİN İŞIĞINDA
Digər xəbərlər

ERMƏNİ RİYAKARLIQLARI SƏNƏDLƏRİN İŞIĞINDA

Yusif Qazıyev bir çox əsər və kitabların müəllifidir. Yusif müəllimin ata-babaları və digər həmyerliləri bir əsrdə beş dəfə soyqırımı və deportasiyaya məruz qalmışdılar. Özü isə bu soyqrımın və deportasiyanın üçünü - 1937-1941, 1948-1953 və 1988-1990-cı illərdə yaşamışdır.

Sonuncu, 1988-1990-cı illərdə olan soyqırımı və deportasiya zamanı çox dəhşətli və faciəli günlər görmüşdür. Belə ki, 27-30 noyabr 1988-ci ildə Pəmbəkdə azərbaycanlılara qarşı törədilən dəhşətli soyqırımının izlərini itirmək məqsədilə erməni inzibati orqanları onu həbs etmişdilər. Yusif müəllimə qarşı yalan iddia irəli sürmüşdülər ki, guya, onun silahlı dəstəsi erməni Vartan-Əli kəndinə hücuma keçən zaman əks tərəfin cavab verməsi nəticəsində Quqark qırğını baş vermişdir. Vartan-Əli kəndinin azərbaycanlı sakinlərindən həyatlarını itirənlər olmuşdur. Bütün bu ağlagəlməz böhtanlara görə o, həbs edilmişdir. Lakin təsadüf nəticəsində qışın qarlı, çovğunlu bir gecəsində saxlandığı vaqondan qaçaraq Azərbaycana pənah gətirmişdir. Elə yaşadığı, şahidi olduğu erməni vəhşiliklərinin və törətdikləri soyqırımların nəticəsi olaraq, Yusif Qazıyevin "Erməni riyakarlıqları sənədlərin işığında" adlı kitabı işıq üzü görmüşdür. Tarixi məlumatla zəngin olan kitabda arxiv sənədləri, müsəlman və qeyri-müsəlman alim və ermənişünas tədqiqatçıların ilkin əsər və məqalələri əsasında ermənilərin tarixindən, sosial-iqtisadi həyatından, mədəniyyətindən, dilindən, dinindən, yaşadıqları bölgələrdə ətrafda olan dövlət və xalqlara qarşı münasibətlərindən, o cümlədən törətdikləri soyqırımlarından geniş söhbət açılır.

Tədqiqatçı-alim Yusif Xıdır oğlu Qazıyevin "Erməni riyakarlıqları sənədlərin işığında" adlı monoqrafiyası haqqında filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərli ətraflı rəy yazaraq bildirir ki: "Əsər müsəlman-türk dünyasına qarşı erməni bəlasının, erməni terrorunun necə fəlakət gətirdiyini bir daha ictimaiyyətin diqqətinə çatdırır, xalqımıza qarşı ermənilərin apardığı və bu gün də davam edən fiziki, mənəvi soyqırımın mahiyyəti tutarlı faktlarla açılıb göstərilir".

Tarix üzrə fəlsəfə doktoru, professor C.Bəhramov isə kitab haqqında öz düşüncə və fikirlərini belə ifadə edir: "Bu əsər erməni şovinizmin əsrlərdən bəri Azəri və Anadolu türklərinin başına gətirdiyi fəlakətlər və saxtalıqlar haqqında yazılmış ilk tədqiqat əsərlərindəndir. Bu tədqiqat əsərini müstəqilliyimizin başlıca məhsullarından biri kimi qeyd etmək olar".

 Bu kitab tarixi yaddaşımıza həkk olunmuş dəhşətli faciələrə, ermənilər tərəfindən son əsrlərdə həyata keçirilən və dövrümüzdə belə ağrısını çəkdiyimiz, hətta hazırda da davam edən türk soyqırımlarına dair geniş bir məlumat bazasıdır. Tarixə nəzər salsaq görərik ki, türk millətinə - azərbaycanlılara qarşı ermənilər qədər heç bir millət xain, məkrli və vəhşi münasibət bəsləməmişdir. Bütün bunların da nəticəsi olaraq fərqli tarixlərdə xalqımızın başına olmazın müsibətlərini, faciələrini gətirmişdir. Soyqırımlar törətmişdilər. Dəfələrlə Azərbaycan türklərini öz ata-baba torpaqlarından didərgin salmışdılar. Böyük Ermənistan iddiası ilə tarixi Azərbaycan torpaqlarını, ilk növbədə İrəvan xanlığına məxsus torpaqlarımızı ələ keçirmiş və zamanla yerli Azərbaycan türklərini sıxışdırıb, özlərinə məskən salmışdılar. Ancaq ermənilər unutmuşdular ki, yazılan və yaşanan tarixdə heç vaxt dəyişiklik olmur. Tarix yamaq götürmür. Elə Yusif Qazıyevin də min zəhmət hesabına, uzun araşdırmalar nəticəsində və şahidlərin faktlarına əsasən yazdığı bu kitabda məqsədi bütün bu saxtakarlıqları üzə çıxarmaqdır.

Eyni zamanda kitabda erməni faşizminin, ekstremizminin və separatçılıq fəaliyyətləri faktlarla sadalanır və sübutlar əsasında erməni saxtakarlığı, böhranları, satqınçılıqları və plagiatorçuluğu üzə çıxarılır.

Həmçinin Dağlıq Qarabağ probleminin ermənilər tərəfindən unudulmuş olması, ermənilərin azəri türklərinə qarşı törətdikləri vəhşiliklər, 20 Yanvar hadisələri, Xocalı soyqırımı və digər terror əməllərinin xronologiyası oxuculara təqdim edilir. Kitab sənəd və faktlarla yanaşı, eyni zamanda bu faktları əks etdirən fotoşəkillərlə də zəngindir. Bu şəkillərin hərəsi ayrılıqda bir tarixi, real faktı, olmuş hadisəni əks etdirir, həmçinin oxucu marağına səbəb olur. Kitabda maraqlı məlumatlardan biri də İrəvan xanlığı və ətraf ərazilərdə yaşayan yerli azərbaycanlıların fərqli tarixdə olan sayları ilə bağlıdır. Dəqiqliklə nəzər yetirəndə şahidi oluruq ki, zamanla bu bölgədə yaşayan azərbaycanlıların sayı azalmağa doğru gedib. Nəticədə Azərbaycan türkləri sıxışdırılıb, terror və soyqırıma məruz qalaraq bölgədən tamamilə uzaqlaşdırılıb. Azərbaycanlılar öz doğma İrəvan şəhərindən, Göyçə, Vedibasar, Amasya, Dərələyəz, Zəngəzur və digər mahallardan, kənd və şəhərlərdən didərgin salınmışlar. Dəlil və sübutlarla müəllif tərəfindən geniş şəkildə izah olunur ki, indiki Ermənistan ərazisində tarixən yaşayan azərbaycanlılar olmuşdular. Müəllif kitabda təkcə Qərbi Azərbaycanla bağlı yazmır. 20 Yanvar, Xocalı soyqırımından da, İkinci Qarabağ müharibəsindən və 30 illik erməni işğalından, işğal müddətində ermənilərin Qarabağda törətdikləri terror və vandallıqlarından da söhbət açır.

Ümumiyyətlə, Yusif Qazıyevin qədim Azərbaycan tarixinə və tarixdə baş verən erməni terroruna, vəhşiliklərinə həsr etdiyi "Erməni riyakarlıqları sənədlərin işığında" kitabı hər bir azərbaycanlının stolüstü kitabı olmalıdır. Kitab 2022-ci ildə "Füyuzat" nəşriyyatında çap edilmişdir.

Ramidə YAQUBQIZI,

"Respublika".