ERMƏNİ SAXTAKARLIĞI, UYDURMA TARİX
Tarix

ERMƏNİ SAXTAKARLIĞI, UYDURMA TARİX

Ermənistan bu il aprelin 24-də qondarma erməni "soyqırımının" növbəti ildönümünü" qeyd edir. Hər dəfə də bu qondarma tarixlə bağlı yazılıb-pozulanların gözünə yeni absurd ideyalar qatır, sərsəmlik dərəcəsinə çatdırdıqları bu düzməcələri dünya ictimai rəyinə sırımağa çalışırlar. Haqlı olaraq düşünürsən ki, "ermənilər illərdir ki, xəstə təxəyyülün məhsulundan ibarət olan bir tarix icad edib onu virtuallaşdıraraq elə bu aləmlərində yaşayırlar...". Ən qədimlərə gedib dirənən virtual tarix, böyüklük, əzabkeş obrazı, ilk sivilizasiya yaradıcısı, bir sözlə, hər şeyi əhatə edən virtual mədəniyyət. Bu virtual düzməcələrdə hər gün yeni bir "icad" ilə rastlaşırıq. Həm də ən dəhşətlisi odur ki, bu virtual aləmdə düzüb-qoşduqlarına utanıb çəkinmədən dünyanın bir hissəsini də inandırmağa çalışırlar.

Onsuz da bu saxta iddiaların ildönümləri Sovet rəhbərliyinə dürtülmüş erməni mikoyanların, kostandyanların, sitaryanların təkidi ilə ötən əsrin 50-ci illərindən Sovet İttifaqında da qeyd edilirdi. Başqa cür də ola bilməzdi. Çünki rusların yaxın köməkliyi ilə Qafqaza köçürülən ermənilər Pyotrun vəsiyyətlərinə uyğun olaraq müsəlmanlar içərisində "xristian anklavının" yaradılmasına nail ola bilmişdilər. Halbuki, Rusiya ilə İran arasında Azərbaycanı bölən Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə qədər bu ərazilərdə bir dənə də olsun erməniyə rast gəlmək olmazdı. Elə Osmanlı imperiyasının Şərqi Anadolu ərazilərinə də ermənilər Fərat və Dəclə çayları arasındakı Mesopotomiya ərazilərindən köçüb gəlmişdilər. Bunu ona görə xatırlatmağı lazım bilirik ki, ermənilər vay-şivən qopararaq bütün dünyaya səs salırlar ki, qondarma soyqırımında guya 1,5 milyon erməni öldürülüb. Lakin akademik qeyd edirdi ki, "Ərzurumdan Vana qədər böyük ərazidə 1914-cü il Osmanlı siyahıyaalmalarına görə ermənilərin sayı heç 900 min nəfərə çatmırdı. Ciddi tədqiqatlar göstərir ki, bu tarix real tarixdən çox erməni tarixçilərinin təxəyyül səyləri hesabına düzəldilmiş hekayətdir". Erməni uydurmaları bununla bitmir ki... Onların öz tarixlərini saxtalaşdırıb şişirtməyə meyilli olduqlarını elə erməni tarixçilərinin özləri də etiraf edirlər. Bu nöqteyi-nəzərdən Xarkovda yaşayan erməni tarixçisi Filipp Ekozyantsin fikirləri diqqətçəkicidir: "Mən çoxdan bir maraqlı fakta diqqət kəsilmişəm. Bütün sivil dünya - ABŞ-dan tutmuş Çinə, İsraildən Norveçə kimi - Ermənistanı Ermənistan, erməniləri erməni adlandırır. Ancaq dünyada bir azsaylı, cırtdan deyilə biləcək qədər kiçik bir xalq var ki, onun dilində "erməni" və yaxud ona az da olsa oxşayan başqa bir söz yoxdur.. Nə qədər paradoksal olsa da, bu xalq - ermənilərdir. Onlar bütün dünyadan fərqli olaraq özlərinə "hay" deyir, öz vətənlərini isə "Hayastan" adlandırırlar".

Yəni "erməni" sözünə əsla oxşamayan bir adın erməni təhtəlşüurunda möhkəm kök salması da təsdiq edir ki, bu xalqın adından tutmuş tarixinə qədər hər şey təkcə saxta, qondarma təxəyyülün məhsulu olmayıb, həm də psixoz dərəcəsinə çatdırılmış psixi natamamlıq kompleksinə söykənir. Yoxsa, "Nuhun gəmisi", "sivilizasiyanın ilk məskəni", "dənizdən-dənizə dövlət" və s. neçə-neçə buna bənzər sayıqlamalar erməni iddialarında yer tapa bilməzdi.

Diqqət etdikdə görürsən ki, bu başabəla xalqın həqiqətən də iki tarixi var - biri həqiqi, biri uydurma. Amma bu tarixin uydurma olan tərəfi daha ağır basır və radikal millətçilik azarına tutulmuş erməniləri öz sehrinə daha çox çəkir. Elə bunun nəticəsidir ki, ermənilər tərəfindən bu haqda artıq çoxlu sayda şişirtmə kitablar yazılıb, hətta "dost" və "düşmənlər"in, "qəhrəman" və "satqınlar"ın adları da müəyyən edilib... Amma nə qədər çalışsalar da, belə qənaət hasil olur ki, sonuncu erməni dövləti 2 min il əvvəl mövcud olub. O vaxtdan XX əsrə kimi ermənilərin ümumiyyətlə dövləti və dövlətçiliyi olmayıb. Özləri də köçəri qaraçılar kimi o ölkə sənin, bu ölkə mənim səfil-sərgərdan baş alıb gəziblər. Sakit, dinc, həm də ləyaqətli həyatı yalnız Osmanlı imperiyası dövründə tapıblar. Di gəl ki, erməni xisləti onlara burada da sona qədər insan kimi yaşamağa imkan verməyib.

Bəli, ermənilərin öz tarixlərini qədimləşdirməkləri, bir vaxtlar "dənizdən-dənizə Ermənistan" haqqında əfsanəni, Ermənistanın "qədim xristianlığın ən inkişaf etmiş sivilizasiya mərkəzi" olması haqqında həyasız iddialarını az eşitməmişik. Bütün bu müəmmalardan sonra ağlı başında olanlar bir qrup siyasi şarlatanın "hay" xalqını necə tarixi-psixi tələyə saldığını aydın şəkildə görür və başa düşürlər ki, o tələdən erməni xalqı heç cür çıxa bilmir, gah forpost, gah quberniya, gah da kiminsə hərbi bazalarının saxlanma meydançası olur. Tələnin bir forması da ondan ibarətdir ki, bu xalq yalnız faktlara əsaslanan bir tarixi deyil, sırf xəyalların məhsulu olan bir tarixi şişirtməklə məşğuldur və o xalqın tarixindən danışırıq ki, o, özünü indiyə qədər adlandırdığımız kimi yox, tamam basqa cür adlandırır. Azərbaycan tarixçilərinin tədqiqatlarına əsaslanaraq deyə bilərik ki, biz "tarixi Ermənistan" deyilən ərazidə ta bu minilliyin əvvəllərinə qədər nələr baş verdiyini dəqiq bilirik, yəni sonuncu erməni çarı II Tiqran Fərat sahillərində Bizans imperatorluğu tərəfindən məğlub edildikdən sonra XX əsrin əvvəllərinə qədər erməni dövlətçiliyi olmayıb. Akademik Yaqub Mahmudov demişkən, "bütün məsuliyyətimlə bəyan edirəm ki, ermənilər nəinki Cənubi Qafqaza, ümumiyyətlə, Asiya qitəsinə köçüb gəlmə əhalidir. Ermənilərin gəlmə olduğunu mənbələr və "tarixin atası" Herodot təsdiq edir".

Passionar enerji haqqında nəzəriyyənin banisi, görkəmli tarixçi Lev Qumilyov qeyd edir ki, müasir ermənilər yalnız mədəni əlamətlərinə görə erməni, etnik məzmunlarına görə isə qarışıq millətdirlər.

Nə qədər qəribə olsa da, riyaziyyat üzrə elmlər doktoru Klesov da yazır ki, çoxmillətli Osmanlı imperiyasının tərkibində yaşayan ermənilər heç vaxt etnik özünüdərk və özünəməxsusluğa malik olmayıblar, daha çox Osmanlı imperiyasının böyük parçası olan türklərin antropoloji xüsusiyyətlərini özlərində əxz ediblər.

Hay xalqının bəzi nümayəndələri isə dəqiq bilir ki, o, son bir neçə əsr ərzində, ən azı 400 il Osmanlı imperiyasının tərkib hissəsi olub, orada onlara ləyaqətli münasibət bəslənilib, sadə insanlar bir-biri ilə yanaşı yaşayıb, normal həyat tərzi sürüblər. Osmanlılar isə yüksək tolerantlıq nümunəsi göstərərək onlara "əziz-millət" ləqəbini vermişdi.

Amma zori balayanlar, silva kaputikyanlar erməniləri inandıra biliblər ki, onların öz qonşuları ilə ən yaxın xalqlarla heç bir ortaq bağları yoxdur, son 400 illik tarixləri, yəni bütün Osmanlı dönəmi onların tarixi deyil və guya bu 400 ildə böyük Osmanlı imperiyasının, zəngin, qüdrətli və maarifləndirici bir dövlətin tamhüquqlu üzvləri yox, hüquqsuz qulları olublar. Halbuki, lənətlənən Osmanlı dövründə erməni xarici işlər, maliyyə, daxili işlər nazirləri, orduda yüksək mövqe tutan generallar haqqında yetərincə söz açmaq olar. Xəyanətlərinə görə qulağı kəsilib tay qulaq qalmış Andranik kimi.

Tarixçi Ekzoyantsın etiraf etdiyi kimi, "Bizim heç bir başqa dövlətimiz gerçəkdə mövcud olmayıb. Varisi yalnız erməni xalqı olan dövlət də yüz faiz olmayıb. Mən yalnız təsdiqlənmiş və hamıya məlum olan faktlara əsaslanaraq öz keçmişimiz haqda həqiqətə inanıram".

Bu tarix ermənilərin Türkiyə və Azərbaycana qarşı kin qusduqları bugünkü günlərdə işlərinə gəlmədiyinə görə, öz tarixləri hesab etmir. Halbuki, bu tarixi dönəm haqda Rusiyadan tutmuş İrana, Avropa və ABŞ-a kimi ölkələrin arxivlərində olduqca böyük sayda səhih sənədlər, sübutlar var. Ən başlıcası bunlar Ermənistanın və təbii ki, Türkiyənin də arxivlərində var. Osmanlı dönəminədək olan tarix isə qaranlıqlar və boşluqlarla, şişirtmələrlə doludur, xəstə təxəyyülün, boş fantaziyaların məhsulundan savayı bir şey deyil. İnkişaf etmiş xristian sivilizasiyası, "dənizdən dənizə dövlət" xəyalları da onun kimi. Bir çoxlarının fikrincə, bu sualın cavabı çox sadədir və üzdə, ən görməli yerdədir: bu da odur ki, hay xalqı bütün dünyaya böyük Osmanlı imperiyası kimi məlum olan bir imperiyanın hissəsi olduqlarını və əsl tərəqqiyə də bu imperiya daxilində çatdıqlarını etiraf etmək istəmirlər.

Amma onlar öz miskin xislətlərinə uyğun olaraq bu imperiyaya xəyanət etdilər. Özü də necə? Bu haqda tarixi həqiqətlər nə deyir? I Pyotr vəsiyyətlərində ruslara guya, provaslavlığın mərkəzi İstanbulu (Konstantinopolu) və ona bağlı Anadolu yarımadasını tutmağı vəsiyyət etmişdi. Ümumiyyətlə, bir gözü cənubun isti sularında olan Rusiya imperiyası bu yolda başlıca maneə kimi Osmanlı imperiyasını görürdü. Bu isə bir neçə qanlı rus-türk müharibəsinə səbəb olmuşdur. 1877-1878-ci illər rus-türk müharibəsi rusların qələbəsi, Bolqarıstanın Osmanlı imperatorluğunun tərkibindən çıxmasını təsbit edən Ədirnə sülh müqaviləsi ilə başa çatdı. Bundan ruhlanan ruslar Qafqaz istiqamətində də Osmanlı imperatorluğunu təhrik edən hərəkətlərə başlayır. I Dünya müharibəsinin (1914-1918) başlaması Rusiyaya Osmanlı imperiyasına qarşı cəbhənin açılmasına imkan verdi. Türklərin rus təcavüzünü durdurmaq üçün başlatdıqları Sarıqamış istiqamətindəki əməliyyatları uğursuzluqla nəticələnir. Rusların qarşısını almaq üçün göndərilmiş 80 min nəfərlik ordu hissələri şaxtalı havada donaraq həlak olur. Bu, rusların Qafqaz bölgəsində daha da fəallaşmaları üçün bir siqnal oldu. Onlar Kars-Sarıqamış istiqamətində hücuma keçərək Türkiyənin Şərqi Anadoludakı ərazilərini işğal etməyə başladılar. Osmanlı təbəələri olan ermənilərin rus qoşunlarına yardımı da elə bu dövrdən başlamışdır. Onların bir hissəsi könüllü olaraq rus ordusunun tərkibinə daxil olur, rusların köməyi və təlimləri altında nizami ordu dəstələri yaradaraq açıq surətdə Osmanlıya qarşı döyüşürdülər. Osmanlı imperiyasının paytaxtında hələ də müəyyən vəzifələr tutan ermənilər rusları kəşfiyyat materialları ilə təmin etməklə onların sürətli hücumuna ciddi surətdə yardım göstərirdilər. Osmanlı ordusunda general rütbəsinə qədər ucalmış Andranik adlı erməni Osmanlı ordusunun Baş Qərargahından mühüm hərbi sirlərin Rusiyaya ötürülməsində ifşa olundu. O, cəzalandırılaraq bir qulağı kəsildi və ordudan qovuldu. Ruslar tərəfə keçən Andranik erməni könüllü dəstələrinin təşkili və onların silahlandırılmasında böyük rol oynadı. Sonradan bu məlun Osmanlı və Azərbaycan türklərinin soyqırımında fəal iştirak edən quldur dəstələrinin, onlara basçılıq edən Dro, Njde, Amazaps kimi quldurbaşılarının yetişməsinə də öz alçaq töhfəsini verdi.

Artıq ciddi hərbi-siyasi fəaliyyətləri ilə seçilən Qnçak (1878), Daşnaksütyun (1879) partiyaları da silahlı komitələr yaratmaqla bu quldur dəstələrinin sıralarını genişləndirdi. Bu, həm də rus qoşunlarının I Dünya müharibəsi ərəfəsində Şərqi Anadoluda geniş istilalar edərək Ərzuruma qədər irəliləməsinə şərait yaratdı.

Osmanlı dövləti ermənilərin bu xəyanətini cavabsız qoya bilməzdi. İmperatorun 1914-cü ildə verdiyi qərarnamə ilə Şərqi Anadoluda yaşayan ermənilərin imperiyanın başqa əyalətlərinə köçürülməsinə əmr verildi. Qərarın icrası Şərq cəbhəsinin komandanı Karabəkir Paşanın üzərinə qoyuldu. Məqsəd ruslara agentlik edib, onlarla birlikdə Osmanlı qoşunlarına arxadan zərbə vuran erməni silahlı dəstələrinin tərk-silah edilməsindən, onlara rəğbət bəsləyən mülki əhalinin isə dinc yolla digər ərazilərə köçürülməsindən ibarət idi. Köç siyasəti əsasən dəmir yolu vasitəsilə həyata keçirilirdi. Bundan başqa, xeyli at və öküz arabaları da ayrılmışdı. Köç olaylarına 1915-ci ilin martında start verildi. 900 minə yaxın erməninin 650 mini dəmir yolu ilə Mersin şəhərinə, oradan isə o zamankı Osmanlı imperiyasının tərkib hissəsi olan Livan, Suriya, İraq, Misir ərazilərinə köçürüldü. Köç zamanı hər hansı repressiya tədbirlərinə əsla əl atılmadı. Yalnız köç prosesində bəzi xəstəliklərin, xüsusilə difteriya və malyariya xəstəliklərinin yayılması nəticəsində müəyyən qədər ölüm halları baş verdi. Bu, uşaqlar, qocalar və qadınlar arasında daha geniş yayılırdı.

Köç hadisələrindən danışarkən hayların dilində heç vaxt olmayan "genosid" sözü o qədər də uzaq olmayan bir dövrdən işlənir. Bəli, ötən əsrin əvvəllərində böyük xəyanət və onun labüd nəticəsi kimi köç hadisələri baş verdi. Köç zamanı çoxu dəmir yolu, az bir qismi isə arabalarda daşınan ermənilərin 170-200 min nəfəri aclıq və xəstəlikdən məhv oldu. Daha çox isə yolboyu tüğyan edən, qadınlarının bərbəzəyinə, köçürülənlərin var-dövlətinə göz dikmiş kürd quldurları tərəfindən öldürüldü. Cinayətkarlar elə türk xalqının özü tərəfindən tutulub edam edildi. Bu, müstəsna olaraq türk xalqının iradəsi əsasında baş verdi. Hər halda, o vaxt türk xalqından belə bir məhkəməni heç kim tələb etmirdi və tələb edə də bilməzdi. Türk xalqının tolerantlığı, multikultural ənənələri, ermənilərə olan isti münasibətləri baş verənlərin dərinləşməsinin qarşısını aldı. Bəli, xəyanətin labüd cavabı kimi köç hadisəsi baş verdi və bu bəla osmanlının erməni təbəələrini az qala bütün imperiya ərazisinə səpələdi. Türkiyə mənbələrində sadəcə olaraq "köç" adlandırılan bu hadisə Osmanlı təbəələrinin bəziləri arasında böyük imperiyalardan sonra həmişə müşahidə olunan bir uçurum yaratdı. İdeya dəllalları bu uçurumu dərinləşdirmək üçün bütün qüvvələrini sərf etdilər. Lakin bütün baş verənlər lap yaxınlaradək mövcud olmuş bir faktı - ermənilərin və digər xalqların Osmanlının hissələri olması faktını inkar etmir.

Fəqət dünyanın aparıcı gücləri hay və türk xalqlarına barışıq imkanını vermədilər. O baş verdi ki, hadisədən 30 il sonra - 40-cı illərdə yəhudi xalqının polşalı bir nümayəndəsi "genosid" sözünü fikirləşib tapdı. Və o, öz din qardaşları ilə birgə and-aman edib bütün dünyanı inandırmağa çalışdı ki, Osmanlı imperiyasında köç yox, məhz genosid baş verib. Beləcə, dünya ictimai rəyinə provokasyon bir müddəa atıldı və bu, erməni millətçi dairələri tərəfindən göydəcə tutuldu. Dünya da baş verənlərin necə adlanmasına laqeyd olduğundan, yeni bir məhkəmə, yeni etiraflar və yeni cəzalar tələb edilməyə başlandı - özü də bu hadisələri həyata keçirmiş və artıq həyatda olmayanlara qarşı yox, bütöv türk xalqına qarşı. Hətta, bunun fərqinə belə varmaq istəmirlər ki, ermənilərin başına genosid ideyasını yeridənlər öz murdar fəaliyyətlərinə 30 il sonra - XX əsrin 40-cı illərində başlayıblar. Və məhz o vaxt "genosid" sözü və anlayışı meydana çıxıb və tədricən ermənilərin gündəminə yerləşməklə bu günədək davam edir. Bu genosidin mahiyyəti də ondan ibarətdir ki, əslində bəziləri siyasi alət olaraq erməni xalqını real dünyadan tarixi saxtakarlıqlar və xəyallar üzərində qurulan virtual dünyaya köçürmək və bu zəmində türk xalqını tarixi seytnota salmaq istəyirlər.

Belə götürəndə, ermənilərin genosidi iddia edildiyi kimi və ya bu narahat xalqı inandırmağa çalışdıqları kimi, heç də 100 il öncə baş verməyib. Ona qalsa, XVII-XVIII əsrlərdə Amerika qitəsində 70 milyondan çox aborigen hindunu qırıb-çatmış anqlo-sakslar, ispanlar, portəgizlər, fransızlar da ittiham obyektinə çevrilərdi. 1962-ci ildə fransızlar işğal etdikləri Əlcəzair ərazilərində günahları yalnız azad olmaq istəyən 1 milyona qədər insanı qətlə yetirdilər. Bu gün də Myanmada davam edən müsəlman qətliamları 200 mindən çox insanın həyatına son qoyub. Elə erməni vandallarının bəzi iri dövlətlərin qəyyumluğu ilə 1828-ci ildən 1920-ci ilə qədər böyük bir coğrafi ərazidə - Qars, İğdır, Urmiya, Qərbi Azərbaycan, Şimali Azərbaycanın bütün ərazilərində 2 milyondan çox azərbaycanlını qətlə yetirmələrinin tarixi-siyasi qiymətini almaması da tarixə ikili standartlarla yanaşmanın bədnam göstəricisidir.

Bu hadisələrin bu günlərdəki təqdimatı, xüsusən xristian dövlətlərinin parlamentlərində yeni ultimatumlar paketi ilə erməniləri yeni bir xəyalplov havasına kökləyərək inandırmağa çalışırlar ki, yəhudi mənşəli polyak vəkilin fikirləşib tapdığı bu sözü bütün dünya tanıyacaq, türklərdən böyük təzminat, hətta ola bilsin az da olsa torpaq və bir də türklərin Ağrı, ermənilərin isə Ararat dediyi dağı geri qaytaracaqlar. Xalis dəli-divanəlik deyilmi?

Son dövrlər ermənilərin bu istiqamətdə fəaliyyətləri daha da güclənib. Onlar erməni lobbisinin yaxından köməyi ilə müxtəlif ölkələrin parlamentlərinə müraciət edərək bədnam soyqırımının pislənməsi ilə bağlı qərarlar qəbul etdirməyə çalışır, buna qismən nail ola bilirlər. Bu məsələdə bəzi Qərb ölkələri, xüsusən Fransa, İsveçrə, Hollandiya daha çox fəallıq göstərir. Məsələyə Vatikan kilsəsinin qarışması, Papa Frensiskin qondarma soyqırımı XX əsrdə ilk soyqırımı kimi təqdim etməsi xristian təəssübkeşliyinə və dinin siyasətə alət edilməsinə bir nümunədir.

Bu ölkələr və qurumlar unudurlar ki, Türkiyə dəfələrlə hər iki ölkənin arxivlərinin açılmasını, tarixçilərdən ibarət beynəlxalq heyətin həmin dövrdə baş vermiş hadisələrin araşdırmasını təklif edib. Bundan boyun qaçıran Ermənistan məsələni siyasiləşdirməkdə davam etməklə daha çox ölkənin qondarma soyqırımını tanımasına, məsələni Beynəlxalq Məhkəmə səviyyəsinə qaldıraraq Türkiyədən təzminat qoparılmasına nail olmağa çalışır.

Birmənalı olaraq sübut edilmişdir ki, tarixdə erməni soyqırımı adlı hadisə olmayıb. Ən azından ona görə ki, bunu sübut edəcək heç bir fakt, əşyayi-dəlil, videomaterial yoxdur. Üstəlik erməni yalanlarının qondarma olduğu bir də onunla təsdiqini tapır ki, bu saxta iddia ilə bağlı bir dənə də olsun məhkəmə hökmü yoxdur. Məsələn, yəhudi Xolokostunu sübut edən çoxsaylı dəlillər onu Nürnberq mühakiməsində bütün detallarına qədər aşkarlaya bildi. Ermənilər isə bu məsələdə quru sözdən uzağa gedə bilmirlər.

Ekozyants kimi bir çox ermənilər etiraf edirlər ki, ermənilərin soyqırımı məhz indi aparılır. Onların o qədər himayədarları peyda olub ki, tarixi hadisələri saxtalaşdırıb bəhanə qismində istifadə edərək erməni xalqını real dünyadan, müasir sivilizasiyadan kəsib ayırmaq, onları türklərə, azərbaycanlılara, hətta gürcülərə qarşı qoymaq istəyirlər. Özü də bunu əfsus ki, kifayət qədər uğurla etməyə çalışır və bəzən də nail olurlar. Ermənilərin bu cür sürrealist tələbləri və iddiaları artıq ona gətirib çıxarıb ki, onlar bölgənin bütün irimiqyaslı layihələrindən kənarda qalıb, coğrafi əhatələrində büsbütün davakar, militarist xarakterli bioloji tullantıya çevriliblər. Onlar heç cür anlaya bilmirlər ki, həm "soyqırımı" anlayışının yaradıcıları, həm də qonşulara qarşı mənəvi, tarixi və ərazi iddialarının təşkilatçıları əslində, bu xalqın amansız və məkrli düşmənləridir. Elə bu səbəbdəndir ki, işğal edilmiş Azərbaycan ərazilərinin azad olunmasına dair BMT Təhlükəsizlik Şurasının 4 Qətnaməsinin olmasına baxmayaraq, bu istiqamətdə aparılan sülh danışıqları ermənilərin destruktiv mövqeyi ucbatından həmişə dalana dirənir. Ermənilər başa düsməlidir ki, onlar artıq tarixi Azərbaycan torpaqlarında bir dəfə öz dövlətlərini qurublar. İkinci dəfə Azərbaycan torpaqlarında yeni erməni dövlətinin yaradılmasına Azərbaycan xalqı əsla və əsla icazə verməyəcək.

Beləcə, ermənilər on illərdir ki, onlara tamamilə yad olan insanlar tərəfindən düşünülmüş, olduqca ağır "genosid" xaçı ilə dünyada veyillənir, kiminə təzim edir, kiminə ağlıyıb-sıtqıyır, bir sözlə, özlərinin məşəqqətlər çəkmiş əzabkeş obrazını yaratmaq naminə hər cür əksikliyə gedirlər. Bu müddətdə genosid sözü hərfi mənada ermənilərlə qovuşub, həm də doğmalaşıb. O, hər bir erməni ailəsinin üzvü olub, icazəsiz və çəkinmədən onların qəlbində yuva salıb. Bu xalq qapalı, qəzəbli, kinli Yanusa çevrilib və uydurduğu yalanı qəbul etmək istəməyən hər kəsi məhv eləməyə hazırdır, çünki o hamıdan "ən qədim, ən böyük, ən əzabkeşdir".

Hər halda, ermənilər arasında sağlam mühakimə qabiliyyətini və zəkasını qoruyub saxlayanlara da rast gəlinir. Onlar hamısı bir səslə tələb edirlər ki, qondarma soyqırımı iddialarından əl çəkməyin vaxtı çoxdan çatıb, yəhudilər real Xolokost cinayətinə görə almanlarla münasibəti pozmayıblarsa, biz qondarma iddialarla dünyanı bir-birinə vurmamalıyıq. Xocalı soyqırımının, işğal edilmiş 20 faiz Azərbaycan torpaqlarının və orada həyata keçirilmiş etnik təmizləmələrin 1 milyonluq qurbanlarının ibrətləri də bizləri buna çağırır.

Erməni tarixçisi Ekzoyants səmimi olaraq ermənilərə müraciət edir: "Mən bilirəm və əminəm ki, bizim xalq öz yaddaşını, bütün doğmalarını özünə qaytarmalıdır. Onu necə var, elə də qəbul etməlidir. Söhbət həm Türkiyə, həm Azərbaycan xalqından gedir.

Mən bu xalqları bizdən hansı ardıcıllıqla aralayıblarsa və hansı ardıcıllıqla aralamada davam edirlərsə, o ardıcıllıqla da sıraladım. XIX əsrin sonlarında türkləri, XX əsrin sonlarında qəti olaraq azərbaycanlıları bizim düşmənlərimizə çevirdilərsə, indi də ruslara qarşı xalqımıza uğurlu şəkildə nifrət virusu peyvənd edirlər. Odur ki, nə qədər ağır olsa da biz öz real, təbii ailəmizə qayıtmalıyıq. Əgər bunu eləməsək, mən əminəm: biz məhv olacağıq, həll olub gedəcəyik.

Mən bizim virtual qədimliyimizin, qədim böyüklüyümüzün konkret nədən ibarət olduğunu göstərmək və əsas bu suala cavab vermək üçün öz üzərimə məsuliyyət götürürəm: kim və nə üçün bizi aldadır? Digər bütün xalqlar kimi bizim də qədim keçmişimiz var. Ancaq əfsus ki, onun haqda dəqiq heç nə, demək olar, heç nə məlum deyil".

Azərbaycan tarixşünaslığı həm Ermənistan ərazilərindən dəfələrlə azərbaycanlıların deportasiyasını, həm də 1905-ci ildən başlayan və saysız-hesabsız qurbanlarla müşayiət olunan Osmanlı və Azərbaycan türklərinə qarşı erməni qətliamlarını araşdıraraq, əslində soyqırımından daha çox Azərbaycan türklərinin əziyyət çəkdiyini isbata yetirmişdir. Ə.Ağaoğlu 1905-ci ildə "S.Peterburqskiye vedomosti" qəzetinin 22-25 aprel sayında "Bakı hadisələrinə dair" məqaləsində yazırdı ki, elə həmin vaxtdan bu qırğınlar Bakı sərhədlərini aşaraq əksər Azərbaycan bölgələrini, xüsusən Qarabağ bölgəsini daha geniş miqyasda əhatə etmişdir. Həm də bu soyqırımları 1916-cı ildən şiddətlənərək Türkiyə ərazisində Kars, İğdır, Cənubi Azərbaycanda Urmiyaətrafı bölgələri, Qərbi Azərbaycanın (indiki Ermənistan) əksər bölgələrini, eləcə də Şimali Azərbaycanın bir çox ərazilərini ağzına alır. Bakı şəhərində erməni vandalizmi daha böyük qırğınlarla müşayiət olunur. Şaumyanın bolşevik-daşnak dəstələri ilə birgə hərəkət edən erməni bandit dəstələri 1918-ci ilin martında təkcə bir gecədə 20 minə qədər azərbaycanlını soyqırıma məruz qoydu. Njdenin, Dronun, Amazapsın qaçaq-quldur dəstələri ölkənin şimal-şərq rayonlarında, xüsusən də Quba uyezdində daha amansız qətliamlara rəvac verdilər.

Sovet hakimiyyəti illərində ermənilərə qondarma soyqırımından danışmağa icazə verilsə də, Azərbaycan türklərinə qarşı ermənilərin törətdikləri irimiqyaslı qırğınlar haqqında faktların tədqiq edilməsinə qətiyyən icazə verilmirdi. Amma hər il "Pravda" qəzeti qondarma erməni soyqırımına dair məqalə dərc edir, ermənilərin çoxsaylı "genosid" tədbirlərinə geniş meydan verilirdi.

Yalnız müstəqillik illəri ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı və deportasiyaların əsl üzünü açmağa imkan verdi. Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da verdiyi fərmanla hər il martın 31-i ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı günü kimi qeyd edilməsi qərara alındı. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya ədalət!" adı altında keçirdiyi tədbirlər silsiləsi ermənilərin Xocalıda törətdikləri vəhşilikləri bütün dünyaya çatdırmaq imkanı verdi. Artıq dünyanın 8 ölkəsinin, ABŞ-ın 16 ştatının qanunvericilik məclisləri Xocalı qətliamını insanlığa qarşı cinayət kimi tanıyıb.

Erməniəsilli ukraynalı tədqiqatçı Filipp Ekozyants da Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edənlər sırasındadır. Bu harasıdır, Ekozyants vaxtaşırı erməniləri saxta və yalan tarixdən, uydurma soyqırımı iddiasından imtinaya çağırır, əks halda, haqlı olaraq erməni xalqının iztirablarının bitməyəcəyi barədə xəbərdarlıq edir.

Son olaraq o, öz xalqından bir suala cavab tələb edən video yayıb. Tədqiqatçı videoda erməni istifadəçilərdən soruşur: "Biz ermənilər qonşularımızla sülh və uyğunluq şəraitində yaşamaq üçün nə etmişik?" Daha sonra o, öz sualını aydınlaşdırmağa çalışır: "Bu cavablar ermənilərin xoşuna gəlməyəcək və ya onlar ümumiyyətlə cavab tapmayacaqlar. Siz və sizin son onilliklər ərzində dəyişən hakimiyyətiniz qonşuları ilə sülh içində yaşamaq üçün konkret nə ediblər? Bir-birinizdən heç yana qaça bilməzsiniz! Siz onsuz da qonşularınızla yaşayacaqsınız. Variant yoxdur. Yoxsa yenə harasa gedəcəksiniz? Rusiya və Amerikada yeni kilsələr tikəcəksiniz? Özünüz seçməlisiniz".

Erməni tədqiqatçı Qarabağın mənsubiyyəti məsələsinə də toxunub: "Daha bir sualım var: hər yerə Dağlıq Qarabağın Ermənistana məxsus olduğunu bəyan etməyinizdən belə nəticə çıxarmaq olar ki, beynəlxalq ictimaiyyətin fikri vecinizə deyil? Bu sizi maraqlandırmır? Axı bütün beynəlxalq təşkilatlar, o cümlədən BMT Dağlıq Qarabağı Azərbaycan Respublikasının ərazisi kimi tanıyır. Siz isə hökumət səviyyəsində deyirsiniz ki - yox! İndi isə məntiqi bir sual: əgər, beynəlxalq ictimaiyyətin fikri vecinizə deyilsə, o zaman niyə elə həmin beynəlxalq ictimaiyyətin erməni "soyqırımı"nı tanımasına nail olmaq istəyirsiniz?".

Bütün bunlar onu göstərir ki, ermənilərin dünyaya sırıdıqları yalanlar dağılmaqda, bu regionda baş verən həqiqətlər tədricən də olsa, özünə yol açmaqdadır.

Qabil HÜSEYNLİ,

fəlsəfə elmləri doktoru, professor.