VIII GÜN. RETROSPEKTİV
Tarix

VIII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verənlərə yenidən nəzər yetirməklə Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

28 yanvar

  • Prezidentliyə namizədlərin seçki fondunun gəlir və xərclərinin ikinci ilkin maliyyə hesabatı açıqlanıb.

29 yanvar

  • Elnur Soltanov COP29 Azərbaycan üzrə baş icraçı direktor təyin edilib.
  • Azərbaycan XİN Ermənistanın baş na
  • zirinin "ordu" günündə səsləndirdiyi fikirlərə dair yerli medianın verdiyi açıqlamaya münasibət bildirib.

30 yanvar

  • Prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb.

Seçki bülletenləri dairə seçki komissiyalarına paylanılır

2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının üzvləri, Katibliyin əməkdaşları, eləcə də müvafiq dairə seçki komissiyalarının sədrləri və katiblərinin də iştirakı ilə Milli Məclisin Mətbəəsində seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb.

Proses açıq və şəffaf şəkildə gerçəkləşdirilib, beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları, media nümayəndələri və maraqlı seçki subyektlərinin prosesi yaxından izləyə bilmələri üçün hər cür şərait yaradılıb.

Bülletenlərin ilk gün - yanvarın 30-da Naxçıvan Muxtar Respublikasındakı seçki dairələri, işğaldan azad olunmuş ərazilərdəki seçki məntəqələrinin aid olduğu seçki dairələri, həmçinin respublikanın ucqar bölgələrini əhatə edən seçki dairələri də daxil olmaqla, ümumilikdə 36 seçki dairəsinə, növbəti 2 gün ərzində isə ölkənin digər seçki dairələrinə təhvil verilməsi və prosesin tam yekunlaşdırılması nəzərdə tutulur.

Yüksək təhlükəsizlik şəraitində hazırlanan seçki bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanması prosesinin mühafizəsi Daxil İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən həyata keçirilir.

  • Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub.

Laçın: doğma yurdda sevincli anlar

Uzun illər torpaqlarımız işğal altında qaldı, yüz minlərlə soydaşımız dünyaya göz açdığı yerlərdən didərgin salındı. Bütün dünyanın gözü qarşısında baş verən həmin hadisələr bu günə kimi neçə-neçə azərbaycanlının taleyində ağrılı-acılı, silinməz iz buraxıb. Geridə qalan illər ərzində Birinci Qarabağ müharibəsinin ağrılarını qəlbində daşıyanların tək ümidi "bəlkə də nə vaxtsa yenidən geri qayıdacağıq", - deyib həyata bağlanmaları olub. 30 il bu həsrətlə yaşayanların ümidinin tükəndiyi bir vaxtda, tarixi ədalətin bərpa olunmasına, şübhəsiz ki, ən çox sevinən də məhz onlar idi. Artıq 2022-ci ildən etibarən Böyük Qayıdış proqramı ilə Zəngilanın Ağalı, Tərtərin Talış, Laçının Zabux kəndləri, eləcə də Laçın və Füzuli şəhərləri geridönüşün ünvanına çevriliblər.

30 yanvar tarixində Laçın şəhəri 23 ailəyə qucaq açıb və daha 72 laçınlının yurd həsrəti bitib. Qeyd edək ki, işğaldan azad olunduqdan sonra dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməkdə olan Laçın şəhəri tez bir zamanda inkişaf yoluna qədəm qoymuş bölgələrdən biri oldu. Azadlığına qovuşan Laçında sürətli bərpa-quruculuq işləri bu gün də davam etməkdədir.

31 yanvar

  • Qərbi Azərbaycan İcması senator Ben Kardinin azərbaycanofob fəaliyyətini kəskin şəkildə pisləyib.

1 fevral

  • Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib.
  • Azərbaycan və Çexiya parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
  • Azərbaycanda növbədənkənar prezident seçkilərinin monitorinqi çərçivəsində MDB müşahidəçilər missiyasının nümayəndələri prezidentliyə namizədlərin seçkiqabağı qərargahlarının rəhbərləri ilə görüşlər keçiriblər.
  • Bakı Təşəbbüs Qrupu Fransa polisinin Korsikanın müstəqillik hərəkatı fəallarını qeyri-qanuni saxlamasını qətiyyətlə pisləyib.

Fransada gərginlik pik həddə çatıb

Bu günlərdə Korsika xalqı yenə də Makron hakimiyyətinə öz etirazını bildirib. Fransa və Korsika arasında əsrlər boyu davam edən gərginlik o həddə çatıb ki, mərkəzi hakimiyyət artıq nə edəcəyini bilmir. Hətta Korsika müxalifətinin əksəriyyəti son dövrlərdə adada fərqli düşünən insanlara qarşı Fransanın repressiya siyasətinin gücləndiyini iddia edirlər. Bakı Təşəbbüs Qrupu da məsələyə münasibət bildirib. Verilən bəyanatda qeyd edilib ki, "Nazione" hərəkatının baş təsis yığıncağının uğurla keçirilməsindən sonra Fransa polisi tərəfindən hərəkatın müstəqillik tərəfdarı olan fəallarının və onların ailə üzvlərinin qeyri-qanuni saxlanılmasını qətiyyətlə pisləyirik.

Fransa polisi tərəfindən "Nazione" millətçi hərəkatının iki fəalının həbs edilməsi Korsika ilə Makron hakimiyyəti arasındakı qarşıdurmanı daha da alovlandırıb. Həbs edilmiş iki şəxs yanvarın 31-də Parisə aparılaraq fəaliyyətləri ilə bağlı keçirilən məhkəmə istintaqı çərçivəsində həbs ediliblər. Bu isə Fransadan narazı olan Korsika vətəndaşlarının səfərbər olması ilə nəticələnib. Həbs edilənlərə dəstək məqsədilə korsikalılar aksiyaya başlayıblar. Aksiyada Bastiya Bələdiyyə Şurasının üzvləri, bələdiyyə sədri Pyer Savelli, merin müavini Pol Tyeri və gender bərabərliyinə cavabdeh olan bələdiyyə şurasının üzvü Lauda Qidiçelli də iştirak ediblər. Korsikalılar mediaya verdikləri açıqlamalarında aksiyanın məqsədinin zorakılıq və qəbuledilməz üsullarla həyata keçirilən həbslər olduğunu bildiriblər.

2 fevral

  • İtaliya nəşri Bakıda keçiriləcək COP29-dan gözləntilərdən yazıb.
  • Azərbaycanın Çindəki səfirliyində seçki məntəqəsi yaradılıb.
  • Azərbaycan XİN rəhbəri 30 ildən sonra ilk dəfə olaraq Ermənistanla sülhə şərait yarandığını qeyd edib.
  • "Oracle Advisory Group" təşkilatı ilk dəfə Qarabağda seçkilərlə bağlı sosioloji sorğu keçirib.
  • Rusiya parlamentinin Federasiya Şurasının nümayəndə heyətinin Azərbaycanda prezident seçkilərini müşahidə edəcəyi açıqlanıb.

3 fevral

  • Azərbaycanın Gürcüstandakı səfirliyi prezident seçkiləri ilə əlaqədar açıqlama yayıb.

“Respublika”.