Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

Vətən müharibəsinin 37-ci günü

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

2 noyabr

  • Vətən müharibəsinin 37-ci günündə döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd və Qubadlı istiqamətlərində gedib. Cəbrayıl və Zəngilan rayonlarının ərazisini işğalçılardan təmizləyən Silahlı Qüvvələrimizin ön bölmələri Qubadlı rayonunun bir neçə kəndini azad edib.
  • "Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!". Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün "Twitter" hesabında bildirib.
  • Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 2-nə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Noyemberyan, Berd və Vardenis rayonlarından Azərbaycanın Qazax, Tovuz və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.
  • Saat 00:30-dan 02:25-dək cəbhənin müxtəlif istiqamətlərində Ermənistan ordusuna məxsus 4 ədəd BM-21 Qrad qurğusu və Tərtərin Çardaqlı kəndi istiqamətində 1 ədəd "KUB" zenit-raket kompleksi məhv edilib.
  • m Prezident İlham Əliyev Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev: "Çox sağ olun ki, gəlmisiniz. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, növbəti həmrəylik təzahürüdür. Əziz qardaşım, cənab Prezident dediyi kimi, Türkiyə hər zaman Azərbaycanın yanındadır".
  • Prezident İlham Əliyev Türk Şurasının Baş katibini və digər şəxsləri qəbul edib: "Üç dəfə Ermənistana şans verildi. Baxmayaraq ki, bizim Ordumuz uğurlu əməliyyat keçirirdi. Buna baxmayaraq, beynəlxalq vasitəçilərin təkliflərinə hörmətlə yanaşaraq, üç dəfə biz atəşkəslə bağlı razılığa gəldik". Bunu Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidentini, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədrini və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidentini qəbul edən zamanı deyib. Bildirib ki, üç dəfə də Ermənistan bunu kobudcasına pozub. Birinci dəfə Gəncəni ballistik raketlərlə bombaladı, ikinci dəfə atəşkəsdən 4-5 dəqiqə keçəndən sonra atəşkəsi pozdu, üçüncü dəfə isə Bərdəyə "Smerç" raketi ilə atəş açıldı və onun nəticəsində 21 insan həlak oldu və 70 insan yaralandı. Gəncədə isə iki ballistik raketlə atəş nəticəsində 30-a yaxın insan həlak olmuşdu. Bu, erməni faşizminin eybəcər sifətidir. Biz nəinki öz torpaqlarımızı düşməndən azad edir, region üçün böyük təhlükə mənbəyi olan erməni faşizminin belini qırırıq.
  • Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) cəbhəyə yardım göndərib. Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifat deyib ki, Türk Şurası Azərbaycanın yanındadır: "Bu gün Türk Şurası olaraq can Azərbaycandayıq. Özbəkistan, Qırğızıstan, Türkiyədən olan nümayəndələr bu gün buradadır. Qazaxıstan isə tədbirə videokonfransla qoşuldu. Bura can Azərbaycanla həmrəyliyimizi göstərmək üçün gəldik. Türk Şurası azərbaycanlı qardaşlarımıza dəstək olaraq zəruri tələbat mallarını cəbhəyə göndərib".
  • Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstərib. Döyüş nəticəsində canlı qüvvə sarıdan 30-dək itki verən düşmən Ermənistan ərazisinə çəkilməyə məcbur edilib. Mövqelərimizə hücum etməyə cəhd göstərən düşmənin Su-25 döyüş təyyarəsi bölmələrimizin şəxsi heyətinin sayıqlığı nəticəsində vurulub.
  • Ermənistan silahlı qüvvələrinin "KUB" zenit-raket kompleksi, daimi dislokasiya məntəqəsi, səngər və atəş mövqelərində yerləşən canlı qüvvəsi dəqiq zərbələrlə məhv edilib.
  • Müdafiə Nazirliyi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edən qəhrəmanlarımızın göstərdikləri şücaətlər barədə videoçarx paylaşıb.

 

"Respublika".