Erməni vandalizminin daha bir sübutu: kütləvi məzarlıqlar
Digər xəbərlər

Erməni vandalizminin daha bir sübutu: kütləvi məzarlıqlar

Birinci Qarabağ müharibəsi zamanı minlərlə vətəndaşımız həlak olub, itkin düşüb. Haylar insanlarımıza təsəvvür edilməyəcək qədər böyük və ağrılı işgəncələr verib. Kütləvi şəkildə güllələyib və ya yandırıb. Bu dəhşətli, qanlı hadisələr yaddaşımıza həkk olunub. Ermənilərin vandallığının səviyyəsi getdikcə daha çox görünür.

Belə ki, ötən il Xocavənd rayonunun Edilli kəndində və Füzuli şəhəri ərazisində kütləvi məzarlıqlar tapılıb. Məzarlıqda 1990-cı illərdə Ermənistan qoşunları tərəfindən edam edildiyi iddia edilən Azərbaycan hərbçilərinin qalıqları aşkar edilib. Edilli kəndindəki məzarların birində əl-ayağı bağlı şəkildə edam edilmiş 12 hərbçinin qalıqları tapılıb. Onların kəllə sümüklərindəki izlər güllələndiklərini təsdiq edib. Əsgərlərə və mülki şəxslərə aid meyitlər kütləvi məzarlıqlarda basdırılıb. Burada basdırılmış meyitlərin bir hissəsi Birinci Qarabağ müharibəsi zamanı Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülərək orada saxlanılıb və ağır işgəncələr verilərək qətlə yetirilib. Erməni vandallarının bu hərəkətləri dünya mediasına çatdırılıb. Belə ki, Türkiyənin, İspaniyanın, Moldovanın öndə gedən mediaları, Qətərin "Əl-Cəzirə" agentliyi, "Thesundaily" nəşri, "news7d.com", "barrons.com", "move-artistic.com", "inversezone.com" və digər portallar Xocavəndin Edilli kəndində aşkarlanmış ikinci kütləvi məzarlıqla bağlı məqalələr, məlumatlar dərc ediblər.

Həmin zamanlarda İspaniyanın EFE informasiya agentliyi Azərbaycanın Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Tibbi məhkəmə ekspertizası şöbəsinin müdiri Nuranə Hüseynova ilə həmsöhbət olub. Nuranə Hüseynova bildirib ki, üç kütləvi məzarlıqda hərbçilərə aid olduğu ehtimal edilən 18 cəsəd aşkar edilib: "Ekspertizanın rəyindən sonra bu insanların taleyi ilə bağlı daha dəqiq təsəvvürümüz olacaq". İspandilli nəşrlər, eyni zamanda yazırlar ki, Xocavənd rayonunun Edilli kəndi Vətən müharibəsində demək olar 30 ildən sonra erməni işğalından azad edilib.

Həmçinin "Frans-Press" agentliyi, "20 Minutes", "Le Progres", "Durabull-products" media portalları Edillidəki dəhşətli mənzərəni işıqlandırıb. Orada qeyd edilib ki, 1990-cı illərin əvvəlinə aid yeni kütləvi məzarlıq aşkarlanıb. Eyni zamanda Birinci Qarabağ müharibəsindən itkin düşmüş 4000 azərbaycanlı haqqında hələ də məlumat yoxdur və Ermənistan kütləvi məzarlıqların yerini açıqlamaqdan imtina edir. İnformasiyalarda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin tviter səhifəsində paylaşımına da istinad edilib.

Şübhəsiz, bu məlumatların dünya mediasına şəffaflıqla çatdırılması əsas məsələlərdəndir. Belə olduqda ermənilərin inkar etmək üçün heç bir bəhanəsi qalmır. Bunlar bir daha onu deməyə əsas verir ki, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan hərbçiləri tərəfindən beynəlxalq humanitar hüquq normaları kobud şəkildə pozulub. Ermənilər mina xəritələrini vermədikləri kimi, kütləvi məzarlıqların da yeri barədə məlumatları gizlədir. Azərbaycan tərəfi isə əsirlikdə olan və həlak olan erməni əsgərlərini qarşı tərəfə təhvil verib. Ötən il ölkə başçımız xarici mediaya müsahibəsi zamanı bu mövzuya toxunaraq deyib: "İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad etdiyimiz ərazilərdə 1700-dən çox həlak olmuş erməni hərbi qulluqçusu bizim tərəfimizdən tapılıb və biz onların hamısını qaytarmışıq. Birinci Qarabağ müharibəsi dövründən 3 min 890 azərbaycanlı, o cümlədən təqribən, 200 uşaq indiyədək itkin düşmüş hesab edilir. Biz erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciət etmişik, lakin hələ cavab yoxdur".

Məzarlıqlar isə tapılmağa davam edir. Belə ki, ötən günlərdə Şuşa şəhərində növbəti kütləvi məzarlıq aşkarlanıb. İyunun 3-də Şuşa həbsxanasının ərazisində 4, avqustun 15-də isə 17 şəxsə aid ehtimal edilən insan qalıqları tapılıb. Qeyd edək ki, hazırda tapılan meyitlərin 15-nin kimliyi aşkar edilib. Ötən gün baş tutmuş brifinqdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov bildirib ki, artıq 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib: "4000 itkinin müqabilində bu rəqəm azdır. Amma bu, başlanğıcdır. Proses davam etdirilir. 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir".

Davam edən araşdırmalarda bu günə qədər kütləvi məzarlıqlar Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb.

Cinayətkar erməni qüvvələrinin qəddarlığı nəticəsində dünyasını dəyişmiş bütün vətəndaşlarımız gec-tez aşkarlanaraq öz doğma torpaqlarında basdırılacaqlar. Əlbəttə ki, bir-bir üzə çıxan bu reallıqlar qondarma dövlətin əsl üzünü dünyaya tanıtmaq üçün vasitə olacaqdır.

Töhfə SƏMƏDOVA,

"Respublika".