Ermənistan hakimiyyəti məkrli siyasət yürütməkdə davam edir
Siyasət

Ermənistan hakimiyyəti məkrli siyasət yürütməkdə davam edir

Tarixi qələbəmizdən 2 ildən çox vaxt keçməsinə baxmayaraq, Hayastan tərəfi hələ də öz riyakar davranışlarından əl çəkmir. Rəsmi tərəfdə sülhə doğru ciddi addımlar atılsa da, qərb qonşumuzun daxilində vəziyyət heç də ürəkaçan deyil. İkinci Qarabağ müharibəsindən öncə və postmüharibə dövründə erməni tərəfi dəfələrlə ölkəmizə təhdidlər yönəldib, təxribatlar törədib. Şübhəsiz ki, atılan bu addımlardan hakimiyyətin də xəbəri var. Ölkə hakimiyyətinin icazəsi olmadan heç bir qüvvə öz iradəsi ilə ciddi siyasi addım ata bilməz. Maraqlısı odur ki, riyakar hakimiyyət Azərbaycanın ərazi bütövlüyünü tanımağa, sülhə doğru yönəlməyə meyillidir. Lakin dövlətin daxilində əmin-amanlığı təmin etmədikcə, sülh və yanaşı yaşamaq məsələsi xülya olaraq qalacaq.

Ermənistan tərəfi bu günə qədər torpaqlarımıza, tarixi abidələrimizə, həmçinin insanlarımıza qarşı ciddi təxribatlar törədib. İyunun 26-ı axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb. Dərhal ordumuz cavab tədbirləri görüb. "Qisas-2" əməliyyatı ilə qanunsuz silahlı birləşmənin istehkamı və 5 üzvü məhv edilib. Qeyd edək ki, bir sıra məlumatlara əsasən, bölgədə məskunlaşan qanunsuz erməni hərbi birləşmələri yeni təxribatlara hazırlıq görür. Belə olduğu təqdirə, Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görüləcək, qanunsuz erməni birləşmələrinin hərbi infrastrukturu darmadağın ediləcək.

Əlbəttə, bu, çirkin əməllərindən əl çəkməyən Ermənistanın törətdiyi ilk cinayət aktı deyil. Ötən il sentyabrın 12-14-də, həmçinin 2021-ci ilin dekabrında törətdiyi cinayətdə də Azərbaycan hərbi qüvvələri itki verib. Buna əsasən Ordumuz bütün təxribat aktlarına adekvat tədbirlərlə cavab vermək məqsədilə əməliyyatlar keçirib. Həmçinin ötən ilin avqustunda Azərbaycan Ordusu "Qisas" əməliyyatı keçirib. Ermənistan tərəfinin terror-təxribat əməli  nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Həmçinin mənfur düşmən Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqeləri qurmağa cəhd göstərib. Ordumuzun keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb, bununla yanaşı, qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Orabağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib, bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.

Bundan əlavə, elə həmin ilin mart ayında Azərbaycan Ordusu 4 günlük "Fərrux" əməliyyatı həyata keçirib. Əməliyyatın əsas məqsədi Xocalı rayonunun Fərrux kəndi, Fərrux dağı, "Daşbaşı" yüksəkliyi və "Sağsağan" dağ silsiləsinin azad olunması olub. Nəticədə ilkin olaraq Xaçınçayın mənsəbi və ən böyük şirin su anbarı işğaldan azad edilib. Buna əsasən, Ağdam rayonunun bir çox ətraf yaşayış məntəqələrini və geniş əkin sahələrini təmin etməyə qadir Xaçınçay su anbarı mühafizə altına alınıb. Əməliyyat nəticəsində əhəmiyyətli bir çox ərazilər ələ keçirilib. Belə ki, Fərrux kəndi işğaldan azad edilib, Fərrux dağı ətrafındakı mühüm yüksəkliklər tutulub. Qeyd edək ki, Fərrux dağında Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti əldə etməsi Xocalı rayonunun Pirlər kəndinə də tam nəzarət imkanı yaradıb. Bundan başqa, Ağdam şəhəri və rayonun 9 kəndi Qarabağın dağlıq ərazisində yerləşən erməni silahlı dəstələrinin vizual nəzarətindən çıxıb, Xankəndi-Ağdərə avtomobil yoluna Azərbaycan Silahlı Qüvvələrinin vizual nəzarəti təmin edilib.

Ermənistan tərəfinin martın 5-də törətdiyi təxribat iki ölkə arasında münasibətlərin normallaşdırılmasına maneə törədir. Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda Ermənistandan  hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub. Buna əsasən, Azərbaycan ordusunun bölmələri tərəfindən yoxlanılmaq məqsədi ilə dəstə saxlanılıb. Bu zaman mənfur düşmən atəş açıb və qarşılıqlı atışma başlayıb. Nəticədə, Əlibəyli Şəhriyar və Hüseynov Eşqin şəhid olublar. Həmçinin Ermənistan tərəfindən də itkilər olub.

Bundan başqa, 2021-ci ilin noyabrında Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyəti iki hərbi yük avtomobilində Laçın rayonunun Qaragöl gölü istiqamətində hərəkət edərək Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində yerləşiblər.  Azərbaycan Ordusunun həmin istiqamətdə yerləşən bölmələri qısa müddət ərzində əlavə şəxsi heyət və döyüş texnikasını əraziyə cəmləşdirməklə təxirəsalınmaz tədbirləri həyata keçirib. Nəticədə 60-a yaxın erməni hərbçisi mühasirəyə alınıb.

Hayastan hakimiyyəti sərhədlərimizə hörmət etmədiyi kimi, səfirliklərimizə də hücum edib. Ötən il sentyabrın 18-də Tbilisidə yaşayan ermənilər Azərbaycanın Gürcüstandakı səfirliyinə doğru yürüş etmək istəyiblər. Polis tez bir zamanda yürüşün qarşısını alaraq əmin-amanlığı təmin edib.

Bununla yanaşı, Ermənistan tərəfi dəfələrlə təbii sərvətlərimizə, torpaqlarımıza ziyan vurub. İndi isə Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Arazdəyən kəndində illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır. Qeyd edək ki, hündürlüyü 30 metr, sahəsi 16500 kvadratmetr olacaq zavodun tikintisinə 70 milyon ABŞ dolları sərf ediləcək. Zavodun bu ərazidə tikilməsi nəticəsində zəhərli kimyəvi tullantılar bölgədəki ekosistemə böyük zərbə vura bilər. Həmçinin zavoddan ixrac olan tullantıların Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də onun suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün zərərli ola bilər. İstehsalat səviyyəsinin aşağı düşməsi nəticəsində bölgədə yaşayan insanlar üçün ciddi problemlər yaratma ehtimalı böyükdür.

Ermənistanın çirkin əməlləri 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata tamam ziddir. Orada bildirilir ki, Ermənistan öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmalıdır. Lakin onların əl atdıqları bu yol onu göstərir ki, Bəyanatdakı müddəanı yerinə yetirməkdən imtina edir. Ermənistan tərəfinin mütəmadi şəkildə bu təxribatları davam etdirməsidə göz önündədir. Düşmən ölkə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini bir daha işğal etməyə çalışır, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtmalarının qarşısını alır, regionda ədalətli və dayanıqlı sülhün bərqərar olması üçün ciddi maneə yaradır, fundamental insan hüquq və azadlıqlarını kobud şəkildə pozur.

Töhfə SƏMƏDOVA,

"Respublika".