Ermənistan
Siyasət

Ermənistan "qış yuxusu"ndan ayılmalıdır

Azərbaycanın 1993-cü ildən başlayan yeni müstəqillik yolu, ötən 31 il ərzində həyata keçirilən siyasi, iqtisadi tədbirlər, xüsusən iqtisadi suverenliyimizin təmin olunması bu gün Bakıya tam müstəqil xarici siyasət yürütməyə imkan verir. Cənubi Qafqazın sovetlər birliyinin çökməsi ilə yaranan digər dövləti Ermənistanda isə fərqli mənzərə hökm sürür. Ötən 33 il ərzində İrəvan nəinki real müstəqillik əldə edə bilməyib, əksinə Gümrüdə Rusiyanın hərbi bazası, habelə İrəvan yaxınlığında hərbi hava qüvvələrinin hissəsi yerləşib. Ermənistanın İran və Türkiyə ilə sərhədlərini Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları qoruyur, iqtisadiyyatın təməl istiqamətləri - nəqliyyat və energetika sferasının böyük hissəsi Rusiyanın rəsmi mülkiyyətinə çevrilib. Ermənistan ordusu üzərində şimal qonşumuzun ciddi təsir imkanları mövcuddur. Paşinyana qədərki erməni iqtidarları birmənalı şəkildə Rusiya marionetləri olublar.

Paşinyanın hakimiyyətə gəlişi ilə isə siyasi elita Qərbin, ələlxüsus Soros mafiyasının əlinə keçdi. Yəni erməni xalqının "inqilab" dediyi şey əslində Ermənistan hakimiyyətində qütblərin dəyişməsi idi. Ötən dövr ərzində Qərb "texnoloqları" Ermənistanda çox güclü iş aparmış, bu ölkədə antirus ab-hava yaradılmasına da nail olmuşlar. Hətta ölkənin rəhbərləri belə məhz Qərbin dəstəyinə güvənərək açıq şəkildə Rusiya əleyhinə bəyanatlar səsləndirməkdən, Moskvanı yerli-yersiz ittiham etməkdən çəkinmir. Təbii ki,  bu vəziyyət Qərbi qane edir, lakin ABŞ və Fransa başda olmaqla, antirus qütb daha artığını arzulayır və İrəvana verilən vədlərdən biri də daha "böyük Ermənistan" idi. Məhz Qərb 30 il davam etmiş işğal və təcavüz faktına, bir milyon azərbaycanlı məcburi köçkünün təməl haqlarının pozulmasına göz yumur, Ermənistanı beynəlxalq hüquqazidd niyyətlərə təşviq edir. Lakin Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsi, ardınca aprel ayında Laçın sərhəd-buraxılış məntəqəsinin təsis edilməsi ilə ərazi bütövlüyünün təmini, antiterror tədbirləri ilə separatizmə son qoyub bütün ərazilərdə konstitusiya quruluşunun bərqərar olunması bir reallığı meydana çıxardı ki, Qərb göründüyü qədər də etibarlı tərəfdaş deyil. Daha doğrusu, Ermənistan praktik formada şahid oldu ki, əslində Qərb üçün önəmli olan "məzlum erməni xalqı"nın taleyi yox, Qərbin öz maraqlarıdır. Qərb özü də onlar üçün gözlənilməz olan bu reallığın fərqinə vardı.

Lakin Qərb, xüsusən Fransa və Avropa İttifaqı Ermənistandakı mövqelərini itirmək istəmədiyi üçün ermənilərin özündən daha çox daşnak kimi davranmaqla anti-Azərbaycan kampaniyalarına start verdilər. Eyni zamanda, Qərb İrəvana da təzyiqləri artıraraq, qütblərarası ziddiyyətin dərinləşdiyi hazırkı həssas dönəmdə onu Rusiya ilə bağlı daha radikal addımlar atmağa təhrik edir. Eyni zamanda Qərb Ermənistanı yeni müharibəyə təşviq edir. Təəssüflər olsun ki, özünün təcavüzkar miflərinə qapanan və Qərbin saxta vədlərinə aludə olan Ermənistan hələ də əsl reallığı dərk etmir, Qərbin əslində erməni xalqının fəlakətlərinin baiskarı olduğunu, onu Rusiya əleyhinə alət kimi istifadə etdiyini anlamaq istəmir. Baxmayaraq ki, ötən 3 ilin təcrübəsi İrəvana nəticə çıxarmaq üçün yetərli dərs olmalı idi.

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı.