BAM:ULU ÖNDƏRİN QƏTİYYƏTİNİN, FƏDAKARLIĞININ, MÜDRİK RƏHBƏRLİYİNİN BƏHRƏSİ
Siyasət

BAM:ULU ÖNDƏRİN QƏTİYYƏTİNİN, FƏDAKARLIĞININ, MÜDRİK RƏHBƏRLİYİNİN BƏHRƏSİ

"1974-cü ildə BAM-ın tikintisi başlananda, 10 il möhlət vermişdilər. Mən 10 il sonra BAM-a gəldim və 10 gün qaldım. BAM-a Moskvadan Bratsk şəhərinə qədər, oradan isə dəmiryolu ilə Vladivostoka, Naxodkaya qədər qatarla keçdim. Bütün stansiyalara baxdım. BAM-ın tikintisində mənim də az əməyim olmayıb".

Heydər ƏLİYEV,

Ümummilli Lider.

Rusiyanın Şərq sərhədlərinə kommunikasiya yollarının yaradılması ideyası hələ XIX əsrin əvvəllərində mövcud idi. 1974-cü ildə Baykal-Amur Magistralının tikintisi barədə keçmiş ittifaq rəhbərliyi tərəfindən qərar qəbul edildi. Ümumi uzunluğu 4324 kilometr olacaq magistral zəngin təbii ehtiyatlara malik Sibir və Uzaq Şərqi birləşdirəcəkdi. Rusiyanın təbii ehtiyatlarının üçdəbiri bu regionun payına düşür. Bir vaxtlar insan ayağı dəyməyən bu yerlərə tam Mendeleyev cədvəli də deyilir.

Magistral boyunca yeni şəhər və qəsəbələrin, yaşayış məntəqələrinin, dəmiryolu stansiyalarının salınması, digər infrastrukturun yaradılması nəzərdə tutulurdu. Bu nəhəng magistral ölkəyə misilsiz sərmayə gətirməklə yanaşı, Sakit Okean regionu ilə Avropa ölkələri arasında ən qısa marşrut sayılırdı.

O illərdə BAM-ın ümumittifaq tikintisi adlandırılması təsadüfi deyildi. Bu nəhəng layihə bütün respublikaları birləşdirirdi. Azərbaycandan da minlərlə gənc nəhəng magistralın tikintisinə cəlb olunmuşdu. Ümumilikdə tikintidə SSRİ-nin hər yerindən 2 milyon gənc iştirak edirdi.

BAM-da tikilmiş 60 stansiyaətrafı qəsəbənin yarısından çoxu Rusiyanın və Azərbaycan da daxil olmaqla bütün sovet respublikalarının nümayəndələri tərəfindən inşa edilmişdir. Bu nəhəng infrastrukturun həyata vəsiqə almasında xalqımızın böyük oğlu, SSRİ-nin rəhbərlərindən biri Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.

Ümummilli lider 1999-cu ilin iyulunda BAM-ın 25 illiyinin qeyd olunması üçün yaradılmış Təşkilat Komitəsinə ünvanladığı məktubunda yazırdı: "Mənim xatirimdə BAM mənən güclü, böyük işlərə qadir insanları birləşdirən bir tikinti kimi qalmışdır. Biz fəxr edirik ki, bu magistralın tikintisində Azərbaycanın bir çox nümayəndələri iştirak etmiş, onlar digər obyektlər sırasında Ulkan şəhərini də salmışlar. BAM tayqa, yolsuzluq və daimi donuşluq şəraitində işləmiş insanların, dostluq və qardaşlıq amallarına sadiq insanların mərdlik və dəyanətinin nümunəsi kimi tarixdə həmişəlik qalacaqdır".

Keçən ayın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşündə ümummilli liderin müstəsna xidmətləri yüksək qiymətləndirilib. Bu unudulmaz tarixi görüş ölkəmizdə olduğu kimi, Rusiya Federasiyasında da böyük razılıqla, rəğbətlə qarşılanmış, soydaşlarımızda sonsuz sevinc, qürur hissləri doğurmuşdur.

Müsahibimiz Əlirza Salayev 1952-ci ildə Lerik rayonunun Dico kəndində dünyaya göz açıb. Qonşu Çayrud kəndində orta məktəbi bitirib. Hərbi xidmətdən sonra taleyini uzaq İrkutsk vilayətinə bağlayıb. Əsrin tikintisinin şahidlərindən biridir. İxtisasca hüquqşünasdır. İrkutsk Dövlət Universitetinin hüquq fakültəsini və keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Milis Akademiyasını bitirib. Həyatının 32 ilini milis orqanlarında xidmət edib. 17 il vilayətin iri şəhərlərindən olan Baykalsk şəhər milis şöbəsinin rəisi vəzifəsində işləyib. İstefada olan polis polkovnikidir. Əlirza müəllim eyni zamanda İrkutsk vilayəti üzrə Azərbaycan Konqresinin sədri, Baykalsk şəhərinin və İrkutsk vilayətinin fəxri vətəndaşı, İrkutsk vilayəti qubernatoru yanında milli münasibətlər üzrə şuranın üzvüdür.

- Keçən əsrin 70-ci illərində BAM təkcə keçmiş ittifaqın deyil, dünyanın nəhəng logistik layihələrindən sayılırdı. Dünyaşöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin əsrin tikintisi ilə bağlı hökumət komissiyasına rəhbərlik etməsi ilə hədsiz sevinir, fəxr edir, qürur duyurduq. BAM-ın vaxtında inşa edilərək təhvil verilməsi birmənalı olaraq ulu öndərimizin adı ilə bağlıdır. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Baykal-Amur Magistralının 50 illik yubileyinə həsr olunmuş görüşdə bu barədə deyib: "...BAM inşaatçıları yaxşı bilir, - Heydər Əlirza oğlu BAM-ın tarixində müstəsna, böyük rol oynayıb. Heydər Əlirza oğlu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Baykal-Amur Magistralının tikintisinə rəhbərlik edir və bu çətin layihənin həyata keçirilməsi üçün əlindən gələni əsirgəmirdi.

Heydər Əlirza oğlunun dəstəyi ilə azərbaycanlı layihəçilər və inşaatçılar BAM-ın tikintisi zamanı stansiya kompleksləri olan iki qəsəbə -Ulkan və Anqoyanı salıblar və hazırda Xabarovsk diyarında və Yakutiyada Baykal-Amur Magistral xəttinin hissələrinin yenidən qurulması və müasirləşdirilməsində iştirak edirlər".

Heydər Əliyev Sovet İttifaqı üçün mühüm əhəmiyyət kəsb edən bu nəhəng layihənin təşkilatçılarından biri və rəhbəri olub. Yaxşı xatırlayıram. 1984-cü ilin iyun ayı idi. Gənc zabit kimi Baykalsk şəhərinin milis şöbəsində xidmət edirdim. Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev komissiya sədri kimi işlərin gedişi ilə tanış olmaq məqsədilə Baykal-Amur Magistralı marşrutu üzrə səfərə çıxmışdı. İttifaqın yüksək səlahiyyətli şəxsləri, SSRİ Daxili İşlər Nazirliyinin və İrkutsk vilayətinin rəhbərləri fəxri qonağı müşayiət edirdi. Bu, Siyasi Büro səviyyəsində rəhbərin regiona ilk səfəri idi.

Azərbaycan Prezidenti cənab İlham Əliyev BAM-ın 50 illik yubileyi ilə əlaqədar keçirilən görüşdə bu səfər barədə deyib: "BAM-çıların da yaxşı bildiyi kimi, o, Bratskdan Vladivostoka və Naxodkaya qədər çətin şəraitdə, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb.

Onu da xatırlayıram ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirə biləcəyi tikintinin miqyasından deyil, ilk növbədə, ən çətin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrdə, yolsuzluq şəraitində həyatlarını riskə atan BAM-çıların fədakarlığından təsirlənmişdi. Çünki bu insanlar demək olar ki, hər gün şücaət göstərərək, möcüzələr yaradaraq, sovet dövlətinin və bu gün isə həm Rusiyanın, həm də qonşu ölkələrin gələcək inkişafının müqəddəratını əvvəlcədən təyin edərək, uzun illər - 50 il və ya daha çox müddət ərzində həm regional, həm də beynəlxalq əməkdaşlığın inkişafı işinə xidmət edəcək unikal infrastruktur nümunəsi yaratmağa müvəffəq olublar".

Heydər Əliyevi səfərdə müşayiət edən nazirlik və müvafiq komitə rəhbərləri onun işlərin keyfiyyətinə xüsusi diqqət yetirdiyini, fəhlələrlə, sadə adamlarla səmimi söhbətlər etdiyini, onların problemləri ilə maraqlandığının şahidi idilər.

 Obyektin işə salınmasına cəmi altı ay qalırdı. İnşaatçılar tunelin sonuna çatmağa müvəffəq olsalar da geri qayıdanda onun tavanı artıq çökmüşdü. Vəziyyət barədə Heydər Əliyevə məlumat verildi. Gözləntilərin əksinə olaraq, müdrik rəhbər Kodar tunelinə gedən kəsə yol inşa etmək barədə dahiyanə göstəriş verdi.

Uzunluğu 15 kilometr olan tunelin girişinin necə çəkildiyini qiymətləndirmək üçün Heydər Əliyev Severomuysk tunelinə enməli oldu. Siyasi Büro üzvü kimi təhlükəsizlik qaydalarına tam riayət etmədən su ilə dolmuş, bəzən torpaq laylarının qopduğu 7 kilometrlik tunellə dizə qədər suyun içində irəliləməsi və nümayəndələri də öz ardınca aparması hamıda heyrət doğurmuşdu. Hər an təhlükə baş verə bilərdi. Heydər Əliyevi isə Allah qoruyurdu.

İnşaatçılar 18 minlik yamacı olan ikinci kəsə tunelin inşa edilməsini kiçik BAM adlandırırdılar. Çətin dağlıq şəraitdə 64 kilometrlik yol çəkmək, həm də yeni iki tunel və 12 körpü, sonradan sürücülərin "Şeytan körpüsü" adlandırdıqları 30 metr hündürlüyündə körpü inşa etmək lazım idi. Rəhbərin bu qərarının icrası BAM-ı vaxtında daimi istismara verməyə imkan yaratdı. Bu nəhəng, əzəmətli tikintiyə cəlb olunmuş kadrlar yaxşı xatırlayırlar ki, əgər Heydər Əliyevin müdrik rəhbərliyi olmasaydı, Baykal-Amur Magistralının tikintisinin başa çatması müşkül məsələyə çevriləcəkdi.

Yaxşı xatırlayıram, - deyə Əlirza Salayev söhbətini davam etdirir. O illərdə azərbaycanlı mütəxəssislərin, inşaatçıların səyi ilə BAM üzərində yaraşıqlı, gözəl iki qəsəbə salındı. Ulkan və Anqoya ölkəmizin milli memarlıq üslubunda inşa edildi. Həmin qəsəbələrdə soydaşlarımız müxtəlif millətlərin nümayəndələri ilə bu gün də mehriban, səmimi dostluq şəraitində yaşayırlar. 2008-ci il iyulun 18-də Baykal-Amur Magistralında Şərqi Sibir dəmiryolunun Anqoya stansiyasındakı vağzala ümummilli lider Heydər Əliyevin adının verilməsi münasibətilə təntənəli mərasim keçirildi. Azərbaycandan və Moskvadan gəlmiş dövlət və hökumət nümayəndələrinin, İrkutsk vilayətinin rəhbərlərinin, vilayətdə fəaliyyət göstərən Azərbaycan Konqresinin təmsilçilərinin iştirakı ilə ulu öndərin xatirə lövhəsi açıldı. Sevinc-sevincə, bayram-bayrama qarışdı. O günü soydaşlarımız rəhbərə böyük məhəbbət və ehtiramla xatırlayırlar.

İrkutsk vilayətində 40 min nəfərə yaxın soydaşımız yaşayır. Dahi Nizaminin yaratdığı Fərhad obrazının motivləri əsasında Ulkan şəhərinin mərkəzində xalq qəhrəmanının heykəli ucaldılıb. 2022-ci ildə Azərbaycan diasporunun təşəbbüsü, şəhər rəhbərliyinin yaxından köməyi sayəsində heykəl əsaslı şəkildə təmir edilib, ətrafında park salınıb. İndi bura iki dost, qonşu xalqın birliyinin rəmzinə, müqəddəs məkana çevrilib.

Bu gün ölkələrimiz arasında münasibətlər sürətlə inkişaf edir. Ümummilli liderin təməlini qoyduğu səmimi qonşuluq, dostluq, münasibətləri Azərbaycan və Rusiya prezidentləri tərəfindən yüksək işgüzarlıqla, uğurla davam etdirilir. Ulu öndərin müstəsna xidmətləri səyəsində reallaşan Baykal-Amur Magistralı kimi nəhəng nəqliyyat arteriyası, digər unudulmaz tarixi hadisələr ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcək inkişafına mühüm töhfələr verir.

Əlisəfa HƏSƏNOV,

"Respublika".