Ümumilli Lider Heydər Əliyev bizə vətəni sevməyi öyrətdi
Siyasət

Ümumilli Lider Heydər Əliyev bizə vətəni sevməyi öyrətdi

Dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətləri Azərbaycanın çoxəsrlik tarixinin şanlı səhifələrini təşkil edir. Ulu öndər Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan Liderdir. Onun xidmətlərinin miqyasının ölçüyəgəlməzliyi bugünkü Azərbaycanın reallıqlarında özünün aydın ifadəsini tapır. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətdən danışmaq mümkün deyildi. Dövlətimizin başçısı, Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Biz kimə borcluyuq.

1993-2003-cü illər həlledici illər oldu. Dövlətçiliyin əsasları yaradıldı. Ümummilli Lider Heydər Əliyev ilk olaraq belə bir çağırış etdi ki, müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir. Biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət və ənənələrini inkişaf etdirməliyik. Xalq heç vaxt öz kökünü yaddan çıxarmamalı, öz tarixini öyrənməli, milli mədəniyyətindən heç vaxt ayrılmamalıdır. Ümumilikdə dahi şəxsiyyət Heydər Əliyevin hər bir çağırışı Vətənə, torpağa, dövlətinə və xalqına sevgisinin, bağlılığının ifadəsidir. "Azərbaycan mənim ürəyimdir, Azərbaycan mənim nəfəsimdir, Azərbaycan mənim həyatımdır" söyləyən dahi şəxsiyyət Heydər Əliyev hər bir azərbaycanlıya sözün əsl mənasında Vətəni sevməyi öyrətdi.

Bütün dövrlərdə bir amalı var idi - Azərbaycanı inkişaf etdirmək, vətəndaşlarımızın yüksək rifahını təmin etmək, ölkəmizi irəliyə aparmaq. Hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək bir-birindən mühüm addımlar atmışdır. Həmçinin o illərdə bu günümüz üçün möhkəm iqtisadi potensial yaradılmışdır. Azərbaycanlı gənclərin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, hərbi kadrların hazırlanması üçün Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması, Azərbaycan dilinin dövlət dili statusunu qazanması üçün 1978-ci ildə qəbul edilən Konstitusiyaya 73-cü maddənin daxil edilməsi, həmin illərdə respublikamızın Sovet İttifaqının ən qabaqcıl ölkələri sırasına çıxarılması üçün tədbirlər görülməsi, bir-birindən əhəmiyyətli qərarların qəbulu və sair bu günümüzə hesablanmış mühüm addımlar idi.

Çoxəsrlik tariximizin ayrı-ayrı mərhələlərini müqayisəli şəkildə təhlil etdikdə hər bir ölkənin inkişafında, uğurlu gələcəyində lider faktorunun rolunu aydın görmək mümkündür. Azərbaycan müstəqilliyinin bərpasının ilk illərində parçalanmaq və bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Təbii ki, vəziyyətin belə ağırlaşması həmin dövrün iqtidarının siyasi savadsızlığının, idarəçilik qabiliyyətinin olmamasının, dövlət maraqlarını deyil, öz şəxsi ambisiyalarını hər şeydən üstün tutmasının nəticəsi idi. O illərdə hakimiyyətsizliyin hökm sürməsi vəziyyətin getdikcə daha da çətinləşməsinə, müstəqilliyimizin itirilməsinə gətirib çıxarmışdı. Belə bir vəziyyətdə xalq Ümummilli Lider Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Xalqımız tam əmin idi ki, Ulu Öndərin zəngin idarəçilik təcrübəsi, Vətənə, xalqa bağlılığı, sevgisi ölkəsini bu çətin durumdan xilas etməsinə yardımçı olacaq. Elə də oldu.

Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Həmin ilin 15 iyun tarixində Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Prezident səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il 3 oktyabrda ümumxalq səsverməsi nəticəsində Prezident seçildi. 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi yazıldı. Bu tarixdən başlayan inkişaf yolunun uğurlarını zamana sığışdırmaq, bir yazıda tam əhatə etmək qeyri-mümkündür. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın uğurlu gələcəyinin təmin edilməsi, axıra çatdıra bilmədiyi işlərin tamamlanması, ölkəmizin daha yüksək zirvələri fəth etməsi üçün 1 oktyabr 2003-cü il tarixdə xalqa müraciət etdi. Ümummilli Lider həmin müraciətdə cənab İlham Əliyevə özü qədər inandığını, axıra çatdıra bilmədiyi işləri onun axıra çatdıracağına əminliyini ifadə etdi. Son 20 ildən artıq dövrün reallıqları bu inamın və etimadın özünü yüksək səviyyədə doğrultduğunu nümayiş etdirir.

Dahi şəxsiyyət Heydər Əliyev uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanı böyük bəlalardan, dağılmaqdan xilas etdi, ölkədə dövlət müstəqilliyinin əsasları yaradıldı. Azərbaycan bir dövlət olaraq dünyanın siyasi xəritəsində öz yerini qorudu və möhkəmləndirdi. Ümummilli Lider üçün ən böyük dəyər xalqın etimadı, Azərbaycanın müstəqilliyi, azadlığı, suverenliyi idi. Ulu öndər 1993-cü ilin oktyabrında keçirilən andiçmə mərasimində demişdir: "Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm".

Görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri dövlətçiliyin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni mərhələnin başlanmasıdır. Ümummilli Liderin hakimiyyətə qayıdışından bəhs edərkən öncə müstəqilliyimizin bərpasının ilk illərinin çətin günlərində xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının Yeni Azərbaycan Partiyasının yaradılması və ona Ulu Öndərin rəhbərlik etməsi ilə bağlı müraciətinə, eyni zamanda, dahi şəxsiyyətin bu müraciətə cavabına diqqət yetirməyə böyük ehtiyac duyulur. Çünki Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin həyatında dönüş nöqtəsi idi. Belə ki, partiyanın yaradılmasından 7 ay sonra onun Sədri, Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı və YAP iqtidar partiyasına çevrildi. Tarixi Azərbaycanın müstəqillik tarixi ilə üst-üstə düşən Yeni Azərbaycan Partiyası ölkəmizin keçdiyi inkişaf yoluna bələdçilik edir. Ölkəmizin hər bir uğurunda öz payı olan YAP yarandığı gündən ümumxalq partiyası olaraq tutduğu yola sadiqliyini atdığı addımlarla təsdiqləyir. Ulu Öndərin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkənin ən böyük siyasi qüvvəsinə çevrildi. Dövlət başçısı, YAP Sədri cənab İlham Əliyevin partiyanın VII qurultayındakı çıxışında qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin siyasi təcrübəsi, biliyi, xalq qarşısında xidmətləri, vətənpərvərliyi və öz xalqına sadiqliyi Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Ümummilli Lider Heydər Əliyev 1994-cü ildə Yeni Azərbaycan Partiyasının yaradılmasının ikinci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində demişdir: "Sizdən də rica edirəm ki, hərəniz öz yerinizdə təkcə partiya üzvlərinə yox, bütün vətəndaşlara çatdırasınız ki, Azərbaycan üçün milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi hava-su kimi lazımdır. Mən bir Prezident kimi bu birliyi, həmrəyliyi təmin etməyə çalışacağam. Güman edirəm ki, Yeni Azərbaycan Partiyası da öz siyasi fəaliyyətini bundan sonra da bu istiqamətdə aparacaq və hamımız bu çətinlikdən çıxacağıq. Tam əminəm ki, biz müstəqil Azərbaycan Respublikasının xoşbəxt gələcəyinə nail olacağıq".

Göründüyü kimi, birliyimiz, həmrəyliyimiz Ümummilli Liderin daim çağırışları sırasında olub. Ümumilikdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atıldı. Öncə onların yaşadıqları ölkələrdə Azərbaycan cəmiyyətləri, mərkəzləri yaradıldı, sonra vahid mərkəzdən idarə edilmələri üçün Dünya Azərbaycanlılarının qurultayları keçirildi. 2001-ci ildə keçirilən ilk Qurultay dünya azərbaycanlılarının həmrəyliyi, diaspor quruculuğu sahəsində mühüm addım oldu. Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə də yaratdığı möhkəm təməl bugünkü uğurlarımızda öz sözünü deyir.

Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyasının mühüm istiqamətlərindən biri ölkədə sabitliyin yaradılması idi. Uğurlu və düşünülmüş siyasət nəticəsində Azərbaycan qısa müddətdə sabitlik məkanına çevrildi. Ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı artmağa başladı. Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişinin imzalanması bu sabitliyin daha da möhkəmləndirilməsinin, Azərbaycanın bugünkü uğurlarının stimulu oldu. Azərbaycan müharibə şəraitində yaşasa da, hər sahədə davamlı uğurlar əldə etmək üçün genişmiqyaslı islahatların həyata keçirilməsinə nail olundu. Ümummilli Lider Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının qurulması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi prioritet sahələr oldu. 1994-cü il 20 sentyabr tarixində "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın dayanıqlı inkişafı təmin edildi. Bu saziş Azərbaycanın bu gününə və gələcəyinə inamı artırdı. Ölkəmizin iqtisadi və siyasi müstəqilliyi təmin edildi. Regional çərçivədə başlayan əməkdaşlıq genişlənərək beynəlxalq miqyas aldı. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu günbəgün artır, həyata keçirilən layihələr ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. 2017-ci ildə "Yeni əsrin müqaviləsi"nin imzalanması, 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı, 2020-ci ildə tam tərkibdə istifadəyə verilməsi Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir.

Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində 1993-2003-cü illərdə yaradılan möhkəm təməl bütün sahələrdə Azərbaycanın davamlı inkişafını şərtləndirdi. Ordu quruculuğu, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar və onların uğurlu nəticələri göz qabağındadır. Neft gəlirlərinin idarə edilməsində şəffaflığın təmin olunması məqsədilə 1999-cu ildə Ulu Öndərin təşəbbüsü ilə yaradılan Dövlət Neft Fondunun vəsaitləri hesabına həyata keçirilən sosial-iqtisadi layihələr Azərbaycanın hərtərəfli inkişafına xidmət edir. Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab İlham Əliyev Azərbaycanın enerji sektorunda uğurlarının davamlılığını təmin etməklə yanaşı, ilk gündən belə bir çağırış etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın hər bir çətinlikdən uğurla çıxmasını şərtləndirir. Dövlət başçısı İlham Əliyevin "Neft kapitalını insan kapitalına çevirək!" çağırışı günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyi bildirildi, regional inkişaf proqramları təsdiqləndi və uğurlu icrası təmin edildi. Bütün bunlar dahi şəxsiyyətin müəllifi olduğu neft strategiyasının uğurlarıdır.

Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmız tədbirlərin nəticəsi kimi bu gün dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşan, dünya hərb tarixinə yeni səhifə yazan, tarixi Zəfərimizlə, suverenliyimizi tam bərpa etməklə gücünü nümayiş etdirən milli ordumuz formalaşdı, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami Silahlı Qüvvələr yaradıldı. Ümummilli Lider bildirmişdir ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordu olmalıdır.

1993-2003-cü illər Azərbaycanın xarici siyasətindəki uğurlarla da zəngin bir dövrdür. Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünya birliyinin fəal üzvünə çevrildi. Xarici siyasətimizin əsas məsələsi olan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yaradıldı. Müstəqilliyimizin ilk illərində ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılması Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin əsas tərkib hissəsi idi. Erməni yalanları ifşa edildi, Azərbaycan həqiqətləri faktlar əsasında dünya ictimaiyyətinə çatdırıldı. Nəzərə alsaq ki, Azərbaycan daim dünyanın ikili standartlara əsaslanan siyasəti ilə üz-üzədir, bu halda Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasının səbəbləri bəlli olur. Bu yanaşmalar sonda 44 günlük İkinci Qarabağ müharibəsinə gətirib çıxardı.

2003-cü ildən başlanan dövr Böyük Yolun davamıdır. Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 20 ildən artıq dövr ölkənin strateji hədəflərə nail olması baxımından çoxəsrlik milli dövlətçiliyimizin ən parlaq səhifəsidir. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi irsini davam etdirərək, onun yaratdığı möhkəm təməl əsasında dövlətimizi strateji hədəflərə doğru uğurla aparır. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Prezident İlham Əliyevin düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığı nəticəsində bütün istiqamətlərdə əldə olunmuş böyük uğurların məntiqi nəticəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 2020-ci ildə 44 günə torpaqlarımızı işğaldan azad etdi, 2023-cü ildə 23 saat ərzində dövlətimizin suverenliyini tam bərpa etdi. Artıq suverenliyimizin tam bərpası ilə yeni dövrə qədəm qoyduq. İlk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən 7 fevral növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin inamlı qələbəsi yeni Zəfərlərə yol açır. Heydər Əliyev yolu Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycana bundan sonra daha da möhtəşəm uğurlar qazandıracaq.

Ümummilli Liderin irsinin təbliğində Heydər Əliyev Fondunun xidmətləri böyükdür. Fond məhz bu məqsədlə yaradılıb. Heydər Əliyev Fondu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ötən 20 ildə ölkə həyatının bütün sahələrində irimiqyaslı layihələr həyata keçirib, insanlara, ehtiyacı olanlara kömək əlini uzadıb, onlara sevinc bəxş edib. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu gün Azərbaycanla yanaşı, ölkə hüdudlarından çox-çox uzaqlarda insanların böyük sevgisini qazanıb. Fondun çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri mədəniyyətimizin, dövlətçilik ənənələrimizin, tariximizin dünyada təbliğidir. Artıq tarixə qovuşan Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanıdılması, mədəniyyətimizin, tariximizin, dövlətçilik ənənələrimizin xaricdə təbliği işinin düzgün qurulmasının nəticələri göz qabağındadır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində hər il silsilə tədbirlər reallaşdırılır. Məhz bu tədbirlərin nəticəsidir ki, artıq Xocalı faciəsinin soyqırımı olması faktını dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatlar tanıyır. Bütün bu təşəbbüslərin, görülən işlərin təməlində Vətənə, xalqa bağlılıq, insanlığa, bəşəriyyətə sonsuz sevgi dayanır. Mehriban xanım Əliyevanın təşəbbüsləri, ideyaları əsasında fəaliyyət istiqamətini genişləndirən Heydər Əliyev Fondu hər zaman reallaşdırdığı layihələrlə Azərbaycanın qüdrətlənməsinə, xalqın yüksək rifah şəraitində yaşamasına, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə səy göstərir. 2017-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilən Mehriban xanım Əliyevanın ötən bu dövr ərzində gördüyü işlərin miqyası olduqca genişdir. Hazırda əsas hədəf işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərini sürətləndirmək, soydaşlarımızın Böyük Qayıdışını tam şəkildə həyata keçirməkdir. Heydər Əliyev Fondunun bu işlərə töhfələri böyükdür. Tarixi və dini abidələrimizin bərpa edilməsində, dünyaya səs salan tarixi Zəfərimizin reallıqlarının təqdimatında əhəmiyyətli rol oynayan beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində Heydər Əliyev Fondunun dəstəyini xüsusi qeyd etməliyik. 20 illik yol gələcəyə daha böyük inamla addımlamağa əsas verir. Hər dövrün tələblərinə uyğun olaraq həyata keçirilən layihələr qalib Azərbaycanımızın daha da qüdrətlənməsinə, sözünün imzası qədər dəyərli olmasına töhfələr verəcək. Hər bir uğurumuz Heydər Əliyev siyasətinin təntənəsidir. 

Xalqımız Ulu Öndər Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyasını unutmur və heç vaxt unutmayacaq. Azərbaycan var olduqca Ümummilli Liderin ideyaları yaşayacaq və daha da inkişaf etdiriləcək.

Mahir ABBASZADƏ,

Milli Məclisin deputatı.