Ermənistanın narkoticarəti ifşa olundu
Siyasət

Ermənistanın narkoticarəti ifşa olundu

Ermənistan işğalçı dövlət olmaqla yanaşı, həm də çirkin əməllər, terror hadisələri törədən ölkələrdən biridir. Belə ki, Azərbaycana qarşı ərazi iddiasında olduğu 30 il ərzində bu ölkə işğal etdiyi Qarabağ torpaqlarında dinc insanlara qarşı misli görünməmiş cinayət törətməklə bərabər, ekoloji terrora da əl atmışdır.

Bölgənin bütün yeraltı, yerüstü təbii sərvətlərini talan etmiş, içməli su hövzələrini zəhərli kimyəvi maddələrlə çirkləndirmişdir. Eyni zamanda, münbit, əkin üçün olduqca yararlı Qarabağ torpaqlarında iri narkotik plantasiyaları salmışdı. Otuz illik işğal dövründə Qarabağ və Şərqi Zəngəzur ərazilərində nəzarətsiz torpaqları narkotik plantasiyalarına və narkotranzit məkana çevirmişdi. Qarabağda yetişdirilən narkotik vasitələr ilk olaraq İrana oradan, isə digər ölkələrə aparılırdı. Bu baxımdan da Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi təkcə ölkəmiz üçün deyil, eyni zamanda, regionda da böyük təhlükə mənbəyi idi. Qarabağdan keçən narkotik vasitələr Avropaya, hətta Uzaq Şərqə - Yaponiyaya qədər daşınıb. Ermənilər Qarabağ bölgəsindən öz çirkin niyyətlərini həyata keçirmək üçün istifadə ediblər. Qarabağda narkotik maddələr alverindən gələn gəlir isə separatçı rejimin silahlanması, mövqelərinin möhkəmlənməsi və onların torpaqlarımızın işğal altında saxlanılması siyasətini davam etdirməsi, xüsusən də terror aktlarını həyata keçirməsi üçün istifadə edilirdi. Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə narkotik vasitələrin yetişdirilməsi və trafiki haqqında Azərbaycan dəfələrlə beynəlxalq təşkilatlara məlumat vermişdi. İşğalçı Ermənistanın və Qarabağdakı separatçı rejim rəhbərliyinin narkotik ticarətinə birbaşa himayəçiliyi dünya ictimaiyyətinə çoxdan məlumdur. Bu, Ter-Petrosyanın, Köçəryanın, Sarkisyanın dövründə də olub, Paşinyan dönəmində isə öz kulminasiya nöqtəsinə çatıb. Beləliklə, Ermənistan dövlət səviyyəsində qanunsuz narkotik istehsalı və satışı ilə məşğul olaraq bu məqsədlə işğal altında olan Azərbaycan ərazilərindən istifadə etmişdi.

Həmin dövrdə artıq xarici mətbuatda da bu barədə məqalələr yazılırdı. Bildirilirdi ki, siyasi-iqtisadi çöküşə uğrayan Ermənistan hakimiyyəti ölkənin iqtisadi vəziyyətini düzəltmək üçün narkoticarəti genişləndirərək, terrorçulara verilən dəstəkdən əldə etdiyi pullara bel bağlayır. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, birbaşa Ermənistan rəhbərliyi bu narkoticarəti himayə edib. Hətta bu barədə illər öncə "Wikileaks" saytı yazırdı ki, nəzarətsiz qalan keçmiş Dağlıq Qarabağ ərazisində aparılan narkoticarətdə Ermənistan hökumətinin, siyasi liderlərinin və keçmiş prezident Robert Köçəryanın da payı vardı. Hər il oradan daşınan narkotikdən əldə edilən gəlirin bir hissəsi eks-prezident Robert Köçəryana verilirdi. Bununla yanaşı, İrandan Avropaya daşınan narkotikin böyük hissəsi də məhz Qarabağdan və Ermənistandan keçirdi. Sayt qeyd edirdi ki, keçmiş prezident Serj Sarkisyanın qardaşı İrandan və Qarabağdan gətirilən narkotik maddələri Rusiya bazarlarına çıxarır, oradan isə erməni lobbisi vasitəsilə Avropaya daşınır.

Bəli, ermənilər həmişə olduğu kimi, yenə də özlərinə layiq, çirkli əməllərlə məşğuldurlar. 44 günlük Vətən müharibəsindən sonra Zəfər qazanan Azərbaycan işğaldan azad etdiyi ərazilərini tərk etmək üçün erməni separatçılarına vaxt vermişdi. Buna baxmayaraq, hay tör-töküntüləri ölkəmizin humanistliyindən istifadə edərək cinayət əməllərindən əl çəkməmişlər. Ötən üç il ərzində yenə də Qarabağın müxtəlif ərazilərində narkotik bitkilərin əkib-becərilməsini həyata keçirmişlər. 19 sentyabrda ermənilərin yenidən Azərbaycan Silahlı Qüvvələrinə qarşı hücumundan sonra ölkəmizin həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin olunması ilə bərabər, həm də separatçıların Qarabağ ərazisini tərk etməsinə nail olundu. Aparılan antiterror tədbirləri nəticəsində məlum olmuşdu ki, ermənilər tərəfindən Xocalı rayonu ərazisində 100 hektardan artıq sahədə narkotik plantasiyası salınmışdı. Mütəxəssislərin apardığı araşdırmalara görə, bu ərazilərdə narkotik vasitələrin yetişdirilməsi işi aparılıb, xüsusilə çətənə bitkisinin kultivasiya yolu ilə əkilib-becərilməsi təşkil olunub. Vaxtilə Ermənistan hakimiyyəti məsələ ilə bağlı Azərbaycan tərəfininin yalan iddia irəli sürdüyünü bəyan etsə də, bu gün aşkarlanan faktlar məsələnin reallığından xəbər verir. Bu gün bölgədə aşkarlanan narkotik plantasiyasının olması onu deməyə əsas verir ki, 30 il ərzində bu ərazilərimizdə narkotiklərin əkilib becərilməsi işi geniş şəkildə təşkil edilib. Məlumdur ki, əkilən çətənə bitkisi narkotik maddələrin emal prosesində xammal hesab olunur.

Onu da qeyd etmək yerinə düşər ki, 44 günlük Vətən müharibəsindən sonra Xocalı ilə yanaşı, digər azad edilmiş ərazilərimizdə də narkotik vasitələrin əkilib-becərilməsi halları aşkarlanıb. Bunlar əsasən işğaldan azad edilmiş Cəbrayıl, Füzuli və Zəngilan rayonları ərazilərindədi. Əkilib becərilən narkotik bitkilər bu ərazilərdə də istifadəyə hazır vəziyyətə gətirilirdi. Ermənistan silahlı qüvvələrinin əsgər və zabitlərinin istifadəsi üçün nəzərdə tutulmaqla yanaşı, digər dövlətlərə də satış üçün çıxarılırdı. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən aparılan kompleks tədbirlər nəticəsində ərazidə digər kimyəvi maddələr əlavə edilməklə başqa tərkibli psixotrop maddələr hazırlanan emalatxana, laboratoriyaların olması istisna edilmir. Mütəxəssislərin gəldiyi qənaətə görə, Xocalı rayonu ərazisində əkilən bitki narkotikin "sativa" növüdür. Bu isə dünya bazarında ən çox satılan və tələb olunan məhsuldur. Xocalı aeroportuna yaxın ərazidə salınan plantasiya xüsusi mühafizə olunub. Eyni zamanda, əkilən bitkilərə xüsusi qulluq göstərilməsi bir daha sübut edir ki, çətənə kollarının yabanı halda bitmə ehtimalı yoxdur. Əraziyə yerli mütəxəssislərlə yanaşı, xarici media nümayəndələri də baxış keçirib. Xarici KİV mənsubları 100 hektarlıq ərazidəki narkotik plantasiyasını təəccüblə qarşılayıblar.

Ramidə YAQUBQIZI,

"Respublika".