Milli dövlətçiliyimiz xilas edildi
Siyasət

Milli dövlətçiliyimiz xilas edildi

1995-ci ilin mart hadisələrindən 29 il ötür. Müstəqilliyimizə qəsd etmək istəyənlərin məkrli niyyətləri bu gün də insanların yaddaşından silinməyib. Bir qrup xəyanətkar insan ətrafına topladığı qeyri-qanuni silahlı dəstələr vasitəsilə hakimiyyəti ələ keçirməyə çalışırdı. Ölkədə yaradılmış ciddi nizam-intizama tabe olmaq istəməyən dağıdıcı qüvvələr Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzundan təşvişə düşərək, xarici himayədarlarının təhriki ilə dövlət çevrilişinə cəhd etmişdilər.

Həmin dövrdə OMON-nun 8-ci kilometr qəsəbəsində xüsusi qərargahı var idi. Qeyd edim ki, bəzi rayonlarda onun bölmələri fəaliyyət göstərirdi. Bununla yanaşı, Rövşən Cavadov daxili işlər nazirinin müavini təyin edilmişdi. Hadisələr məhz bu məqamdan sonra yenidən düyünlənməyə başladı. Xatırladım ki, 1994-cü ilin 4 oktyabr hadisələrində Surət Hüseynovun aqibəti hər kəsə məlumdur. Heydər Əliyevin müdrik siyasəti nəticəsində xain plan baş tutmadı. Ölkənin şimal-qərb bölgəsində baş verən qiyamı təşkil etməklə Azərbaycanı yenidən təsir dairəsinə salmaq istəyən bəzi dövlətlər, xüsusi xidmət orqanları bir daha məğlubiyyətə uğradılar.

4 oktyabr dövlət çevrilişinə cəhdin ikinci dalğası Gəncə şəhərindən başlamışdı. Bu qiyamın düz Bakı şəhərinə qədər gəlib çıxması nəzərdə tutulurdu. Bunun üçün ilk növbədə Surət Hüseynovun göstərişi ilə qiyamçılar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elsevər İbrahimovu həbs edərək Üçtəpə kəndinə, orada baza kimi seçdikləri yerə aparmışdılar. Bu məqamda Gəncədə olan OMON bölüyünün çevrilişdən yayınması bir növ həlledici oldu. Elsevər İbrahimovu əsarətdə saxlayanlar tərk-silah olundular. Ardınca Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı öz xidməti otağından hökumət telefon xətti ilə dövlət başçısına zəng etdi və bildirdi ki, artıq Gəncədə hər şey qanuni hakimiyyətin əlindədir.

Gəncədə sabitlik əldə olunduqdan sonra Prezident sarayının ətrafında böyük bir mitinq oldu. Sözügedən mitinqin rayonlarda da televiziya vasitəsilə göstərilməsi məhz Heydər Əliyevin səyi nəticəsində təmin edildi. Gecə saat üç radələrinə qədər Azərbaycanın rayonlarından Prezident sarayının ətrafına insanlar axın etdi. On minlərlə insan Prezident Aparatının ətrafına toplaşmışdı. Qeyd edim ki, mitinqdə çıxış etmək istəyənlər çox idi. Nəticə etibarilə həmin mitinqlərdə demək olar ki, ümummilli lider Heydər Əliyevin siyasətinin dönməzliyi, xalqın ulu öndəri müdafiə etməsi bir daha bəlli oldu.

Surət Hüseynovun dövlət çevrilişinə cəhdləri baş tutmasa da, məkrli dairələrin hakimiyyətə gəlmək hərisliyi hələ də bitməmişdi. S.Hüseynovun hələ də vəzifədə olan tərəfdarları mənfur niyyətlərini "başa çatdırmaq" üçün iyrənc planlarını 12-17 mart hadisələri zamanı həyata keçirməyə çalışdılar. Lakin bu da baş tutmadı. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin əbədi olması naminə apardığı mübarizəyə qısqanclıqla yanaşanların cəhdləri növbəti dəfə iflasa uğradı. Xalqın dəstəyi ilə ölkədə sabitliyi pozmağa, iğtişaşlar törətməyə çalışan qiyamçıların qarşısı alındı.

Oktyabr hadisələrindən sonra qeyri-qanuni silahlı dəstələr haqqında yenidən şikayətlər daxil olmağa başladı. OMON-çular özbaşınalıq edir, müəyyən müəssisələrə gedərək onlardan pul tələb edirdilər. Sonra ölkədə mis, dəmir məmulatı və digər metalları toplayırdılar. Bütün bunlar cəmiyyətdə haqlı narazılıq yaradırdı.

Xüsusi Təyinatlı Polis Dəstəsinin Qazax şöbəsində döyüşçülər çoxluq təşkil edirdi. Onlar Qazax ətrafında toqquşma yaratdılar. Məqsəd Rövşən Cavadovun rəhbərliyi altında dövlət televiziyasına hücum etmək idi. Onu da deyim ki, bu hadisələr ərəfəsində ölkə Prezidenti Heydər Əliyev Danimarkanın Kopenhagen şəhərində keçirilən BMT-nin Zirvə görüşündə iştirak edirdi. Ümummilli lider ölkəyə qayıtdıqdan sonra əvvəlcə Rövşən Cavadovun atası Bəxtiyar Cavadovu, eləcə də şair Bəxtiyar Vahabzadəni Prezident Aparatına dəvət etdi. Ulu öndər onlara bildirdi ki, qoy qiyamçılar ağıllarını başlarına toplasınlar, ölkədə qarşıdurma yaratmasınlar. Əks halda, hökumət qüvvələri həmin qərargaha hücum edəcək. Bəxtiyar Vahabzadə ilə Bəxtiyar Cavadov XTPD-nin qərargahına getdi, oradan qayıtdıqdan sonra Rövşən Cavadovun müəyyən təkliflərini prezidentə çatdırdılar. Həm də belə bir məlumat yayıldı ki, XTPD tərk-silah olmağa hazırdır, qarşıdurmadan çəkinmək istəyirlər. Hətta Baş qərargah rəisi Şahmuradov bu hadisələrdə çox konstruktiv rol oynadı. Amma təəssüflə qeyd etmək istəyirəm ki, tərk-silah prosesinin həyata keçirilməsinə Rövşən Cavadovun qardaşı Mahir Cavadov ciddi surətdə mane oldu. O, XTPD-nin qərargahına gələrək qızışdırıcı çıxışlar etdi. Elə bu səbəbdən də tərk-silah məsələsi baş tutmadı. Bu zaman artıq ölkənin silahlı qüvvələri tam hazır vəziyyətə gətirilmişdi.

Müdafiə Nazirliyinin silahlı qüvvələri XTPD-nin qərargahını mühasirəyə almışdılar və təklif etmişdilər ki, təslim olub, ağ bayraq qaldırsınlar. Silahlı qüvvələrə rəhbərlik edən şəxs, eləcə də hökumət nümayəndələri qiyamçılara meqafonla müraciət edərək silahlarını yerə qoymağı və təslim olmağa çağırırdılar. Çox təəssüflər olsun ki, ağ bayraq qaldırılmadı, belə olan halda isə qərargaha hücum əmri verildi. Hücum əmri verildikdən sonra XTPD-çilər ciddi müqavimət göstərmədilər. Hamısı çox asanlıqla təslim oldular, silahlarını yerə qoydular. Mahir Cavadov dolayı yollarla TIR maşınının içərisində gizlənərək qərargahdan çıxıb qaça bilmişdi (indi o, Avstriyada Zalsburq şəhərində yaşayır). Lakin Rövşən Cavadov isə təslim olmadı və ağır yaralandı. Bölgədə təcili yardım maşınları var idi. Ona dərhal müdaxilə edildi və həyatını xilas etmək üçün xəstəxanaya apardılar. Həkimlərin müdaxiləsinə baxmayaraq, o həyatını itirdi. Bundan sonra silahlı dəstələrin ölkədəki fəaliyyətinə son qoyuldu.

Beləliklə, ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunmasını təmin etdi. Hakimiyyət orqanları daha da möhkəmləndi. Azərbaycanın güc strukturları daha mütəşəkkil surətdə dövlətçiliyə xidmət etməyə başladı. Qondarma talış-muğan respublikasını yaradan Əlikram Hümbətovun məğlubiyyəti, Surət Hüseynovun təşkil etdiyi dövlət çevrilişi cəhdlərinin, eləcə də Cavadov qardaşlarının son qiyamının yatırılması ilə Azərbaycan dövlətçiliyinin gücləndirilməsi istiqamətində çox mühüm addımlar atıldı. Bu hadisələrdən sonra Azərbaycan dövləti öz diqqətini cəbhəyə, işğal edilmiş torpaqların azad edilməsi və ermənilərə qarşı mübarizəyə yönəltdi.

Qabil HÜSEYNLİ,

politoloq.