Ermənistanın “sükut oyunu”nun sonu
Siyasət

Ermənistanın “sükut oyunu”nun sonu

İkinci Qarabağ müharibəsində əldə etdiyimiz Qələbə Azərbaycanın gücünü bir daha göstərdi. Ölkəmiz 30 illik işğala son qoymaqla ərazi bütövlüyünü bərpa etdi. 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatla Ermənistan kapitulyasiya aktına imza atdı. Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi uğurlar ötən ilin sentyabrında baş tutan birgünlük lokal antiterror tədbirləri ilə davam etdi. Məhz bundan sonra Qarabağdakı keçmiş xunta rejimi tarixin arxivinə gömüldü, separatçı rejimin rəhbərlərinin bir qismi isə cinayət məsuliyyətinə cəlb olunaraq istintaq təcridxanasında cəzalarını çəkirlər.

Dövlətimizin bu uğurlarından sonra Azərbaycan ilə Ermənistan arasında dialoq üçün mühüm şərait yaranmışdı. Hər iki ölkənin sərhəd komissiyaları arasında baş tutan görüşlər də sülh müqaviləsinin imzalanması məsələsini yenidən gündəmə gətirmişdi. Bu müddət ərzində sərhədboyu təxribatlar səngidi, yaxud düşmən tərəfi "sükut oyunu" oynamağa başladı. Ermənistanın haqq yoluna gəlmək istədiyindən ümidlənsək də, dəyişməz erməni xisləti özünü yenidən bəlli etdi.

Məlum olduğu kimi, fevralın 12-də Ermənistan tərəfi yenidən hərəkətə keçib. Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində hərbi qulluqçumuz xəsarət alıb. Atəş düşmənin silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılıb. Bununla yanaşı, həmin gün Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini də atıcı silahlardan atəşə tutub. Bununla da Ermənistanın aylardır davam edən "sükut oyunu" bir daha ölkənin məkrli siyasəti nəticəsində pozulub. Ermənistanın bu təxribatı Hindistan və Fransa kimi dövlətlərin İrəvanı silahlandırma məqsədini də ifşa etdi. Eyni zamanda Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının genişləndirilməsi istiqamətində səylər, Fransa Milli Jandarmeriyasının xarici missiyalarının komandiri, briqada generalı Uilyam de Meyerin Hayastana gedərək binoklla ölkəmizə tərəf baxması da təəccüb doğurmur. Şübhəsiz, Ermənistan bununla Azərbaycanın ona təqdim etdiyi sülh şansını da itirmək təhlükəsi ilə üzləşəcək. Çünki bu cür təxribatlar sülh prosesində Hayastanın destruktiv mövqeyinin təzahürü kimi qiymətləndirilir və rəsmi İrəvana olan etimadı azaldır.

Bir məqamı da qeyd edək ki, Ermənistanın təxribatlarının arxasında Qərbin də təbliğatı açıq şəkildə görünür. Paşinyan hakimiyyəti sərhəddə süni gərginlik yaratmaqla, üçüncü tərəfin tapşırıqlarını icra edir. Rəsmi İrəvan unudur ki, məhz bu cür destruktiv mövqe sərgilədiyinə görə regionda böyük əhəmiyyət kəsb edən beynəlxalq layihələrdən təcrid olunur. Görünür, Ermənistan bu gün iqtisadi vəziyyətinin bərbad halda olmasını, xalqın etirazlarını gözardı edərək hakimiyyətin şəxsi maraqlarına uyğun hərəkət edir. Paşinyan hakimiyyəti dərk etmək istəmir ki, ölkənin gələcəyi sülhdən keçir. Bu cür təxribatlar isə rəsmi İrəvanı uçuruma aparır.

Yeri gəlmişkən, Azərbaycan tərəfi Ermənistanın təxribatlarını cavabsız qoymayıb. Belə ki, Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq "qisas əməliyyatı" keçirib. Nəticədə dünən əsgərimizə atəş açılan Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib. Ermənistan mediasında döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar yayılıb. Bundan sonra, rəsmi İrəvan Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər hansı bir təxribata cəhd edərsə, ölkəmiz tərəfindən bunun qarşısının alınması məqsədilə daha ciddi və qəti tədbirlər görüləcək.

Nəzrin ELDARQIZI,

"Respublika".