Ermənistanın təxribat törətməkdə məqsədi nədir?
Siyasət

Ermənistanın təxribat törətməkdə məqsədi nədir?

Sentyabr ayının başlaması ilə ordumuzun mövqelərinin intensiv atəşə tutulması müşahidə olunur. Paşinyan hökuməti sülh prosesində maraqlı olduğunu desə də, əməldə tam əksini nümayiş etdirir. Son olaraq sentyabrın 6-sı saat 12:10 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər. Ermənistan silahlı qüvvələrinin ordumuzun müxtəlif istiqamətlərdə yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutması, fortifikasiya qurğuları quraşdırmağa çalışması isə 44 günlük müharibədə xeyli sayda fərarisi olan, dağıdıcı zərbə alan Ermənistanın kimə və nəyə arxalanaraq bu əməllərə əl atması məsələsini aktuallaşdırır. Sözsüz ki, Paşinyan hökuməti Fransa, İran, Hindistan kimi qüvvələrin yardımına arxalanır, bu ölkələrin hərbi yardımlarına güvənərək regionda sülhün əldə olunmasının qarşısını alır, yeni şərtlər formalaşdırmaq istəyir. 

"Respublika"ya açıqlama verən siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanın təxribatlar törətməkdə bir digər məqsədi isə daxilindəki mövcud gərginliyi pərdələmək, eyni zamanda beynəlxalq ictimaiyyətdə Azərbaycanı təcavüzkar kimi göstərməkdir: “Ermənistan tərəfi şərti sərhəd istiqamətində yeni hərbi birliklər cəmləşdirir və təxribatlar törədir. Onların bu addımları atmaqda məqsədi yeni şərtlər əldə etmək və Azərbaycanla danışıqlarda öz mövqeyini gücləndirməkdir. Əlbəttə ki, bu, Ermənistanın xəyallarıdır. Onlar öz avantürist siyasətlərini yenidən ortaya qoyublar və düşünürəm ki, bu proseslər Ermənistanın öz əleyhinə çevriləcək. Qısa müddət öncə 44 günlük müharibədə itkin düşən erməni əsgərlərin valideynləri Ermənistan Müdafiə Nazirliyinin binasını qarşısında aksiya keçirdi, hətta müdafiə nazirinin müavini Arman Sərkisyanı da döydülər".

"Daxildə əhalinin Paşinyan hökumətindən narazılığı artarkən, Ermənistanın beynəlxalq ictimaiyyəti manipulyasiya etmək cəhdləri də boşa çıxdı. BMT Təhlükəsizlik Şurasının iclası həm İrəvan, həm də onun havadarları üçün əsl fiasko oldu. Humanitar böhran yalanı da ifşa olunduqdan sonra Paşinyanın öz hakimiyyətini qorumaq üçün narazı kütlənin diqqətini ölkə daxilindəki proseslərdən yayındırmaqdan başqa çıxış yolu qalmadı. Məhz buna görə də indi Ermənistan təxribatlara əl ataraq, Azərbaycanla müharibə ehtimalını gündəmə gətirir ki, ölkə rəhbərliyinin uğursuz daxili və xarici siyasəti arxa planda qalsın” - deyə, ekspert bildirib. 

Jalə QASIMZADƏ, 

"Respublika".