Ermənistanın yeni təxribatları
Siyasət

Ermənistanın yeni təxribatları

Ermənistan Xarici İşlər Nazirliyinin guya Azərbaycan tərəfinin açdığı atəş nəticəsində erməni hərbçisinin həlak olması ilə bağlı iddianın əks olunduğu 2023-cü il 4 dekabr tarixli açıqlamasını qətiyyətlə rədd edirik. Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mövzuyla bağlı şərhində yer alıb: "Ermənistan tərəfinin bu yalan açıqlaması silahlı qüvvələrində baş verən özbaşınalığı və hərc-mərcliyi ört-basdır etmək niyyəti daşıyır. Sülh sazişi üzrə təklifləri 70 gündən artıq müddətdə yubadan Ermənistan tərəfi indi də bu cür pozucu açıqlamaları ilə normallaşma prosesinin perspektivlərinə xələl gətirir. Ermənistan tərəfi bu kimi açıqlamalarla, həmçinin sərhəd bölgələrində süni gərginlik yaratmaq və üçüncü dövlətlərin diqqətini cəlb etmək məqsədi güdür", - deyə Azərbaycan XİN-in şərhində vurğulanıb.

Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gələrək öz ərazi bütövlüyünü bərpa edib. Məğlubiyyəti qəbul edə bilməyən Ermənistan isə 3 ildir ki, sülh müqaviləsinin imzalanması məsələsinə qeyri-konstruktiv mövqedən yanaşır. Pozucu açıqlamalar verməklə normallaşma prosesini baltalayır. Aylardır sülh sazişinin imzalanması prosesini gecikdirən Ermənistan iddia edir ki, noyabr ayında sülh variantını Bakıya təklif edib, ancaq cavab almayıb. Hər kəsə məlumdur ki, savaşda məğlub olan tərəf kapitulyasiya aktını imzalayır və qalib tərəfin şərtlərinə riayət edir. Lakin İrəvan yenə cığallıq edir. Üstəlik, Azərbaycan beynəlxalq qanunlarla tanınmış öz ərazilərini geri alıb, haqlı savaşında qalib gəlib. Ermənistan isə elə davranır ki, sanki işğalçı deyil, əzilən tərəfdir.

İrəvan sülh sazişinin imzalanmasını ləngitməsi az deyilmiş kimi, durmadan Fransa və Hindistanın dəstəyi ilə silahlanır, növbəti təxribatlar planlaşdırır. Bu yaxınlarda Baş Qərargah rəisinin şərti sərhəd zonasına getməsi onu göstərir ki, Qərb qonşumuza güvənmək olmaz. Çünki onlar Cənubi Qafqazda sabitliyin təmin olunmasında maraqlı görünmür. Belə qeyri-konstruktiv siyasət yürüdülməsində Qərb ölkələrinin təsiri də özünü göstərir. Qərbin dəstəyi ilə 2018-ci ildə hakimiyyətə gəlmiş Nikol Paşinyan Ermənistanın Rusiyadan asılılığının fərqində idi, bu səbəblə də İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) və Müstəqil Dövlətlər Birliyində (MDB) təmsil olunmasını davam etdirib. Son məlumatlara görə, rəsmi dairələrdə Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilməsi tələbi irəli sürülür. Bu da onu göstərir ki, Qərb Paşinyana qarşı tələblərini artırıb, anti-Rusiya siyasətinin "dozasını yüksəltməyi" hədəfləyib. Yeni seçkilər vasitəsilə Rusiyaya qarşı parlamentin formalaşacağı gözlənilir, orada isə Respublika Partiyasının sədri Aram Sarkisyan və başqa qərbyönlülərin iştirak edəcəyi düşünülür.

Ermənistan üçtərəfli Bəyanatın mətnində yer almış, bütün kommunikasiyaların açılması ilə bağlı maddəyə də əməl etməyib. Zəngəzur dəhlizinin açılmasına biganə yanaşıb. Halbuki, bu proses reinteqrasiya prosesinə dəstək olmaqla birlikdə, iqtisadi cəhətdən də müsbət bir addım ola bilərdi. Lakin Ermənistan tarixən himayə altında yaşamağa öyrəşib. Müstəqil siyasət yürütmək onlar üçün çətin məsələdir. Müharibədə məğlub olan İrəvan Rusiyanın dəstəyini az gördüyü üçün açıq şəkildə Qərbə inteqrasiya olmağa çalışıb. MDB-nin və KTMT-nin toplantılarına qatılmayan, müxtəlif bəhanələrlə bu təşkilatlardan uzaqlaşmağa çalışan N.Paşinyan Rusiyadan asılılığını bildiyi üçün ondan da əl çəkmir. Ermənistanın iqtisadiyyatının çox böyük hissəsi Rusiyadan asılı vəziyyətdədir. İrəvan Moskva ilə əlaqələrini kəssə, iqtisadi çöküşlə qarşılaşar. Təbii ki, bu, Ermənistana sərf etmir. Bu səbəbdən də İrəvan arada qalıb, Qərbə inteqrasiyasını tədricən reallaşdırır. Lakin Ermənistan anlamır ki, böyük dövlətlər öz maraqları naminə ondan istifadə edirlər. Qərbin şirin vədlərinə, maliyyə və hərbi yardımlarına aldanır.

Ermənistanın müxtəlif dövlətlərin ağlı ilə hərəkət edərək sülhdən uzaqlaşması göstərir ki, İrəvan öz xalqının gələcəyini düşünmür. Azərbaycan bir çox tərəfdaş ölkə ilə əlaqələrini davam etdirir, yeni əməkdaşlıq formatları yaradır. Ermənistan da regionun beynəlxalq əhəmiyyətinin artırılması üçün çalışmalı, müxtəlif təxribatlarla çıxış etmək yerinə bölgədə sabitliyin qorunmasına dəstək olmalıdır.

Nurcan SÜLEYMANOVA,

"Respublika".