Əzəli torpaqlarımıza qayıdış yaxınlaşır
Sosial həyat

Əzəli torpaqlarımıza qayıdış yaxınlaşır

Əgər 2020-ci ilin 27 sentyabrına qədər Azərbaycanın hədəfi torpaqlarındakı işğala son qoymaq, 2023-cü ilin 20 sentyabrına qədər erməni separatizmini ləğv etmək idisə, növbəti hədəf azərbaycanlı qaçqınların öz tarixi yurdlarına qayıdışıdır. Bunu Qərbi azərbaycanlıların icmalaşmasına dövlət səviyyəsində verilən dəstək, o cümlədən danışıqlar masasında zaman-zaman qayıdış məsələsinin gündəmə gətirilməsi də deməyə əsas verir. Proseslərin inkişafı fonunda Qərbi Azərbaycana qayıdışın sülh prosesinin əsas tərkib hissəsi olacağını, növbəti mərhələdə müzakirələrin ən aktual məsələsinə çevriləcəyini istisna etmək olmaz.

Qarabağda suverenliyimizin bərpasından sonra Azərbaycanın həll etmək istədiyi məsələlərdən biri işğal altında qalan səkkiz kəndin azad edilməsi idi. Artıq anklav olmayan dörd kəndin qaytarılması reallaşıb. Anklavlar məsələsi müzakirə mərhələsinə çıxarılıb. Bundan sonra rəsmi Bakının İrəvanla münasibətlərin normallaşması prosesində üç hədəfi görünür. Naxçıvana maneəsiz keçidin əldə edilməsi, sərhədlərin delimitasiya və demarkasiyası prosesində sovetlər dövründə ermənilərə bağışlanan ərazilərimizin geri qaytarılması azərbaycanlıların öz yurdlarına ləyaqətli və təhlükəsiz şəraitdə qayıdışının təmin olunması. Hər üç məsələnin Azərbaycan coğrafiyasına aid olduğunu nəzərə alsaq, bunu ümumilikdə qayıdış strategiyasının tərkib hissəsi hesab etmək olar. Bu kontekstdə Qərbi Azərbaycana qayıdışın iki mümkün ssenaridə baş verə biləcəyi ön plana çıxır. Birinci ssenari delimitasiya prosesi çərçivəsində reallaşa bilər. Qazax-Tovuz sərhədində demarkasiya prosesi əldə olunan razılaşmaya uyğun aparılsa da, digər hissələrdə xüsusilə Göyçədən Mehriyə qədər olan bölgələrdə vəziyyət dəyişə bilər. Ermənistan sərhədin Alma-Ata Bəyannaməsinə uyğun şəkildə, yəni keçmiş SSRİ dağılanda mövcud olan xətlər üzrə müəyyənləşməsinə çalışır. Bu rəsmi İrəvana imkan verir ki, ordumuzun 44 günlük müharibədən sonra nəzarət etdiyi sərhəd xəttindən geri çəkilməsinə nail olsun, SSRİ dövründə ermənilərə bağışlanan ərazilər üzərində legitimliyini qəbul etdirsin. Ölkəmiz isə bunu qəbul etmir və delimitasiyanın sülh sazişinin imzalanmasından sonrakı dövrdə saxlanılmasını istəyir. Bu, Ermənistan tərəfinin uzunmüddətli proses olaraq sülh sazişini gecikdirməsindən qaynaqlanır.

Delimitasiya-demarkasiya rəsmiləşmədiyi müddətdə Ermənistanla sərhəd şərtidir və şərti sərhəd daim tarixi torpaqlara, Göyçəyə, Zəngəzura doğru irəliləmək imkanı verir. Eyni zamanda bu, XX əsrin xəritələrini də aktual olaraq saxlayır. Qərbi Azərbaycan qayıdış strategiyasına iki kontekstdə baxmaq olar. Azərbaycanın sərhədin delimitasiyasında 1920-ci illərin xəritələrini irəli sürmək və qanunsuz şəkildə ermənilərə verilən bu ərazilərə nəzarəti bərpa etmək imkanı var. Prezident İlham Əliyev də bildirib ki, sərhədin müəyyənləşməsində XX əsrin əvvəlindəki xəritələr əsas götürülə bilər və delimitasiya prosesində üç variantın mümkünlüyü qeyd edilir. Birincisi, siyasi metodologiya. Söhbət Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid xəritələrin əsas götürülməsindən gedir. İkincisi, xronoloji metodologiyadır. Bu sovetləşmə başladığı dövrdən ardıcıl şəkildə ermənilərə verilən ərazilərimizin qaytarılması ilə nəticələnə bilər. Üçüncüsü, bütün xəritələrin bir kənara qoyulması və sərhədin qarış-qarış müəyyənləşdirilməsidir. İlk iki variant Qərbi Azərbaycan ərazisinin böyük hissəsinin azad edilməsi və azərbaycanlıların tarixi torpaqlarına qayıdışının önünü açır. Sərhədin qarış-qarış müəyyən edilməsi prinsipi mövcud mövqelərin saxlanılmasına, ordumuzun 44 günlük müharibədən sonra nəzarətə götürdüyü strateji yüksəkliklərdə möhkəmlənməsinə imkan verir.

Rəsmi Bakı Ermənistana seçim təqdim edə bilər. XX əsrin xəritələrinin kənar qoyulması və sərhədin qarış-qarış prinsipinə uyğun müəyyən edilməsi qarşılığında azərbaycanlıların tarixi yurdlarına qayıdışının təmin edilməsi ikinci ssenarini aktuallaşdırır. Məsələ danışıqlar masasına daxil edilə və diplomatik-hüquqi yolla həll oluna bilər. Əslində Qərbi azərbaycanlıların qayıdışı məsələsi ötən il Brüsseldə keçirilən danışıqlara daxil edilib. 2023-cü ilin 15 iyulunda Brüsseldə bir araya gələn tərəflər öz ərazilərində milli azlıqların hüquqlarının təmin edilməsinə təminat verməyə qarşılıqlı şəkildə razılaşıblar. Bu, azərbaycanlıların tarixi torpaqlarına təhlükəsiz şəraitdə qayıtması, ermənilərin isə Qarabağda Azərbaycan vətəndaşı kimi yaşamağa davam etməsi demək idi. Rəsmi Bakı erməni separatizminin ləğv edilməsi, Xankəndidə üçrəngli bayrağımızın qaldırılması şərti ilə bu məsələyə problem yaratmırdı. Lakin Ermənistan azərbaycanlıların qayıdışına danışıqlar masasında hə desə də, reallıqda buna qarşı çıxırdı. Brüssel razılaşmasından iki ay sonra - 20 sentyabrda Qarabağda separatizmin ləğv edilməsinin ardınca ermənilərin kütləvi şəkildə Ermənistana qayıtmasının arxasında rəsmi İrəvanın bu planının olduğu da istisna edilməməlidir. Erməniləri Qarabağı kütləvi şəkildə tərk etməyə sövq edən rəsmi İrəvan bununla azərbaycanlıların qayıdışına razılaşmanı da sıradan çıxarmağa cəhd etdi. Hərçənd beynəlxalq hüquq və reallıqlar, azərbaycanlıların qayıdışı perspektivinin mümkünlüyünü ehtiva edir və bunun üçün ermənilərin Qarabağa yenidən köçürülməsi şərtini irəli sürmək imkanı da yoxdur. Çünki Qərbi azərbaycanlılardan fərqli olaraq işğal dövründə Qarabağda yaşamış ermənilər beynəlxalq hüquqa görə qaçqın sayılmır.

Tacir SADIQOV,

"Respublika".