Fasiləsiz və dayanıqlı qaz təchizatı təmin olunub
Sosial həyat

Fasiləsiz və dayanıqlı qaz təchizatı təmin olunub

Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları çərçivəsində əhalinin sosial rifahının yaxşılaşdırılması, enerji təminatı məqsədilə respublikanın müxtəlif bölgələrində qaz təchizatının təmin edilməsi və yaşayış ərazilərinin qazlaşdırılması davam etdirilir.

"Azəriqaz" İB-nin məlumatına görə, son 1 ildə birliyin daxili maliyyə resursları çərçivəsində müxtəlif bölgələrin 49 yaşayış məntəqəsində və 68 yeni yaşayış massivində qazlaşdırılma işləri həyata keçirilmişdir. Yaşayış ərazilərinin qazlaşdırılması layihələri çərçivəsində respublikada 400 kilometrə yaxın, o cümlədədn Bakı şəhərinin yeni yaşayış massivlərində 40 kilometrə yaxın müxtəlif diametrli qaz boru kəmərləri çəkilmişdir.

Qeyd olunub ki, dövlət qayğısı ilə əhatələnmiş şəhid ailələrinin və Qarabağ müharibəsi iştirakçılarının sosial rifahının daha da yüksəldilməsi üçün onların yaşadıqları fərdi yaşayış evlərinin istehsalat birliyinin daxili imkanları hesabına qazlaşdırılması işləri geniş vüsət almışdır. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində ölkə ərazisində əhali sektorunun qazlaşdırılması səviyyəsi 96,3 faizə çatmışdır. Son 1 ildə 67 min yeni abonent qeydiyyata alınmış və təbii qazdan istifadə edən abonentlərin ümumi sayı 2478224-ə çatmışdır. Bütün abonentlər qaz sayğacları ilə təmin olunmuşdur. Yeni abonentlərdə yeni nəsil "smart" qaz sayğaclarının quraşdırılmasına da start verilmişdir. Bu sayğacların gələcəkdə İOT texnologiyasına qoşulması ilə avtomatlaşdırılmış müasir nəzarət və uçot sisteminin yaradılması mümkün olacaqdır ki, bunun nəticəsində qaz uçotu məsələlərində abonentlərin rahatlığı tam şəkildə təmin ediləcəkdir. Eyni zamanda, müasir qaz tənzimləyici şkafların quraşdırılması işləri də davam etdirilmişdir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırlması və texniki qaz itkilərinin azaldılması məqsədilə ümumən 110 kilometrə yaxın qaz boru kəməri, o cümlədən Bakı şəhərində 60 kilometrə yaxın müxtəlif diametrli qaz boru kəmərləri əsaslı təmir olunmuşdur. Bu tədbirlər nəticəsində qaz itkiləri əhəmiyyətli dərəcədə azalmış, fasiləsiz və dayanıqlı qaz təchizatı təmin olunmuşdur.

Müştəri məmnuniyyətinin təmin edilməsi, müştərilərə göstərilən xidmətin keyfiyyətinin artırılması, şəffaflığın təmin olunması məqsədilə Bakı şəhəri və regionlarda fəaliyyət göstərən "Asan Xidmət" və "Asan kommunal" mərkəzlərində qaz təchizatı ilə bağlı 21 növ xidmət göstərilir. Bu xidmətlərin elektronlaşması istiqamətində işlər aparılır. Son 1 ildə qaz təchizatı ilə bağlı qeyd olunan mərkəzlərə 483 minə yaxın vətəndaş müraciəti daxil olmuş və vətəndaşlara müxtəlif xidmətlər göstərilmişdir.

Əməliyyat səmərəliliyinin artırılması və müasir idarəetmə prinsiplərinin tətbiqi məqsədilə qaz təsərrüfatının müxtəlif istiqamətləri üzrə ISO 9001 keyfiyyətin idarə edilməsi sisteminin tətbiqi də uğurla davam etdirilmişdir. Müştərilərdən daxil olan müraciətlərə, çağırışlara operativ baxılması və tədbirlərin görülməsi üçün 104 çağrı mərkəzi yeni formatda, müasir informasiya-kommunikasiya texnologiyalarından və avtomatlaşdırılmış elektron proqram təminatından istifadə etməklə öz fəaliyyətini davam etdirir. Sakinlərin rahatlığının təmin olunması məqsədilə pilot layihə olaraq ilkin mərhələdə Bakı şəhəri və Abşeron rayonu üzrə təmir-bərpa işləri zamanı qaz təchizatında dayanmaların vaxtı barədə daha operativ məlumatlandırılması üçün vətəndaşlara SMS bildirişlərin göndərilməsi təşkil olunmuşdur.

Sahibkarlığın inkişafına dəstək, qaz təminatı ilə bağlı vətəndaşları və sahibkarları narahat edən problemlərin müraciətlərin operativ həlli, onların və müraciətlərinin rahat şəkildə "Azəriqaz" İB-yə çatdırılması üçün son bir ildə müxtəlif ünvanlarda 138 "Açıq mikrofon" səyyar qəbullar keçirilmişdir. Facebook sosial şəbəkəsi üzərindən canlı yayımlanan, media və QHT nümayəndələri, sosial şəbəkə fəalları üçün hər həftə "Azəriqaz" İB-də "Açıq qapı" aksiyası davam etdirilmişdir. Görülən işlərə ictimai nəzarətin və şəffaflığın təmin olunması məqsədilə, "Azəriqaz" İB-nin yanında yaradılmış vətəndaş cəmiyyəti üzvlərindən ibarət İctimai Şura ilə sıx əməkdaşlıq daha da genişlənmişdir.

"Azəriqaz" İB-nin facebook və instagram səhifələri vasitəsilə şikayət və müraciətlərin qəbulu, onların müsbət həlli istiqamətində işlər davam etdirilmişdir. Yaxın perspektivdə əsas hədəflər "Azəriqaz" İB tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, müştəri tələblərinin maksimum təmin olunması, qaz təchizatı şəbəkəsinin müasir standartlara uyğun olaraq modernizasiyası, əməliyyat səmərəliliyini artıran müasir texnika və texnologiyaların tətbiqi, idarəetmə prinsiplərinin təkmilləşdirilməsindən ibarətdir.

İstehsalat Birliyi bildirir ki, ölkə qaz təsərrüfatında həmişə olduğu kimi, bundan sonra da dövlətimizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, xalqımızın rifahının daha da yüksəldilməsi naminə var qüvvə ilə çalışacaq, qarşıya qoyulmuş mühüm vəzifələrin yerinə yetirilməsinə nail olacaqlar.

M.NƏRİMANOĞLU,

"Respublika".